Qərbi Afrika dövləti olan Toqonun paytaxtı Lomoda bir çox insanı qorxudacaq bazar yerləşir. Bu bazar sıradan meyvə -tərəvəz bazarı deyil.
Sözügedən bazara bir insanın getməsi üçün öncədən psixoloji hazırlıq görməsi lazımdır. Bu bazarı ziyarət etdikdən sonra da ayrı bir psixoloji yardım lazımdır. Haqqında bəhs etdiyimiz bazarın adı Akodessevadır.
Akodesseva bazarı olduqca qorxunc mənzərəyə ev sahibliyi edir. Burada bir çox növ heyvanların hissələri açıq şəkildə satılır. Hətta insan skeletləri də satışa çıxarılan mallar arasındadır.
Bu bazarın yaxın zamanlarda Toqo hökuməti tərəfindən bağlanacağı da bildirilir. Buna səbəb isə qanunsuz heyvan ovunun qarşısını almaqdır.
Bazarda işləyən satıcılar qanunsuz şəkildə it, timsah, meymun və s. bu kimi heyvanların başlarını kəsib satır. Turistlər tərəfindən də olduqca maraqla qarşılan və çox sıx şəkildə ziyarət edilən bu bazara “skelet bazarı” adı verilib.
Vuda dininə inanan yerli sakinlər rahiblərdən tövsiyyə almaq və şəfa tapmaq üçün bu bazara gəlirlər. Məlumat üçün bildirək ki, Vuda dini Qərbi Afrika mənşəli animist bir dindir. Bu dinə Qərbi Afrika və Mərkəzi Amerikada otuz milyondan çox insan sitayiş edir.
Lakin sözügedən şəfa müxtəlif heyvanların quyruğu, kəllə sümüyü və ya dərisində axtarılır. Yerli inanclara görə, heyvanların başları insanları uğursuzluqdan qoruyur. Bu dinə aid olan önəmli məqamlardan biri də bu bazarda satılan “körpə oyuncaq vudu”lardır. Bu oyuncaqlar cadu üçün istifadə olunur.
Onu da qeyd edək ki, Lomoda yerli sakinlər cadugərlərə hörmət edirlər. Toqo əhalisnin yüzdə 51 faizi “Vudu” dininə inanır.
Qeyd edək ki, buna bənzər bir bazar da İndoneziyada yerləşir. Buradakı bazarda isə itlər, meymunlar, ilanlar, donuz, pişik və siçanlar boğularaq öldürülür. Daha sonra heyvanları ütərək, hisə verib, satışa çıxarırlar.
Turan Oruc,
Musavat.com
araz.az xəbər portalı.