Xəbər verildiyi kimi, Qarabağ Azadlıq Təşkilatı mayın 12-də işğal altındakı torpaqların vaxt itirmədən azad edilməsi tələbi ilə mitinq keçirməyə qərar verib. QAT rəhbərliyi və bir sıra ziyalılar aprelin əvvəlində bu haqda Bakı Şəhər İcra hakimiyyətinə müraciət göndərib.
Müraciətdə Qarabağ mitinqinin 2018-ci il mayın 12-də, saat 16.00-dan 18.00-dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisində “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulduğu bildirilir.
Lakin bəzi veteran və ziyalılar Qarabağın azadlığına həsr ediləcək mitinqin kiçik bir meydanda və cəmi 5-10 min nəfərin iştirakıyla keçirilməsini məqsədəuyğun saymırlar.
Tanınmış yazıçı, publisist və bloger Vahid Qazi bir köşəsində yazır: “Qarabağ Azadlıq Təşkilatı mayın 12-də – alçaldıcı Bişkek protokolunu imzaladığımız gün –Qarabağın azad edilməsi tələbiylə mitinq planlayır. Belə bir ümumxalq mitinqini mən də istəyirəm.
Amma məni eşitsəydilər, təşəbbüskarlara bir-iki söz deyərdim: Ən azı 100 min adam toplanmayacaqsa, bu mitinqi keçirməyin! 5-10 min adamın “Məhsul” stadionunda “Qarabağ” tələb etməsi tələyə düşmək olar.
3 milyonluq Ermənistanda 100 min etirazçı xirtdəyədək korrupsiyaya bulaşmış Qarabağ qaliblərini hakimiyyətdən saldığı bir zamanda 10 milyonluq Azərbaycan görüntü xatirinə, icazəli, razılaşdırılmış “Qarabağ” mitinqinə 5-10 minlə çıxmasın!..”
Tanınmış Qarabağ qazisi, QAT İdarə Heyətinin üzvü, Vaqif Əlisoy Moderator.az-ın bu mövzuda suallarına cavab olaraq belə dedi:
“Vahid Qazinin dediyində həqiqət var. Amma belə düşünürəm ki, Qarabağ mitinqinə 20 – 30 min də yığılsa, olar. Buna bütün dünya baxacaq. Hesab edirik ki, indiki şəraitdə Azərbaycan hakimiyyəti Qarabağ mitinqinə böyük dəstək verməlidir…”
“Bəs Bakı meriyasından mitinqə rədd cavabı gələcəyi halda QAT hansı addımları atacaq?” sualına Vaqif Əlissoy “Bu haqda hələ düşünürük” cavabını verdi.
Sultan Laçın
araz.az xəbər portalı.