edv“Dövlət zəmanəti ilə verilən kreditlərin qaytarılması, dövlət tərəfindən ödənilməsinin səbəbləri büdcə zərfində əksini tapmalıdır”.

araz.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O bildirib ki, dövlət borcu ilə əlaqədar rəqəmin kəskin azaldılması ondan xəbər verir ki, Prezidentin imzaladığı Fərman uğurla həyata keçirilir: “DSMF və İşsizlikdən Sığorta Fondu ilə bağlı Sahil Babayev çıxış etdi. İşsizlikdən Sığorta Fondunun xərclərinə hər il qənaət edilir. Bu vəsaitə niyə qənaət edilir? Bu vəsaiti xərcləmək lazımdır. Bunu nəzərə almağınızı xahiş edirəm. Bu vəsaiti əlillərə, qocalara, xəstələrə xərcləmək lazımdır. Bununla bağlı hansısa qanuna dəyişiklik edilməlidirsə, edək. Bu il ilk dəfə müsbət hal odur ki, Dövlət Neft Fondundan transfertlər azalır. Bu, çox müsbət addımdır”.

Deputat qeyd edib ki, peşə təhsilinin inkişaf etdirilməsi üçün ciddi addımlar atılmalıdır: “Digər tərəfdən, burada toxunuldu ki, cari xərclərin artırılması nəzərdə tutulur. Cari xərclərin miqdarı gələn ildə də kifayət qədər artırılır. Büdcə daxilində də dəyişikliklər edilir. Bunun üçün “Büdcə sistemi haqqında” qanunda hədd müəyyən edilməlidir. Əhalini ən çox narahat edən məsələ qiymət artımıdır. Biz maaşları, pensiyaları nə qədər artırsaq da, qiymət artımını qarşılaya bilməyəcəyik. Qiymət siyasətində müəyyən məsələləri həll etməliyik. Digər tərəfdən, bütün məhsullara 18% ƏDV qoyuruq. Gündəlik tələbat mallarına niyə 18% ƏDV tətbiq etməliyik? Beynəlxalq təcrübə var. Bu məsələni bir neçə dəfə qaldırmışıq. Xahiş edirəm bu məsələyə diqqət yetirəsiniz”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.