Qulu Məhərrəmli: “Himn və Gerbdə heç bir dəyişiklik etməyə lüzum yoxdur”
“Azərbaycan Respublikası “Dövlət Bayrağı”, “Dövlət Gerbi” və “Dövlət Himni” nin təsdiq edilməsi haqqında Konstitusiya qanunu layihələri Milli Məclisdə müzakirə olunub. Layihələr müzakirə olunarkən çıxış edən Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov dilimizdə “gerb” əvəzinə, “herb” yazılmalı olduğunu bildirib. O, qeyd edib ki, AXC hakimiyyəti dövründə üç dilimli ocaq təsviri gerb kimi qəbul edilib və orada ərəbcə “Allah” sözü əksini tapıb. Komitə sədri bildirib ki, biz rusca “gerb” yazırıq, amma herbimizdə Allah sözünü əks etdiririk. “Ona görə də müsabiqə elan edilməlidir. Bizim dövlətimizə yaraşan herbimiz qəbul olunmalıdır. Millət vəkili həmçinin bayrağımıza, himnimizə, herbimizə bir də qayıtmalıyıq deyə sözlərinə əlavə edib.
Millət vəkilinin fikirlərini “İslaminSesi” nə şərh edən tanınmış jurnalist və teletənqidçi Qulu Məhərrəmli maraqlı məqamlara toxunub. O, bildirib ki, Rafael Hüseynovun səsləndirdiyi “gerb” əvəzinə, “herb” yazılmalıdır fikiri nəzəri cəhətdən doğrudur və elmi əsası var: “ Amma bir ənənə prinsipi də mövcuddur. Dildə sabitləşən və oturuşan sözləri dəyişdirmək, müəyyən bir xaos və dolaşıqlıq yaradır. İndi dildə gedən proseslərə nəzər yetirdikdə görürük ki, alınma sözləri mənbəy sözlərə uyğunlaşdırıb yazırlar və tələffüz edirlər”.
Qulu Məhərrəmlinin sözlərinə görə, Rafael Hüseynov Himnin və Gerbin dəyişdirilməsi ilə bağlı da təklif irəli sürüb: “ Millət vəkilləri Milli Məclisdə müəyyən təkliflərlə çıxış edə bilərlər. Mən belə hesab edirəm ki, Cümhuriyyət dövründə qəbul olunan Himn və Gerbdə heç bir dəyişiklik etməyə lüzum yoxdur. Çünki bunlar simvollardır. Fikirin şərti ifadəsidir. Düşünürəm ki, Himn və Gerbi sevmək, ürəyin içinə qoymaq, atributlara Azərbaycan dövlətçilik tarixinin əmanəti kimi yanaşmaq lazımdır. Mən şəxsən Himn və Gerbdə heç bir artıq-əskik nəsə görmürəm və bu cür dəyişmələrə ehtiyac olmadığını düşünürəm”.
Tanınmış jurnalist əlavə edib ki, Gerbin üzərindəki alov dilləri “Allah” sözünü ifadə edir: “ Hesab edirəm ki, əslində bu böyük tapıntıdır. Allahın adını o şəkildə ifadə etmək kimə ziyan vururki?. Biz Allahı qəbul edirik və tanıyırıq. Kimsə Allahı tanımaq istəmirsə bu artıq başqa məsələdir. Öncə, Gerbin üzərində həqiqətən Allah sözünün yazılıb-yazılmadığını dəqiqləşdirmək lazımdır. Əgər doğurdanda belə yazılıbsa, bu çox normaldır. Bunu dəyişdirməyə ümumiyyətlə ehtiyac yoxdur”.
Qulu Məhərrəmli qeyd edib ki, bu məsələ 90-cı illərin ortalarında da qaldırılmışdı: “ Bu məsələlər zaman-zaman gündəmə gəlsə də, sonradan duman kimi çəkilib gedir. İnanmıram ki, kimsə Himn və ya Gerbi dəyişmək istəsin”.
araz.az xəbər portalı.