TALIS55

Özünü “RUN Group” şirkətinin prezidenti kimi təqdim edən İranə Talışxanova hazırda həbsdədir. Ondan əvvəl isə qeyri-rəsmi münasibətdə olduğu Rəşad Cəfərov həbs edilib. Onların hər ikisi külli miqdarda dələduzluqda ittiham edilir.

araz.az  musavat.com-a istinadən bildirir ki, həbs edilən sevgililər həm Azərbaycanın, həm də  Türkiyənin ən məşhur tikinti şirkətlərinin nümayəndələrini də aldadıblar.

Onlar özlərini milyonlarla dəyəri olan layihələrin icraçısı kimi təqdim ediblər. Bakıda bahalı biznes mərkəzlərində ofisləri olub. Tikinti şirkətlərinin rəhbərlərindən həmin layihələrin icrasının onlara verilməsi qarşılığında külli miqdarda pul alıblar.

Talışxanova və sevgilisinin iş adamlarına təklif etdiyi layihələrin dəyəri 150-200 milyon civarında da olub.

Maraqlıdır ki, aldadılan şəxslərə əsasən Göygöl rayonu ərazisində nəhəng layihələrin həyata keçirilməsi vədləri verilib. Bunun üçün bəzi hallarda rayon icra hakimiyyətindən əldə edilmiş rəsmi sənədlər də iş adamlarına təqdim edilib.

Talışxanova əlaqə yaratdığı iş adamlarına Göygöl rayonu ərazisində milyonlarla manat dəyəri olan istirahət mərkəzləri, zavodlar, məktəblər və digər rəsmi qurumlar üçün tikintilər aparacaqlarını söz verib. Özünü iş adamı kimi təqdim edən bu xanım icra başçıları, vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu, buna görə də böyük tenderlərin ona verildiyini bildirib.

Talışxanova və Rəşad Cəfərov Bunun qarşılığında isə adətən layihəyə ayrılacaq pulun 1-2 faizini və ya özlərinin əvvəldən müəyyən etdikləri məbləğləri tələb edirmişlər.

Aldadılan türkiyəli iş adamları arasında “ULTRA İNŞAAT”ın rəhbəri Halil Kırbalid də var. İranə Talışxanova iş adamına Göygöl rayonunun Qırıqlı kəndində, Göygöl şəhərində, rayonun Topalhəsənli kəndində orta məktəb binalarının və Göygöl şəhərində otel binasının tikinti layihələrinin ona həvalə edildiyini deyib. Bu layihələri Halil Kırbalidə vermək üçün ondan 100 min manata yaxın pul alıb.

İstintaq zamanı müəyyən edilib ki, İranə Talışxanova digər iş adamlarına da eyni layihələri təklif edərək müxtəlif məbləğlərdə pul alıb.

İranə Talışxanova prezidenti olduğu “RUN Group”a  Göygöl rayonunun Hacıkənd yolunun sağ hissəsində yerləşən ərazisində “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin, Göygöldə tikiləcək 150 milyon dəyəri olan “Resort Hotel” Kompleksinin tikintisinin də verildiyini iş adamlarına çatdırıb. Talışxanova guya bu işləri tək çatdıra bilmədiyini, buna görə layihələrin bir çoxunu yaxın olduğu iş adamlarına verdiyi deyib.

Aldadılan iş adamları arasında “Amal+A” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru da olub. Ona da Göygöl rayonu ərazisində orta məktəb və bağça binasının tikinti layihələrinin icrasının veriləcəyi deyilib və külli miqdarda pulu alınıb.

Ən diqqət çəkəni isə Talışxanovanın iş adamlarına Çindən Azərbaycana 500 milyon dollar dəyərində investisiya ayrılacağını deyib. Bu investisiya ilə Göygöldə bir ədəd sağlamlıq mərkəzi, bir ədəd otel və bir ədəd “Nişasta” zavodu tikiləcəkmiş.

Aldadılan iş adamları deyir ki, İranə Talışxanova bahalı biznes mərkəzlərində oturub, özünü iş adamı kimi təqdim etsə də onun həqiqətən də icra başçıları, vəzifəli şəxslərlə əlaqələri olub. Əsasən Göygöl rayonunda olan layihələri iş adamlarına təklif etməsi onun rayonun icra başçısı ilə yaxın əlaqələrindən xəbər verir.

İş adamları qeyd edir ki, İranə Talışxanova rayon icra hakimiyyətindən aldığı bir çox rəsmi sənədləri onlara təqdim edib. Hətta icra hakimiyyətinin belə İranə Talışxanovanın fəaliyyətindən xəbəri olub. İranə Talışxanova rayon icra hakimiyyətinin bir çox tədbirlərində də iştirak edib.

Maraqlı başqa bir məqam isə budur ki, İranə Talışxanova şirkətinin fəaliyyəti ilə bağlı mütəmadi olaraq yerli mediada məlumatların dərc olunmasına da nail olub. Şirkətin səhiyyə, təhsil və başqa sahələrə töhfə verməsi ilə bağlı yazılar internet resurslarında yer alır.

Hətta dövlət informasiya agentliklərində belə ““Run Group”dan daha bir möhtəşəm layihə” başlığı ilə yazılar da var.

Həmin yazıda qeyd edilir ki, “Run Group” şirkəti Azərbaycana xarici ölkələrdən investisiyalar cəlb etməyə davam edir və növbəti  layihə Nişasta zavodunun inşasıdır. Bunun üçün Çin Milli İdxal-İxrac Korporasiyası (CNTIC) və Böyük Britaniyanın “Athene Capital” Fondu ilə İranə Talışxanovun şirkəti əməkdaşlığa başlayıb.

Həmin yazıda qeyd edilir: “Göygöl şəhərində 20 hektarlıq ərazidə yerləşəcək nişasta zavodu istismara veriləndən sonra burada 650 nəfərlik iş yeri açılacaq. Zavodda nişasta istehsalı üçün gündəlik 800 ton buğda emal edilə biləcək…

Göygöl Nişasta Zavodunun 2020-ci ilin sonunadək tikilib başa çatdırılması gözlənilir. Lakin zavod “Run Group”un ilk istehsal layihəsi olduğundan şirkət onu planlaşdırıldığından daha erkən istifadəyə vermək əzmindədir”.

Məlumata əlavə edilir ki, bu, “Run Group”un Göygöldəki yeganə layihəsi deyil.

“Şirkət Göygöldə daha 2 böyük müəssisənin inşasını həyata keçirəcək. Onlardan biri Azərbaycan brendi olacaq otel, digəri isə otel tipli sağlamlıq mərkəzidir. Müvafiq olaraq 16 və 3 hektarlıq ərazidə yerləşən otel və sağlamlıq mərkəzi Azərbaycanın turizm və səhiyyə sektorunun inkişafına yeni töhfə olacaq. Bundan əlavə, “Run Group” öz gəlirləri hesabına həyata keçirdiyi çoxsaylı sosial layihələr çərçivəsində Göygöl rayonunda uşaq bağçası və orta məktəblər tikir. Onlardan Topal Həsənli və Qırıqlı kəndlərində 264, Göygöl şəhərində isə 480 şagird/yerlik məktəblərin, eləcə də bir uşaq bağçasının tikintisinə başlayıb. “Run Group”un sosial layihələri sırasında, həmçinin, burada bir peşə məktəbinin layihələndirilməsini də həyata keçirilir”,- deyə şirkətin dövlət agentliyində dərc edilən məlumatında yazılır.

Bu məlumatdan da görünür ki, İranə Talışxanova qeyd edilən layihələrin icrasını üzərinə götürüb. Layihələr ona verilməsə, dövlət agentliyində necə dərc edilə bilər?

İş adamlarının da qeyd etdiyi kimi, İranə Talışxanovanın belə böyük layihələri təkbaşına üzərinə götürməsi mümkün deyil. İndi ortaya çıxan nəticə budur ki, İranə Talışxanovaya doğurdan da bu layihələr vəd edilib, verilib. O da ayrı-ayrı iş adamlarını bura cəlb edərək pul alıb. Lakin sonradan bütün bu layihələr ondan alınıb. Və ya Talışxanova bu işlərdə vasitəçi kimi istifadə edilib və iş adamlarının pulları ələ keçirilib.

Bildirək ki, Rəşad Cəfərov həbs edilib və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. İranə Talışxanovanın cinayət işi üzrə araşdırma isə davam edir.

Maraqla gözlənilən budur- İranə Talışxanova bütün bu işləri təkbaşına etdiyini deyəcək, yoxsa onu tora salan məmurların adını çəkəcək?

Mövzu ilə bağlı araşdırmamız davam edir. İranə Talışxanovanın rəhbəri olduğu şirkətin bu günə qədər hansı məmurların şirkətləri ilə əməkdaşlıq etdiyi, əsasən də Göygöl Rayon İcra Hakimiyyəti ilə əlaqələri barədə növbəti yazımızda məlumat verəcəyik.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.