etibar-eliyev-300x241.jpg

“Təzadlar” qəzetinin saytında “Tanınmış jurnalist rektor Ədalət Muradova müraciət etdi” başlıqlı yazı oxudum. Müraciət edən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin özüdür. Təzada baxın: özü-özünə “tanınmış” deyir. Yaxşı, nə desin?! Reket deməyəcəkdi ki! Reket ona cəmiyyətdə deyirlər. Onun reketçiliklə məşğul olmasını hətta Mətbuat Şurası da etiraf edib. Həmin qurum 2009-cu il oktyabrın 23-də belə bir məlumat yayıb: “Mətbuat Şurası “reket qəzet”lərin yeni siyahısını açıqlayıb. Şuranın şikayətlər üzrə komissiyasının təqdimatı əsasında “Xəbər xətti”, “Hüquq və ittiham”, “Qanun və nəzarət” qəzetləri “reket qəzet” elan olunub. Mətbuat Şurası “Azərbaycan dünyası brifinq” qəzetinə xəbərdarlıq edib. Mətbuat Şurası “Təzadlar” qəzetinin fəaliyyətində mətbu reketçilik əlamətlərinin mövcud olduğunu bəyan edib. “Təzadlar”la bağlı ayrıca müzakirə aparılıb və bu nəşrin adının “qara siyahı”ya salınması barədə qərar qəbul edilib”.

Beləliklə, reket qəzetin baş redaktoru İqtisad Universitetinin rektorundan əl çəkmir. Ona ötürülən yalançı informasiyaları reket süzgəcindən keçirib özündən başqa bir neçə nəfərin oxuduğu qəzetində durmadan, təkrarən dərc edir.

Açığı, mənim Mərziliyə cavab vermək haqqım var. Çünki mən həmin universitetdə İctimai Nəzarət Şurasının üzvüyəm. Mənimlə birgə həmin Şuranın üzvləri tanınmış və nüfuzlu şəxslərdir: millət vəkili Hikmət Babaoğlu, professor Şahlar Əsgərov, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Arzu Nağıyev, Elşad Eyvazlı, Məlahət Mürşüdlü və s. Biz artıq 3 ildir ki, bu ali məktəbdə imtahanların gedişatına nəzarəti təşkil edir, tələbələr arasında anonim sorğular təşkil edir və ən əsası isə ali məktəb rəhbərliyinin iştirakı olmadan “Açıq qapı” keçiririk. Apellyasiya şikayətlərini dinləyirik. Asif Mərzili, mən də daxil olmaqla, bu şuranın əksər üzvlərini tanıyır. Bundan əlavə rektor Ədalət Muradov hər semestrdə jurnalistlərə universitetdə keçirilən sessiyalarda, Elmi Şuranın iclaslarında iştirak etməyə çağırış edib. Asif Mərzili nə əcəb “tanınmış” jurnalist kimi bu işlərə qoşulmayıb, axı onun təhsil sahəsində yeganə mövzusu UNEC və onun rektorudur?!

asif

Asif Mərzili müraciətində yazır: “Axı 25 ildir nəşr olunan, hər şeyini itirsə də KİV şərəfini və imicini qoruyub saxlayan, Azərbaycanın görkəmli şəxsiyyətlərinin – Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Nurəddin Rzanın, professor İlham Rəhimovun… adı İdarə Heyətində olan bir qəzetin imicini niyə professorluğu şübhəli olan Ədalət Muradovun inadkarlığına qurban verməliyik??? Siz, sadəcə, nəyə və ya kiməsə arxalanaraq bizim 25 illik işgüzar nüfuzumuzla alver etmək istədiniz. Lakin biz dözdük, səbr etdik, şərtlərinizi-xahişinizi lütfən nəzərə aldıq”.

Diqqət edin, bu adam çirkli niyyətlərini həyata keçirmək üçün dünyasını dəyişmiş 3 görkəmli şəxsin adından istifadə edir. Reketçiliyin də işgüzar nüfuzu olur? Bu, nadürüstlükdür… Bu yaxınlarda Mətbuat Şurasının qurultayında 11-i jurnalist, 7-si ictimaiyyət nümayəndələri, 5-i internet informasiya resursu təmsilçiləri olmaqla, 23 nəfərdən ibarət İdarə Heyəti seçildi. Asif Mərzilinin adı bu təsnifatların heç birinə aid edilmədi. Çünki ortada 25 illik reketçilik var.

Mərzili yazır: “Niyə ADİU-nun büdcə vəsaitləri “differensial əmək haqqı” adı altında tanınmış, böyük əmək stajlı professorlara deyil, Sizə yaxınlığı olan gənc müəllimlərə pay-püşt edilməklə dağıdılır, bunu da üzünüzə vurmadıq… Niyə ADİU-nu inadkarlıq edərək UNEC kimi təbliğ edirsiniz, bunun da səbəbini soruşmadıq…”

İctimai Nəzarət Şurasının çalışdığı müddətdə bir nəfər də olsun bizə əməkhaqqı barədə müraciət etmədi. Mərzilinin söylədikləri böhtandır. Ağlı başında olan adam əməkhaqqı barədə Mərziliyə niyə müraciət edir?

Asif Mərzili Ədalət Muradovun elmi fəaliyyətini hər vəchlə ləkələmə missiyasını üzərinə götürüb. Onun bu məsələyə yanaşması o qədər qərəzli və kəmsavaddır ki, bunun üzərində dayanmaq istəmirəm. Ömrü boyu bir saat dərs deməyən, bir elmi məqalə müəllifi olmayan birisinin elm haqqında danışması nadanlıqdan başqa bir şey deyil. Mərzilinin yalanlarını İqtisad Universitetinin tədqiqat universitetinə çevrilməsi alt-üst edir. Yüksək elmi potensial olmadan Tədqiqat Universiteti modelini ortaya qoymaq qeyri-mümkündür. Bu həm də Mərzilinin başa düşdüyü məsələ deyil.

Mənə çox maraqlıdır: Rektor olduğu müddətdə universiteti ölkənin ən təmiz, ən qabaqcıl ali məktəbinə çevrilən bir alimi niyə hədəfə alır Asif Mərzili? Nə istəyir? Niyə şantaj edir onu? Niyə ona elə gəlir ki, öz aləmində Ədalət Muradovu hakimiyyətin gözündən salır? Hamı bunu yaxşı anlasa da, o bir şeyi anlamır: Ədalət Muradov məhz yaxşı fəaliyyətinə görə hakimiyyət dairələrində hörmətlə qarşılanır. Onun universitetə gətirdiyi müsbət dəyişiklər təqdir olunur, ən başlıcası, xalq arasında deyirlər, o universitetdə rüşvətin kökü kəsildi.

Mən bilirəm ki, həm dövlət qurumları, həm ictimaiyyət, həmçinin Mətbuat Şurası, eləcə də tələbə və müəllimlər doğru yolda olan, ölkə təhsili üçün çalışan bir rektoru istənilən böhtandan qoruyacaq, böhtançının da cavabını verəcəklər.

Asif Mərzili sonda yazır: “Hələlik bu qədər, Ağdamdakı “Dörd yol”da görüşənədək…”

Gördünüzmü? Şəxsi qərəz, şəxsi maraq, görüş, şantaj…

Fransız mütəfəkkiri Andre Kont Sponvilin “Fəlsəfə lüğətində” “Buridan eşşəyi haqqında” məqaləsi yadıma düşdü. Sən demə, XIV əsr fransız filosofu Jan Buridan ona şöhrət qazandıran eşşəyin adını heç bir əsərində çəkməyib. Hansısa düşünülmüş təmsilin mahiyyəti belədir: “Təsəvvür edin ki, aclıq və susuzluqdan eyni dərəcədə əziyyət çəkən eşşək bir vedrə su ilə bir çəngə ot arasında dayanıb. Eşşək su ilə ot arasında seçim edə bilmədiyindən, ac-susuzluqdan ölür. Çox vaxt bu tarixi azad iradənin qeyri-mümkünlüyünün isbatı kimi misal çəkirlər”.

Andre Kont Sponvil “Buridan eşşəyi” məqaləsini belə bitirir: “Bu eşşək haqqında mübahisələr artıq 600 ildir ki, davam edir. Lakin eşşək hələ də ölməyib”.

araz.az xəbər portalı.