2214WhatsApp Image 2021 01 26 at 23.48.21  

   Çərşənbə axşamı günü Səngəçal aerodromundan təlim uçuşları yerinə yetirmək üçün havaya qalxaraq, Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonu istiqamətinə uçuş edib, təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər hərbçimiz ölüb, 2 nəfər hərbçimiz isə, yaralanıb.   

   Hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev xeyli sual doğuran açıqlamalar verib. Öz açıqlamasında, DSX rəisi də öncə onu bildirib ki, helikopter təlim məqsədiylə adıçəkilən aerodromdan havaya qalxaraq, təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb. Elçin Quliyev helikopterin tamamilə yeni olmasını, “qara qutu”sunun tapılmasını öz açıqlamasında xüsusi vurğulayıb və bildirib ki, “qara qutu” artıq Respublikanın Baş Prokurorluğündadır: “Hazırda hadisənin səbəbi barədə dəqiq bir şey demək mümkün deyil. Dəqiq onu deyə bilərik ki, hər hansı kənar təsirdən söhbət gedə bilməz!”.

   Bax, DSX sədri Elçin Quliyevin bu yerdə işlətdiyi “kənar təsirdən söhbət gedə bilməz” ifadəsi, məncə, bu, tələsik verilən açıqlamadır. Təbii ki, dəhşət doğuran bu qəzaya səbəb kənar təsirin olub-olmaması, “qara qutu”nun öyrənilməsindən xeyli sonra məlum ola bilər. Bir də ki, Rusiyada istehsalı olan təyyarə və helikopterlərin “qara qutu”larının oxunması Rusiyada həyata keçirilir. Və əlbəttə, həmişə olduğu kimi, bu dəfə də, “qara qutu”nun öyrənilməsinin Rusiyaya verilməsi o deməkdir ki, əsl həqiqət ya uzun müddət, ya da həmişəlik gizli olaraq qala bilər; Həqiqətən də, faciə ilə bağlı qaranlıq qalan məqamlar çoxdur və “qara qutu”nun deşifrə edilməsinə, eləcə də alınan məlumatın ictimaiyyətə elan olunmasına qədər, birmənalı hansısa fikir irəli sürmək düzgün olmazdı. Ancaq fakt budur ki, “Qaraheybət faciəsi” də, bir xalq və dövlət olaraq, yaxın keçmişimizdə baş vermiş, mahiyyət etibarı ilə eyni olan faciələrin ardıcıllığının davamı kimi, çox böyük əsaslı narahatlıqlar və faciələrin təkrarlanma ehtimalını yaradır. 20.11.1991-ci il Qarakənd faciəsi, 24.07.2019-cu il Rəşad Atakişiyevin idarə etdiyi “MİQ-29” təyyarəsinin kor edilməsi və nəhayət ki, 30.11.2021-ci il Qaraheybət faciəsi.
Ümumən götürdükdə, ölkəmiz ətrafında hərbi siyasi vəziyyətin analizi göstərir ki, baş verənlər heç də təsadüfi deyil. Bir faciə barədə lap unutmuşuq, o dəhşətlər barəsində heç danışmırıq da. Bu, 14.07.1989-cu il tarixli Kəlbəcər faciəsidir. Hansı ki, rus pilot Kəlbəcərdə təpədə atıl-düş edən 8 uşağı vertolyotun pərləri ilə doğrayıb, parça-parça edib (Mənbə: Vüqar Dadaşov, “Mənim düşüncəm” kitabı, səh.,111).
   Bəli, dövlət və milli təhlükəsizliyimizlə bağlı, Rusiyanın texniki istehsalından imtina etməliyik. Sözsüz ki, bu iqtisadi məsələ yox, siyasi məsələdir. Ancaq elə məsələlər var ki, birbaşa bizim özümüzdən asılı məsələlərdir. Dünyanın bəzi ölkələrində dövlət rəhbərinin və onu əvəz edə biləcək şəxslərin, eləcə də ordu rəhbərliyinin, yüksək rütbəli zabitlərin… bir yerə toplaşması hərəkətini müəyyən edən reqlament və qaydalar var. Həmin reqlament və qaydaların mahiyyəti ondan ibarətdir ki, dövlət və milli təhlükəsizlik naminə, dövlətin yüksək vəzifəli şəxslərinin, yüksək rütbəli zabitlərinin bir yerə toplaşmasının, bir yerdə hərəkətinin, uçuşunun məhdudiyyətləri var. Təbii ki, Azərbaycanda da belə reqlamentin və qaydaların tətbiqi milli təhlükəsizliyimizi və mümkün vəziyyətlərdən minimum itki və zərərlə çıxmağımızı təmin edə bilər.
   Axı, 14 nəfər zabitin — Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyinin, ərazi bütövlüyünün keşikçilərini bir vertolyota yığmaq hansı məntiqə və qaydaya uyğundur?! Sözsüz ki, Qaraheybət faciəsi ilə bağlı istintaqın nəticəsinin obyektivliyi və günahkarların cəzalandırılması gələcəkdə belə faciələrin qarşısını almağa zəmanət vermir. Ancaq, milli təhlükəsizliyimizin təmini və belə hadisələrin təkrarlanmaması üçün, yuxarıda qeyd etdiyim reqlament və qaydaların qanuniləşdirilməsi və məcburi tətbiqi mütləq zərurətdir.
Vüqar DADAŞOV,
MCP SŞ-nin üzvü, hüquqşünas, Qarabağ qazisi.

araz.az xəbər portalı.