Natiq Miri: “Paşinyan Dağlıq Qarabağla bağlı o qədər də radikal mövqe ortaya qoya bilməyəcək”
Arzu Nağıyev: “Heç də demək olmaz ki, Rusiya Paşinyandan imtina edib”
Ermənistanda etiraz aksiyalarının lideri, deputat Nikol Paşinyan tərəfdarlarını mayın 1-də – yeni baş nazir seçkiləri ilə bağlı kütləvi aksiyalar təşkil etməyə səsləyib. Paşinyanın Qarabağ klanının üzvü olmadığını, daha çox qərbyönümlü biri kimi tanındığını qeyd edən bəzi siyasilər hesab edir ki, o, baş nazir olacağı təqdirdə Dağlıq Qarabağ məsələsində radikal addım atmayacaq.
Ancaq atalar əbəs yerə deməyib ki, “İlanın ağına da lənət, qarasına da”. Etirazlarda nüfuzu daha da artan Nikol Paşinyan Qarabağ məsələsində Ermənistanın hazırkı hakimiyyətindən daha sərt mövqeyə sahibdir. O, Qarabağdakı qondarma rejimin Azərbaycanla danışıqlarda əsas tərəf olmasını və Ermənistanın bu prosesdən kənarda qalmasını istəyir: “Azərbaycanı məcbur etmək lazımdır ki, Qarabağ konfliktinin həlli ilə bağlı konstruktiv danışıqlar masasına qayıtsın”.
Onun sözlərinə görə, Bakı “İrəvanın ələ keçirilməsi”ni bəyan etdikcə effektiv danışıqlar aparmaq mümkün olmayacaq. Paşinyan bu açıqlamasında xələfi olmağa hazırlaşdığı uşaq qatili və soyqırım müəllifi Sarkisyandan qətiyyən fərqlənməyib. Radikal millətçi kimi tanınan Paşinyan bildirib ki, Azərbaycan “aqressiv siyasət” aparır, buna görə də ordunu gücləndirəcək. Müxalif lider baş nazir seçiləcəyi təqdirdə ilk işi kimi Qarabağdakı operativ situasiya ilə tanış olacağını deyib.
Ermənistan müxalifətinin lideri Rusiya Dövlət Duması nümayəndə heyəti ilə görüşü zamanı da Azərbaycanın problemin hərb yolu həllində maraqlı olduğu mesajını verib: “Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır. Siz bilirsiniz ki, Azərbaycan çox illər ərzində özünü çox aqressiv aparır və bu hal danışıq üçün mənfi fon yaradır. Biz hər gün Azərbaycandan eşidəndə ki, Ermənistana qarşı müharibəyə başlamağa hazırlaşırıq, Yerevanı zəbt etməyə hazırlaşırıq – belə olan halda əməli dialoq mümkündürmü? İndi elə təsəvvür yaranır ki, Azərbaycanın məqsədi Ermənistanın və Dağlıq Qarabağın kapitulyasiyasıdır. Bu ki cəfəngiyyatdır, bu ki, qeyri-konstruktivdir. Və mən düşünürəm ki, ilk növbədə dialoq, danışıqlar üçün müvafiq atmosfer yaratmaq lazımdır. Biz hesab edirik ki, bunu mütləq etmək lazımdır. Həm Ermənistan, həm, ümumiyyətlə, dünya birliyi bununla bağlı müəyyən nəticələr çıxarmalıdırlar. Bir halda ki, onların məqsədi Ermənistanı məhv etməkdir və onlar başqa heç nədən danışmaq, heç nə eşitmək istəmirlər. İlham Əliyev öz son bəyanatlarında Yerevana daxil olmaq planlarından danışır.
Paşinyan bir az daha irəli gedərək Ermənistanın həmişə dialoqa meyilli olduğunu deyib. Guya Ermənistanın hər bir hakimiyyəti Dağlıq Qarabağ məsələsinin dialoq vasitəsilə həll olunmasının tərəfdarı olub: “Biz kiminsə bu məsələni güc tətbiqiylə çözmək qərarında olduğu qənaətinə gəlməyə əsas verən ritorikanı istisna etməliyik.
Belə şey olmamalıdır. XXI əsrdir, biz mədəni ölkələrik, hər halda Ermənistan… Ümidvaram, siz bunu son 20 ildə görmüsünüz. Lakin bu, o demək deyil ki, mədənilik zəiflik kimi yozulmalıdır. Azərbaycan tərəfindən Dağlıq Qarabağda hər hansı təxribat törədilsə, biz bütün daxili siyasi problemlərimizi bir yana qoyub, yalnız vətənimizin müdafiəsi ilə məşğul olarıq”.
Görünür, hazırda Ermənistandakı geniş etirazçı kütlənin lideri olan radikal millətçi Nikol Paşinyan Ermənistanın “milli qəhrəmanı” Sarkisyandan heç də az təhlükəli deyil. O da öz sələfləri kimi Qarabağ münaqişəsində işğalçı dövlətin mövqeyini qoruyub saxlayacaq.
Qeyd edək ki, Nikol Paşinyanın elə əvvəlcədən Dağlıq Qarabağla bağlı çox təhlükəli fikirləri var. O, Dağlıq Qarabağ ərazisinin Ermənistana aid olduğunu iddia edib. Mətbuata müsahibələrindən aydın olur ki, Nikol Qarabağı müstəqil respublika hesab edir.
Paşinyanın 2016-cı ildə Azərbaycanın ordusunun böyük uğuru ilə nəticələnən aprel döyüşləri ilə bağlı fikirləri onun da Sarkisyan kimi Dağlıq Qarabağ məsələsində işğalçı mövqedə qalacağını sübut edir: “Dağlıq Qarabağ Respublikasının ələ keçirilməsinə cəhdlər olub. Azərbaycanın ilkin planı uğursuz alınıb. Azərbaycan şimal və cənubdan Qarabağa daxil olmağa çalışıb, daha sonra şərait imkan verərsə, mərkəzdən Stepanakertə doğru hərəkət etməyi düşünüblər. Buna baxmayaraq “Arsax Silahlı Qüvvələri” həmin andaca hücumun qarşısını almağa müvəffəq olub, nəticədə Azərbaycan tərəfi planın baş tutmayacağını anlayıb”.
2018-ci il 19 apreldə İrəvandakı mitinqdə o, yenə Qarabağ barədə fikirlərini bildirib: “Biz heç vaxt Avropa, ABŞ və Rusiyanın maraqlarını qorumayacağıq. Bizim yeganə istəyimiz Ermənistan və Qarabağın maraqlarını qorumaqdır”.
Ermənistandakı etiraz dalğasının lideri Nikol Paşinyanın radikal dünyagörüşlü bir şəxs kimi qələmə verildiyi informasiyalarla tanış olduğunu qeyd edən Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, hələ Sarkisyan baş nazir postundan istefa vermədən öncə Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri də Paşinyanı dəstəkləyə bilməyəcəklərini ifadə edib.
ABŞ diplomat Paşinyanın radikal dünyagörüşlü bir şəxs olduğunu iddia edərək elə bir adamın Ermənistanı idarə edəcəyinə çox böyük şübhələri olduğunu deyib. Ancaq sonradan Ermənistandakı ictimai-siyasi vəziyyət dəyişdi və Serj Sarkisyanın istefasından sonra xalq gücünün önə çıxdığı müəyyən olunandan sonra ABŞ-ın mövqeyinin situasiyaya uyğun açıqlamalar olduğu qeyd edildi”.
N.Miri hesab edir ki, Paşinyan haqqında bildirilən fikirlərin heç biri reallığa uyğun deyil. Müxalifətdə olub, hakimiyyəti tənqid etməklə, böyük bir yükün altına girərək dövləti idarə etmək və bu kontekstdə xalqın mənafeyini öndə tutmaq tamamilə fərqli anlayışlardır. Nikol Paşinyan aylarla əməkhaqları verilməyən vətəndaşların maaşlarını vermək barədə düşünməlidir. Bunun üçün də mütləq mənada maliyyə yastığı tapmalıdır. Bu yastıq isə Amerika və Avropa Birliyi məkanında axtarılacaq. Çünki Rusiyanın özü maliyyə cəhətdən kifayət qədər çətin durumdadır. Politoloqun fikrincə, Ermənistandakı sosial-siyasi problemlər Paşinyanı daha doğru düşünməyə vadar edəcək: “Paşinyanın Dağlıq Qarabağla bağlı çox radikal fikirlərini üzə çıxartmaq olar. O hətta çıxışlarının birində deyib ki, Azərbaycanla Qarabağ problemini həll etmək üçün Azərbaycanın daha böyük sənaye şəhərini işğal etməyə ehtiyac var. Ancaq hökumət başına gələndən sonra Paşinyan bu cür açıqlamalar vermək gücünü özündə tapacaqmı? Məncə, yox.
Xalqın çiyinlərində hakimiyyətə gələn Paşinyan mütləq mənada çiynində gəzdiyi xalqın rəyi ilə hesablaşmaq məcburiyyətindədir. O həmçinin oğullarının Dağlıq Qarabağ cəbhəsində ölməsini istəməyən erməni anaları ilə razılaşmalıdır. Bütün bunlar fonunda deyə bilərəm ki, Paşinyan Dağlıq Qarabağla bağlı o qədər də radikal mövqe ortaya qoya bilməyəcək. Müvəqqəti də olsa, müəyyən maliyyə yastığı ilə büdcəni dolduraraq əməkhaqqıları versə də, yaxın perspektivdə Ermənistan iqtisadiyyatının inkişafı üçün yol açılmalıdır. Bu yolun açılması isə region ölkələri ilə isti münasibətlər yaratmaqdan keçir. Azərbaycan və Türkiyəyə qarşı işğalçı münasibəti fonunda Ermənistan qlobal layihələr və iki yeni kommunikasiya sistemlərindən kənarda qalıb. O, Ermənistanın inkişafına nail olmaq istəsə, Azərbaycanla razılaşmaq məcburiyyətində qalacaq. Əks təqdirdə Serj Sarkisyan hakimiyyəti ilə özünü xalqın nümayəndəsi kimi təqdim edən Nikol Paşinyan arasında heç bir fərq olmayacaq. Bu da tez bir zamanda Paşinyanın ictimai rəydəki imicinə zərbə vuracaq”.
Paşinyanın hakimiyyətə gələcəyi təqdirdə Qarabağ münaqişəsi ilə bağlı radikal mövqe tutacağı iddialarına əhəmiyyət verməyən N.Miri deyib ki, hakimiyyətə gəlmək ehtimalı böyük olan Paşinyanın ictimai rəyi nəzərə almaqdan başqa yolu yoxdur. O, Ermənistanın gələcək perspektivi üçün regionun həlledici ölkələri ilə uzlaşmalı olacaq. Bunun başqa bir alternativi yoxdur.
Politoloq Arzu Nağıyev isə hesab edir ki, Paşinyan baş nazir seçilsə, bu zaman Dağlıq Qarabağ problemi istiqamətində hər hansı bir yeniliklər gözlənilməyəcək:
“Əvvəlcədən də məlum məsələdir ki, bütün proseslər idarə olunandır. Eyni zamanda o da məlumdur ki, burada Dağlıq Qarabağ münaqişəsi onlar üçün prioritet istiqamətdir. Dağlıq Qarabağ kartı həmişə oynanılan kartdır. Bütün bunlara görə də baş verən hadisələrdən sonra Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın hansısa xeyrinin olacağı məsələsi ümumiyyətlə ortaya qoyulmayıb”.
A.Nağıyevin fikrincə, Ermənistanda hakimiyyət böhranı öz həllini tapsa da, tapmasa da, Dağlıq Qarabağ məsələsi problem olaraq qalacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli nə Ermənistandan, nə də Paşinyandan asılıdır. Qarabağ problemi super güclərin də marağında həll olunmalıdır: “Dağlıq Qarabağla bağlı Paşinyan ATƏT-in Minsk Qrupu ilə danışıqların yenidən bərpa olunmasını deyir. Eyni zamanda Avropa İttifaqı da məsələsinin həllində danışıqlara qayıtma yolunun mühüm olduğunu qeyd edirlər. Yəni məlum məsələdir ki, Ermənistan hakimiyyətində istər Paşinyan, istərsə də digəri də olsa, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət addım atılmayacaq. Qeyd edim ki, Sarkisyan nə qədər qeyri-konstruktiv mövqe seçsə də, status-kvonu saxlamağa çalışsa da, mühüm əhəmiyyətli proseslərdən xəbəri vardı. Lakin Paşinyan yeni qüvvədir və əgər seçilsə, yenidən eyni proseslər davam edəcək. Ermənistanda yeni konstitusiyaya uyğun olaraq baş nazir dövlət başçısından da çox hüquqa malikdir. Hətta müharibə başlasa, Ermənistanda baş nazir Ali Baş Komandan funksiyasını yerinə yetirəcək. Buna görə inandırıcı görünmür ki, məhz Dağlıq Qarabağ münaqişəsi istiqamətində müsbət addım atılsın. Ermənistanda verilən bəyanatlarında da Azərbaycana müəyyən təhdidlər edilir, guya Azərbaycan silahlanır, bunun qarşılığında da onlar da silahlanmalıdır və s. bunun kimi problemlər deyilir. Həmçinin bu məsələdə Rusiya faktoru da var. Heç də demək olmaz ki, Rusiya Paşinyandan imtina edib.
Şəymən
araz.az xəbər portalı.