Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev: “Həkim bəlkə də alır… Mən heç kimdən pul alan deyiləm”
“Bəlkə kimsə qapısının arxasında, kabinetində hansısa xəstədən nəsə alır, mən bunu necə izləyə bilərəm?”
Bu günlərdə bir qrup vətəndaş “Hürriyyət”in redaksiyasına müraciət edərək Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindəki özbaşınalıq və rüşvətxorluqla bağlı öz narazılıqlarını bildirmişdi. Biz də həmin şikayətlər əsasında “Səhiyyə sistemində rüşvət olmadığını deyən OQTAY ŞİRƏLİYEVİN MENYÜSÜNƏ” başlıqlı məqalə çap etmişdik. Məsələ ilə bağlı elmi-tədqiqat institutunun baş həkimi professor Yusif Əliyevin, eləcə də Səhiyyə Nazirliyinin mövqeyini öyrənmək cəhdlərimiz boşa çıxdığından məqaləni çapa verdik. Yazı dərc olunduqdan sonra vətəndaşların şikayətinə münasibətlərini öyrənmək ümidi ilə yenidən həm nazirliklə, həm də xəstəxana ilə əlaqə saxladıq. Nazirlikdən hələ cavab ala bilməmişik. Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi ilə isə, nəhayət, danışa bildik. Onunla söhbətimizi olduğu kimi oxucularımıza təqdim edirik:
– Professor, baş həkimi olduğunuz xəstəxanada baş verən özbaşınalıqlarla bağlı bir qrup vətəndaş redaksiyamıza şikayət ünvanlayıblar. Bütün bunlarla bağlı sizin mövqeyinizi öyrənmək məqsədilə xəstəxananıza zəng vurmuşduq. Köməkçiniz kabinetdə olmadığınızı deyib bizdən əlaqə nömrəsi istədi və sizi bizimlə əlaqələndirəcəyinə söz verdi. Amma günün sonunadək gözləsək də, sizdən xəbər çıxmadı. Odur ki, yenidən sizi aramaq məcburiyyətində qaldıq…
– Siz artıq bizim mövqeyimizi öyrənmədən yazını yazmısınız, birtərəfli mövqe sərgiləmisiniz məqalənizdə. Amma yazdıqlarınızın 98 faizi yalandır. Ən azından faktları dəqiqləşdirməli idiniz. Aprelin 26–da Bakıda cərrahiyyə, onkologiya və qastroentologiya üzrə IV Azərbaycan-alman-türk konqresi öz işinə başladı. Orada Türkiyədən, Almaniyadan, Belarusdan, Özbəkistandan, Qazaxıstandan, Türkmənistandan gəlmiş institut rektorları, institut direktorları iştirak edirdi. Biz həmin tədbirə ev sahibliyi edirdik. Siz isə tədbirin bitməsini gözləmədiniz, faktları dəqiqləşdirmədən haqqımızda tənqidi məqalə dərc etdiniz. Buna görə sizə təşəkkür edirəm, minnətdaram sizə, çox sağ olun. Bir daha təşəkkür edirəm.
– Yəni mövqe bildirmək istəmirsiniz? Amma artıq qeyd etdiyimiz kimi, köməkçiniz sizin konqresdə olduğunuzu demədi, sadəcə yuxarı qalxdığınızı və kabinetdə olmadığınızı bildirdi. Onunla növbəti söhbətimizdə isə əməliyyatdan gec çıxdığınızı, iş saatı bitdiyi üçün sizi bizimlə danışdıra bilmədiyini söylədi.
– Xeyr, niyə ki?! Mövqe bildirəcəyəm. Yazdıqlarınızın hamısı yalandır. Bir-bir deyim sizə nəyi yalan yazırsınız. Yazırsınız ki, 50 manat rentgendə pul alınır. Nəyə alınır? Rentgen müayinəsi harada 50 manatdır, bəlkə hansısa özəl xəstəxanada bu cür qimət var? Bəlkə professor Manafov rentgen otağının qapısına qızıl hərflərlə yazır ki, rentgen müayinəsi 50 manatdır?
Nəsə yazmazdan öncə bir balaca araşdırmaq lazımdır. Belə qiymətlər olurmu?
– Yaxşı, bəs qiymətlər necədir?
– Heç bir qiymət də yoxdur.
– Məsələ də elə ondadır ki, sizin xəstəxananız özəl deyil, dövlətindir, burada ümumiyyətlə bütün xidmətlər ödənişsiz olmalıdır.
– Bəli, ödənişsizdir.
– Yəni bu həqiqətdir?
– Həqiqətdir.
– Aha, özünüz inanırsız yəqin buna.
-…Saytınıza yerləşdirdiyiniz yazıya bir video çəkiliş də əlavə edilib.
– Bəli, həmin video-lenti şikayətçi vətəndaşlardan biri çəkib bizə yollayıb.
– Gəlin bir az obyektiv olaq, xanım.
– Biz tam obyektivik.
– Sizinlə dava etmək fikrim yoxdur.
– Heç biz də bu niyyətlə zəng vurmamışıq. Sadəcə xəstəxananızdakı neqativ hallarla bağlı vətəndaşların narazılığına münasibət bildirməyinizi xahiş etmək üçün sizi narahat etmişik.
– Onda zəhmət olmazsa, qulaq asın.
– Buyurun.
– Hər gün səhər saat 9-da institutumuzda səhər konfransı olur. İstənilən elmi-tədqiqat institutlarında hər səhər 5 dəqiqəlik, yəni çaparaq keçirilir, ötən gün ərzində görülən işlər müzakirə olunur. Bu, bir qaydadır. Adı 5 dəqiqəlik olsa da, bu iclaslar yarım saat, bəzən hətta 40 dəqiqə də çəkə bilir. Sizcə, bu müddətdə çöldən gələn bütün insanlar içəri buraxılmalıdır?
Bu müddətdə bütün həkimlər, professura konfransda olur, bu səbəbdən onların qəbuluna gələnlər xəstəxanaya buraxılmır. Onlar da içəri keçmək üçün səs-küy salırlar. Personal bununla nə edə bilər axı?
– Bunu nizama salmağın bir yolunu tapmaq olmazmı?
– Necə? Xəstəxanaya yalnız bir qapıdan giriş var, gələnlərin hamısı da ikinci mərtəbəyə qalxmaq istəyir. Təsəvvür edin ki, mənim yerimdə siz oturmusunuz. Sizcə, nə edə bilərik?
Gələnlərin arasında yaxınlarının köməyi olmadan hərəkət edə bilməyən ağır xəstələr var, odur ki, bir xəstənin yanında 3 nəfər də yaxını gəlir. Bizim millət qeyri-millətlərə bənzəmir, xəstələrinə, qocalarına sahib çıxır. Bu, bizim mentalitetimizdir. Bu, bizim millətə xas olan gözəl xüsusiyyətdir. Elə qələbəlik də bu üzdən yaranır.
Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Mən bu vəzifəyə gələndən hamı məni tanıyır. 5 il yarımdır burdayam. Əgər bir həkim, bir funksionolist desə ki, bu beş il yarımda Əliyev Yusif müəllimin kabinetinə girib ona 1 manat verib, həmin gün ərizəmi yazıb vəzifəmdən istefa verərəm. Bunu cənab nazir də bilir, cənab nazirin müavinləri də bilir-hər kəs bilir. Mən heç kimdən pul alan deyiləm.
– Həkimlərinizin də heç biri heç kimdən pul almır?
– Yox, həkim bəlkə də alır. Mən heç kimin yerinə and içə bilmərəm. İnstitut bir otaqdan ibarət deyil, 6 mərtəbədir, 700 işçidir. Bəlkə kimsə qapısının arxasında, kabinetində hansısa xəstədən nəsə alır, mən bunu necə izləyə bilərəm?
700 kabinetə kamera quraşdırmaq da mümkün deyil. Bu qalır insanların vicdanına, əxlaqına, tərbiyəsinə və sair və sair və sair… Desəm ki, heç kim heç kəsdən pul almır, yalan olar.
– Obyektivliyinizə görə sağ olun.
– Mən hər kəsi güdə bilmərəm. Mən sizinlə açıq danışıram. İstəyirsiz, yazın səsimi.
– Təbii ki, sizin mövqeyinizi işıqlandııracağıq. İcazə verirsiz, dediklərinizi yazaq? Bircə sözünüzə belə toxunmadan, heç bir fikrinizi təhrif etmədən fikirlərinizi çatdıracağıq oxucularımıza.
– Nə istəyirsiniz, yazın. Mən heç nədən narahat deyiləm. Əgər məqsədyünlü şəkildə bunu sizə kimsə yazdırırsa, belə də deyin.
– Xeyr, professor, biz qərəzli yazılar yazmırıq, sifarişlə də iş görmürük, sadəcə öz vəzifəmizi yerinə yetiririk, vətəndaşların şikayətlərini ictimailəşdiririk.
– Nəzərə alın ki, əgər biz bu səviyyəyə gəlib çatmışıqsa, demək hər halda bu dünyada nə isə dərk edirik.
– Mən buna şübhə etmirəm, professor, amma bir daha təkrar edirəm ki, sizə qarşı heç bir qərəzimiz yoxdur.
– Burada mən işləyirəm, ya siz mənim yerimə işləyirsiniz? Bu sifarişli yazılardır.
– Mən öz adımdan danışıram. Yazının müəllifi mənəm və tam məsuliyyəti ilə deyirəm ki, heç kəsin sifarişini yerinə yetirmirəm.
– Bu məqaləni yazdıranların məqsədini də deyim sizə?
– Sizcə, nədi məqsədimiz? Sizi tutduğunuz vəzifədən uzaqlaşdır maqmı istəyirik, fikrinizcə?
(Ardı var)
Banu OĞUZ, Hurriyyet.org
araz.az xəbər portalı.