Bir neçə gün öncə Bakı və ətraf ərazilərdə işbazların həyata keçirdiyi özbaşınalıqlar, torpaq və qumun qanunsuz satışının təşkil edilməsi və nəticədə yaranmış ekoloji fəlkakətlə bağlı yazı dərc etmişdik. Realliqinfo.org saytında işıq üzü görən məqalədə qeyd olunurdu ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Goradil bağları ərazisində yaşayan sakinlər ekoloji fəlakətlə üz-üzə qalıblar. Saytın ərazidə olan əməkdaşlarına məlum olub ki, yaranmış fəlakət təbiətin qanunauyğunluğu deyilmiş. İşbazlar tərəfindən Goradil bağlarının torpaq və qum örtüyü hər gün maşınlarla Sumqayıtda yerləşən Yeni İnşaat bazarına və digər ərazilərdə xüsusi satış yerlərinə daşınır.
Yazıda qeyd olunan faktlar və Realliqinfo.org – un araşdırmaları təsdiq edir ki, vətəndaşların narahatçılığı əsassız deyil. Evlərinin qonşuluğunda hektara yaxın ərazinin 5 metr dərinlikdə qazılması yaranmış təhlükənin gerçək üzüdür. Evlərin uçmaq təhlükəsi ilə üzləşməsi sakinlərin həyatına ciddi təhlükə yaradıb.
Ərazidə müşahidə aparan saytımızın əməkdaşı ekoloji fəlakətlə bağlı video və fotolar çəkib. Lakin Ekologiya və Təbii Sərvətlər nazirliyinin Goradil, Novxanı bağlarında baş verənlərə laqeyd münasibəti bizim narahatçılığımıza səbəb oldu.
Yazıda o da qeyd olunurdu ki, adıçəkilən nazirlik səlahiyyətliləri baş verən özbaşınalığa nəzarət etmək istəmir. Əks təqdirdə insanların həyatı onlar üçün önəm kəsb edərdi.
Goradil və Novxanı bağlarında torpaq və qumun istismar edilməsi, işbazlar tərəfindən bağ ərazilərinin talanması və 5 metrə yaxın hektarlarla ərazinin qazılması və sadə vətəndaşların mülklərinə yaranmış təhlükə Ekologiya və Təbii Sərvətlər nazirliyinin aidiyyatı şöbələrini narahat etmirmiş.
Realliqinfo.org saytının əməkdaşı faktlara aydınlıq gətirmək məqsədilə ETSN – nin məsul şəxsi Aftandil müəllimə müraciət edib. Aftandil müəllim redaksiyaya bildirib ki, Goradil bağlarında baş verənlərdən xəbərsizdir. Lakin faktlarla bağlı araşdırmalara başlanılıb və əraziyə nazirliyin əməkdaşları göndərilib. Nazirliyin səlahiyyətlisi saytın sorğularına cavab olaraq qeyd edib ki, belə hallarla bağlı onlar polisə rəsmi müraciət edəcək.
Lakin baş verən özbaşınalıqdan xeyli müddət keçməsinə baxmayaraq Aftandil müəllim görülən tədbirlərlə bağlı rəsmi açıqlama vermədi. Bununla yanaşı Ekologiya nazirliyinin mətbuat xidməti heç bir məlumat yayımlamadı. Görünən həqiqət odur ki, Aftandil müəllim baş verənlərdən xəbərsiz deyilmiş və işbazların qanunsuz fəaliyyəti nazirlik rəsmisi tərəfindən himayə edilirmiş. Əgər elə olmasaydı adıçəkilən ərazilərdə torpaqların qanunsuz satışını təşkil edənlərin isimləri və görülən tədbirlər cəmiyyətə açıqlanardı. Nazirlik rəsmisinin ilk açıqlamasılndan sonra sorğularımızı cavabsız qoyması da təsadüfi deyil.
Biz realliqinfo.org olaraq baş verən qanunsuzluq və nazirlik rəsmilərinin işbazlarla şərikli oyunu nəticəsində insanların həyatı üçün yaranan təhlükələri ictimailəşdirməkdə davam edəcəyik. Ekologiya və Təbii Sərvətlər nazirliyinin yeni rəhbərliyinin faktlara biganə münasibət göstərəcəyinə inanmaq istəməzdik. Ümid edək ki, işbazların yaratdığı və Aftandil müəllimin himayə etdiyi ekoloji fəlakətin qarşısı zamanında alınacaq, sadə vətəndaşların haqlı narazılığı cavabsız qalmayacaq. Nazirlik rəsmilərinin qanunsuz biznesinə çevrilən torpaq və qum satışından yararlananların qanun qarşısında cavab verməsi artıq şərtə çevrilib. Əks təqdirdə Aftandil və ya digərlərinin şəxsi maraqları ölkə rəhbərliyinin tapşırıqlarını arxa plana keçirmiş olacaq.
Mövzuya qayıdacağıq.
Realliqinfo.org
araz.az xəbər portalı.