“Hakimiyyətə kim gəlirsə, gəlsin Ermənistanın işğalçı siyasəti dəyişən deyil”.
Bu sözləri Moderator.az-a açıqlamasında sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov baş nazirliyə ən real namizəd olan Nikol Paşinyanın Qarabağla bağlı bəyanatlarına münasibət bildirərkən deyib. Polkovnik deyib ki, Ermənistanda hakimiyyətə gələn hər bir şəxs Qarabağ faktorunu gündəmə gətirir:
“Prinsip cəhətdən Paşinyanın çıxışında yeni bir şey yoxdur. Təbii ki, vəzifəyə gələn şəxslər Ermənistanda həmişə Qarabağ faktorundan istifadə edirlər. Hakimiyyətə kim gəlirsə, gəlsin Ermənistanın işğalçı siyasəti dəyişən deyil. Hakimiyyətə gələn şəxslərin hamısı üçüncü ölkələrin marağını təmsil edən qüvvələrdir. Paşinyanın ilk addımları ilə indiki fəaliyyətinə nəzər salsaq görərik ki, o, Qarabağ məsələsinə gələndə həmin qüvvələrin marağından çıxış edir. Onun əvvəlki çıxışları o qədər də sərt olmamışdı. Artıq müəyyən nəticələr əldə olunandan sonra özünün kozur kartından istifadə edir. Bu çıxış daxili kütləyə hesablanmış bir çıxışdır və o, bilir ki, bu, kütlə üçün çox maraqlıdır”.
Polkovnik qeyd edib ki, xalqın ölkədən qaçmaması yollarını axtaran şəxs belə sərsəm çıxışlar etməz:
“Ermənistanın sosial və siyasi vəziyyətini dərk edən, əhalinin Ermənistandan qaçmaması yollarını axtaran siyasətçi belə sərsəm çıxışlar səsləndirməz. Çünki Ermənsitanın bəlası Qarabağla başlayıb və Qarabağla da bitəcək. Bu gün ki, siyasi – iqtisadi durum imkan vermir ki, Ermənistan Qarabağ məsələsini həll etsin. Onlar daimi Rusiyadan müəyən şərtlərlə silah-sursat almağa məcbur qalaraq özlərini daha da Rusiyanın təsiri altına salırlar. Getdikcə də bu daha da ağırlaşır. Nəticədə isə xalq əziyyət çəkir. Artıq ermənilər də anlamağa başlayır ki, Azərbaycan gec-tez öz torpaqlarını düşmən işğalından azad edəcək”.
Vasif Əlihüseyn
araz.az xəbər portalı.