1493644325_arif-1.jpg

Arif Sarıyev: «Erməni direktora dedim ki, 300-dən çox yaşı olan bu sazı satmaq mənəviyyatı və ləyaqəti, tariximizi satmaq deməkdir…».
…Dünən «Təzadlar»a düz 33 il əvvəl təşrif buyurmuş, xeyir-dua almış bir eloğlumuz gəlmişdi-Arif Gürşad oğlu Sarıyev!
Arif Sarıyev ötən əsrin 80-ci illərində təhsil almaq üçün Rusiyanın Saratov şəhərini ünvan seçmişdir. Arzuları onu bu qaynar şəhərdə ali təhsil ocaqlarının birində təhsil almağa, sonra heykəltəraşlığın ağac üzərində oyma sənəti üzrə yaradıcılıq sahəsinə baş vurmağa sövq etmişdir. Əslində isə, Arif Sarıyev Ağdam rayonunun Mərzili kənd orta məktəbinin 8-ci sinfini bitirib Bakının Sabunçu qəsəbəsindəki Xüsusi Yaradıcılıq Məktəbinə qəbul olunanda məktəbdə müəllim kimi çalışan həmkəndlisi Nizami Mustafayevlə yenidən tanış olur, onun sinfinə daxil olur, ağac üzərində oyma sənətini öyrədən müəllimindən çox sirləri öyrənir.

***
Sonra taleh Arif Sarıyevi Rusiyanın Saratov şəhərinə aparır… O, bu qədim, həm də çoxmillətli şəhərdə ali təhsil almaqla yaradıcılıq işini davam etdirmək arzusunda olur. Beləcə, gənc və yaradıcılıq dəryasına yenicə atılmış Arif Sarıyev burada işə düzəlir, təhsilini davam etdirməklə ağac üzərində oyma sahəsində ilk uğurlarına imza atır. Belə ki, Saratov şəhərində keçirilən «Nağıl şəhər» yaradıcılıq müsabiqəsində Arif Sarıyev yaşca çox-çox kiçik olsa da, təcrübəli heykəltaraşlara qalib gəlir, böyük məbləğdə pul mükafatına layiq görülür, adı şəhərin ən yüksək elitar mənbələrində çəkilir…
***
…Və günlərin birində Vətəni Qarabağdan-Ağdamdan ayrılmış Arif Sarıyev Ermənistanın Qarabağı işğal etmək niyyətli siyasətindən xəbər tutur… O, yaradıcılığına görə aldığı mükafatın puluna təzəcə mənzil aldığı halda, müharibə sorağını Rusiya radiolarından eşidərkən bütün istəklərinin üstündən xətt çəkir… Radioda eşidir ki, Ağdamda yaralı əsgərlərə dərman ləvazimatı çatışmır, bu səbəbdən yaralıları xilas etmək xeyli çətinləşib. Arif Sarıyev aldığı mənzili dərhal satır, şəxsi vəsaitlərini toplayaraq təxminən o dövrün pul vahidi ilə külli miqdarda (olduqca yüksək məbləğdir) dava-dərman alaraq təcili olaraq Azərbaycana gəlir… Həmin dava-dərman Ağdam Hərbi Hospitalında yaralı əsgər və zabitlərin xahişi ilə Ağdam RİH başçısının sabiq müavini Akif Məmmədova təhvil verilir…
***
…Bu gün «Təzadlar»da qonaq olarkən Arif Sarıyev həm də 300 ildən çox yaşı olan bir sazı Saratovda bərpa edərək Azərbaycana gətirməsindən danışdı. Bu barədə onun «Təzadlar»a verdiyi video müsahibəsində geniş bəhs olunur. Qısaca olaraq deyək ki, Saratovda Heydər Əliyev Fondunun Saratov şəhəri üzrə «H.Əliyev Cəmiiyyəti»nin fəal üzvü olan Arif Sarıyev 300 ildən çox yaşı olan həmin sazı Azərbaycanın 1-ci vitse-Prezidenti, Azərbaycan milli mədəniyyətinin xilaskarı kimi sevilən, muğamımızın dünya musiqi mənbələrində tanınmasında misilsiz rolu olan Mehriban xanım Əliyevaya təqdim etmək üçün Saratovdan Bakıya gəlib.
Xüsusi olaraq qeyd edək ki, Saratovda imkanlı ermənilərin fantastik məbləğ ödəyərək almaq istədikləri həmin sazı Azərbaycana gətirmək üçün Arif Saryıyev həm də böyük çətinliklərlə rastlaşıb… Amma bu sazı almaq istəyən ABŞ-dan, Avropadan Saratova təşrif buyurmuş ermənilərə sərt cavab verən Arif Sarıyevin onlara cavabı qısa olub: «Saz bizim milli sərvətimiz, aşıq sənətimizin etiketidir, onu satmaq torpağı, qeyrəti, namusu satmaq kimidir…», -deyə cavabını vermişdir.
Arif Saryıyevlə geniş video-müsahibə tezadlar.az saytında yerləşdirilib.
Yazdı: Vəcah Şükürlü
Həmyerlimiz 300 yaşı olan sazımızı niyə ermənilərə satmadı?-VİDEO

Həmyerlimiz 300 yaşı olan sazımızı niyə ermənilərə satmadı?-VİDEO

[bt_youtube url=”https://youtu.be/BxdMjd0d5nE” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

araz.az xəbər portalı.