Son zamanlar Azərbaycanda tarixi-memarlıq abidələrinin və mədəniyyət ocaqlarının ticarət obyektlərinə çevrilməsi halına çox rast gəlinir. Bu dəfə isə paytaxtın Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 24 ünvanında tarixi binanın üzərində mənzil tikilib.
Unikal.org xəbər verir ki, 3 mərtəbəli tarixi binanın damında mənzil inşa edilib. Fotodan da göründüyü kimi arxitektur üslubda tikilən tarixi və qədimi binanın üzərində sonradan bu cür evin tikilməsi isə təəccüb doğurmaya bilməz.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnsitutunun mühəndisi, memarlıq və tikinti işləri üzrə ekspert Cahangir Qocayev bildirib ki, tarixi və arxitektur binanın üzərində tikinti aparmaq yolverilməzdir:
“Tarixi binanın üzərində hər hansı tikinti aparmaq olmaz. Arxitektur binalar əslində abidə kimi qorunmalıdır. Abidələrin qorunması haqqında qanunda, eləcə də tikinti məcəlləsində xüsusi bənd var ki, mədəni irs abidələrinin və tarixi binalarının üzərində əlavə tikinti aparmaq olmaz. Bu cür binalarda tikinti aparmaq üçün Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və həmin rayonun icra hakimiyyətindən razılıq verilməlidir. Həmin qurumlar isə bu tikintiyə asanlıqla rəy verə bilməzlər”.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib ki, həmin ünvanda tikilən mənzil şəhid ailəsinə məxsusdur: Onlar orada 23 ildir ki, yaşayırlar. Həmin tikinti də o dövrdə olub”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etsək də komitə məsələyə münasibət bildirməyib.
araz.az xəbər portalı.