xaker.jpg

“Bankdan on milyon oğurlayıb eyni banka qoydum, ilkin 500 min, illik 3 faiz pul təklif etdilər! Arxada onlara gülürdüm…”

Bir neçə gün əvvəl erməni saytlarına hücumu ilə gündəmə gələn Digital.mystery  ləqəbli azərbaycanlı haker Minval.info saytının əməkdaşına danışıb.

O, gördüyü işlə bağlı əsl adını və üzünü gizlədir. Bu səbəbdən biz də müsahibimizin istəklərinə uyuruq.

–       Necə oldu haker olmaq qərarına gəldin?

–        11, 12 yaşlarımda internet klublara gedirdim, yaşıdlarım, məndən böyüklər oyun oynayanda, bir rus var idi, kodlar vasitəsilə nəsə yazıb yeni səhifəyə keçirdi. Maraqlı gəldi və onunla söhbət etməyə başladım, mənə etdiyi iş haqqında danışdı, sayt hazırladığını dedi. Bir neçə gün onu izləyib, nəhayət, kompüter qarşısına keçdim, özümü yoxladım. Onda hiss elədim ki, məndə bu var, hər gün öz üstümdə işləyirdim. Artıq 2005-2006-cı illərdə mükəmməl səviyyədə sayt yığa bilirdim. Həmin ərəfədə hakerliyə maraqlı saldım və öyrənməyə başladım. Bir il sonra profesional sayılacaq qədər çox şey bilirdim.

–       Hər kəs haker ola bilər, yoxsa hansısa kriteriyalar var?

–        Haker o deyil ki, sən kodları və proqramları yaxşı bilirsən, dil biliyin var. Əslində haker olmaq üçün xüsusi qabiliyyət tələb olunmur. Hakerlərin güclü araşdırmaq və çıxış yolu tapa bilmək qabiliyyəti olur, olmalıdır.

–       İki vur iki həmişə dörd edir?

–        Bizdə iki vur iki dörd etmir, əksinə, iki vur iki beş olur. Çünki dörd cavabını hamı bilir, mən iki vur ikini beş etməliyəm ki, nə sən tapa biləsən, nə də başqası.

–       Həqiqi cavab beşdir, yoxsa sən onu elə qələmə verirsən?

–        İkinci, əgər sən cavabı tapa bilsən, yazdığım kodda səhv tuta bilərsən, ona bizim dildə “oşibka” deyilir. Proqramistlər hücumlardan qorunmaq üçün belə (iki vur iki beş edir) üsullara əl atır, hakerlər isə onları axtarıb tapır, öz mənfəətləri üçün istifadə edirlər. Mən isə Azərbaycan saytlarını xarici hakerlərin hücumlarından qorumaq üçün səhvlərini bildiriş vasitəsilə onlara yazıram. Hazırda virtual müharibə gedir və mən bu müharibədə xarici hücumlara qarşı Azərbaycanın mövqeyini qorumağa çalışıram, onun üçün əlimdən gələni edirəm. Qısaca hakerləri iki qrupa bölə bilərik. Birincilər saytları, hesabları qırdığı halda digərləri onları qorumağa çalışır. Mən isə özümü ikincilərə, yəni qoruyucu hakerlərə daha yaxın hiss edirəm.

–       Haker deyəndə hər kəsin ağlına birinci bank oğurluğu gəlir. Sən necə, heç bankdan oğurluq etmisən?

–        Xarici, xüsusilə düşmən banklarından dəfələrlə oğurluq etmişəm. Onları ehtiyacı olan insanlara və kasıb ölkələrə göndərmişəm. Əldə etdiyim pulların müəyyən qismini Azərbaycan Respublikasının büdcəsinə transfer etmək istəsəm də, konstitusiya buna icazə vermədiyi üçün edə bilməmişəm.

–       Deməli pulları sadəcə xeyriyyə məqsədilə istifadə edirdin…

–        Açıq danışaq, mən kasıb böyümüşəm, cavan yaşımda isə əlimə külli miqdarda pul düşdü, dünya səyahətinə çıxdım, özümə maşın aldım, indi isə nə maşınım var, nə pulum…

–       Səbəb nə idi?

–        Onda başa düşdüm ki, pulları xeyriyyə məqsədilə istifadə etsəm, daha yaxşı olar. “Uşaqlar var, şərait yoxdur”. Onda da şərait var idi, amma mən uşaq deyildim. Çünki bu işə başlayanda qarşıma məqsəd qoymuşdum, əldə etdiyim pulları ehtiyacı olan insanlara göndərəcəkdim.

–       Yeri gəlmişkən, dini inancın var?

–        Əlhəmdülillah, dinimiz islamdır, ibadətlə məşğul oluram.

–       Bəs islamda oğurluq günah sayılmır?

–        Öz ehtiyaclarımı ödəmək üçün bunu etmiş olsaydım, hə, onda bu, günah sayılardı. Amma mən bunu ehtiyacı olan insanlara görə etmişəm. Təbii ki, hər kəsin pulunu mənimsəmirdim, xüsusilə yuyulmaq məqsədilə banka qoyulmuş qara pullar və dondurulmuş hesablar əsas hədəfim idi. Söhbət çirkli pullardan gedir, hesab sahiblərinin qeyri-qanuni yollarla insanlardan oğurladığı pulları mən götürüb ehtiyacı olan insanlara geri qaytarırdım.

–       İnsanlara hansı formada yardım edirdin?

–        Facebookda fake hesab açıb səhhəti ilə bağlı yardıma ehtiyacı olan insanları tapdım və onlara əməliyyat üçün lazım olan məbləği göndərdim. Əlimdə on milyona yaxın pul var idi və onları yerli-dibli məhv etməyi, ehtiyacı olanlara göndərməyi qarşıma məqsəd qoymuşdum. Daha sonra adicə məscid tikintisinə iki milyon dollar kömək etmişəm. Təbii ki, pulların necə və hara istifadə olunduğunu onlar mənə mail vaasitəsilə yazırdı. Beləcə sözügedən məscidin tikintisi tamamlandı, hazırda qapıları insanların üzünə açıqdır.

–       Söhbət külli miqdarda puldan gedir. Onları harada saxlayırdın?

–        Pulları xarici banka yatırdım, müqabilində mənə ilkin 500 min və illik 3 faiz pul təklif etdilər. Mən isə onlara gülürdüm, çünki on milyonu eyni bankdan oğurlayıb eyni banka da qoymuşdum. İfşa olunmağım an məsələsi idi, ona görə də pulları əritməyə tələsərdim. Bundan başqa Türkiyədə təhsil alan iki minə yaxın azərbaycanlı tələbəyə təqaüd ayırdım. Digər pulları isə bankdan çəkə bilmədim, çünki ifşa olunmuşdum.

–       Bank oğurluğundan başqa haker kimi nələr etmisən?

–        Getdiyim ölkələrdə hündürmərtəbəli binaların xarici görkəmini işıqlandıran sistemi dəyişib Azərbaycan bayrağı etmişəm. Türkiyənin bəzi telekanallarında, məsələn, Kanal D-də canlı yayım zamanı azan vermişəm.

–       Azərbaycandan getməyinə səbəb nə idi?

–        Heç vaxt dövlətimə qarşı qeyri-qanuni mövqedə olmamışam. Bütün fəaliyyətim düşmən ölkəyə və qeyrilərinə yönəlib, Azərbaycan bayrağını əlimdən gəldiyi qədər həmin ölkələrdə dalğalandırmışam, hələ də dalğalandırıram. Lakin hakerlik fəaliyyəti məzmunundan asılı olmayaraq qanunsuz hesab edildiyi üçün məni Azərbaycanda çox sıxışdırdılar. Yenə də deyirəm, mən dövlətimi sevirəm, həddən artıq vətənpərvər insanam, könüllü hərbi xidmətə getmişəm, nə dövlətimizə, nə də dövlət başçımıza sözüm var. Və heç kim deyə bilməz ki, sən Azərbaycandan qaçdın! Sadəcə olaraq mən Azərbaycanda fəaliyyətimlə rahat məşğul ola bilmədim, hazırda xarici bir dövlətdə olsam da, Azərbaycan saytlarını daim qoruyuram. Bu yaxınlarda İran hakerləri ilə bizim hakerlər arasında virtual müharibə başlamışdı. Belə ki, iranlı hakerlər Azərbaycanın dövlət saytını dağıtdıqları üçün bizim hakerlər onların məhz haker saytını dağıtmışdı, bu isə azərbaycanlı hakerlərin nə qədər güclü olduğunu göstərir.

–       Sosial şəbəkələrdən danışaq, facebook-dan istifadə edirsən?

–        İnstagram istisna olmaqla facebook və digər sosial şəbəkələr daha çox haker hücumlarına  məruz qaldığı üçün istifadə etmirəm. Bir haker digərinin hesabını qırırsa, bu, hesabı qırılan hakerin zəifliyi hesab olunur. Sözügedən şəbəkələr isə mənə aid olmadığı üçün işimi nə qədər yaxşı bilsəm də, ehtiyatı əldən verməyi düşünmürəm.

        Hər hansı məqsədlə pul müqabilində sənə müraciət edən insanlar olur?

–        Xüsusilə məşhur müğənnilər, tanınmış şəxslər mənə müraciət edir, pul qarşılığında Youtube-dan, xəbər saytlarından hər hansı videonun və ya xəbərin silinməsini istəyirlər.

–       Azərbaycana qayıtmağı düşünürsən?

–        Ora mənim vətənimdir, damarlarımda azərbaycanlı qanı axır. Ona görə də qayıdacağam, amma hakerliyi buraxandan sonra, yaxın zamanda deyil. Hazırda Azərbaycanda olmasam da, elə bir sistem yaratmışam ki, Azərbaycanı virtual olaraq gəzə bilir, küçələrinə, parklarına baxa bilirəm.

–       Robin Hood da varlılardan oğurlayıb kasıblara paylayırdı. Səni rəqəmsal dünyanın yeni Robin Hoodu saymaq olar?

–        Deməzdim, çünki mənə bacarığı Allah verib, mən isə ondan yaxşı məqsədlə istifadə etmişəm. Təbii ki, etdiyim xeyriyyə işləri haqqında sizə danışmaq istəməzdim, çünki Allah yolunda etmişəm. Mən sadəcə hesab oğrusuyam, siz isə söz –  Təbrik edirəm, siz məndən bu sözləri oğurlaya bildiniz!

Fərid Özay / Minval.info

araz.az xəbər portalı.