…Aristotel deyir: “Platon mənim dostumdur, amma həqiqət ondan da qiymətlidir!”. Rəhmətlik çox yerində deyib. Düşünürəm ki, son vaxtlar Dövlət iqtisad Universitetinin rektoru Ədalət Muradovun müdafiəçisinə çevrilənlər üçün elə bil indicə deyib… Rektoru yersiz, əttökən formada müdafiə etmək, bu nadanlıq uğrunda nadanlıqdır ki var…
Sözümün mənası var: rəhbərliyini özümüzə olduqca yaxın bildiyimiz, həmişə müdafiə etdiyimiz bir neçə sayt var ki, rektor Ədalət Muradovun müdafiəsi üçün əldən-ayaqdan gedirlər. Niyə? Ona görə ki, rektorun barəsində Prezident yanında AAK-a göndərdiyimiz sorğuya cavab verməyən sədr əvəzi Vəli Hüseynovu məhkəməyə vermişik. Məhkəmə mayın 7-də yekunlaşmalı, Vəli Hüseynov sorğuya cavab verməlidir.
Deməli, bu dəstə bizi məhkəmə iddiasından çəkindirmək istəyir… Rektor Ədalət Muradovun müdafiəsi üçün tanınmış ictimaiyyət nümayəndələrini məhkəmə qabağı səfərbər edən moderator.az-ın redaktoru düşünürəm ki, yalnış yoldadır. Bəlkə də, iraq olsun, Cavid Qurbanovun ayağına daş dəysə, o, bu qədər canfəşanlıq etməzdi… Səbəbi bəllidir… Amma o, bunu Ədalət Muradov üçün edir. Saytın “İctimaiyyət nümayəndələrini təəccübləndirən faktlar… -UNEC-də heyrətamiz dəyişikliklər” başlığı altında yayımladığı yazıda 4-5 üzdə olan şəxslərin dili ilə Ədalət Muradov uğursuz təriflənir… Tərifləsinlər. Amma bu ağ tərifin içində qara niyyətlə “Təzadlar”da guya Ədalət Muradovun barəsində qərəzli yazıların dərc olunduğunu niyə yazır Zülfüqar bəy??? Sual yaranır: niyə Ədalət Muradov özünü AzTV-də, “Azərbaycan” qəzetində təriflətmir, moderator.az kimi reputasiyasında müxalifətin dəsti-xətti duran bir saytda qeyri-ciddi formada, şübhəli tərzdə təriflədir??? Niyə Abel Məhərrəmov da özünü moderator.az-da təriflətmir???
Yenidən məcburuq ki, bu çaşdırıcı tərifnamənin mahiyyət və məqsədinə aydınlıq gətirək. Moderator.az (eyni yazı eyni niyyətlə azpolitika.info, modern.az saytlarında yayılıb) yazır: “…İstisnasız olaraq deyə bilərik ki, İqtisad Universiteti indi ölkədə peşəkar kadrların yetişməsində müstəsna rol oynayır. Bütün bunlar isə təbii ki, UNEC-in hazırki rəhbərliyinin gərgin əməyi sayəsində mümkün olub. Lakin son zamanlar bəzi mətbuat orqanlarında UNEC, o cümlədən universitetin rektoru, professor Ədalət Muradov haqqında qərəzli məlumatlar dərc olunur. Dünyanın bir çox yerlərində Azərbaycanı layiqincə təmsil edən ali təhssil ocağı haqqında belə məlumatların tirajlanması şəxsi maraqlardan qaynaqlanır. Tanınmış ictimaiyyət nümayəndələri başda “Təzadlar” qəzeti olmaqla bəzi saytlarda tirajlanan qərəzli materiallara etiraz ediblər”.
“Etirazlar”ın içində isə nəyə etiraz edildiyi bilinmir. Amma biz məcburən yenidən deməyə məcbur edilirik: cənablar, yalanları kimə və nə üçün yazırsınız? Biz Ədalət Muradova sorğu vermişik, o isə cavab vermir. Bu qərəzlilikdir, bəlkə şəxsi maraqdır? Bəlkə sorğu verməyək, cavab istəməyək? Elə isə “KİV haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlar nəyə lazımdır? Siz bu qanunları imzalamış Prezident İlham Əliyevə meydan oxuyursunuz? Axı sizin meydan başqa yerdədir: Kəlbəcərdədir, Şuşadadır, Ağdamdadır… Nə qədər ağılsız olmaq lazımdır ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun, deputat Fazil Mustafanın, “525”in baş redaktoru Rəşad Məcidin əksini düşündüyünü düşünəsən… Onlar deyə bilərmi ki, “Təzadlar” niyə sorğu göndərib və Ədalət Muradovdan cavab istəyir??? Bu qədər də yalan yazmaq olar? Kimi aldadırsınız? Bəlkə nadanlıq naminə nadanlığa son verəsiniz… Özünüzü xalqa güldürməyin… Elə həm də xalqı özünüzə güldürməyin…
SƏBUHİ
P.S. “Platon mənim dostumdur, amma həqiqət ondan da qiymətlidir!”
araz.az xəbər portalı.