fezail-Ibrahimli.jpg

Milli Məclisin deputatı, professor Fəzail İbrahimli Bakıda “London taksiləri” kimi tanınan taksi sürücülərinin xarici turistlərə qarşı yol verdikləri dələduzluq hərəkətlərini sərt şəkildə pisləyib.
F.İbrahimli “Ölkə.Az”a açıqlamasında deyib ki, sözügedən taksi sürücüləri Azərbaycan haqqında mənfi rəy formalaşdırırlar:

“Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq isə birmənalı olaraq ciddi cinayət əməlidir. Təsəvvür edin ki, dövlət nə qədər pul xərcləyir, yollar bağlanır, insanlarımız əzab-əziyyət çəkirlər ki, “Formula 1” yarışları vasitəsilə Azərbaycanı dünyaya tanıdaq, ölkəmiz haqqında müsbət fikirlər yaradaq. Belə olan halda hər hansı taksi sürücüsü dövlətin gördüyü bu qədər işləri məhv edir. İnanın ki, bir neçə nəfər taksi sürücüsünün bu cür hərəkətləri 1000 adamın Azərbaycan haqqında müsbət rəy yaradılması üçün gördüyü işlərə ciddi xələl gətirir”.

Deputat turistlərə fırıldaqlı edən taksi sürücülərini “tərbiyəsiz və ləyaqətsiz” adlandırıb:
“Hesab edirəm ki, taksi sürücülərinin bu cür mənfi hərəkətlərini təkcə ictimailəşdirmək lazım deyil. Həm də taksi sürücüləri özünün millətə və dövlətə qarşı çevrilmiş tərbiyəsiz və ləyaqətsiz addımlarına qarşı ciddi cəza tədbirləri görülməlidir. Həmin taksi sürücüləri axtarılıb araşdırılmalı və həmin strukturun özünə ciddi təzyiqlər olmalıdır. Həmin taksi sürücülərini idarə edən şəxslər haqqında ciddi ölçü götürülməlidir. Çünki bu elə-belə, adi zarafat iş deyil. Hər hansı şəxs bir nəfəri bıçaqlayır, sonra da gedib həbsdə yatıb çıxır. Amma biri də var ki, dövlətin bu qədər xərc və əziyyət çəkdiyi işləri ağıldan kəm biri gəlib məhv edir. Görünür, onun psixoloji durumunda problemlər var”.
F.İbrahimli Azərbaycana gələn xarici turistlərlə nümunəvi davranmağın tərəfdarı olduğunu söyləyib:
“Əgər Azərbaycana xarici turistlər gəlirsə, o zaman taksi sürücüləri də onlara yüksək xidmət etməlidir. Çünki həmin turistlər də Azərbaycan xalqı haqqında fikirlər məhz insanlarımızın davranışlarına görə yaranır. Yoxsa ki, həmin taksi sürücüləri Azərbaycan haqqında turistlərdə oğru, quldur obrazı yaradır. Belə özbaşnalıq olmaz. “London taksiləri”nə rəhbərlik edənin kim olduğunu bilmirəm, hesab edirəm ki, bu struktur haqqında ciddi cəza tədbirləri görülməlidir.

Əgər növbəti dəfə də belə hallar təkrarlansa, bu cür hallara laqeyd yanaşılsa, deməli, taksi sürücüləri düz edir. Çünki cəzasızlıq mühitində hər kəs istədiyi addımı ata bilir”.

Vasif Həsənli
Ölkə.Az

araz.az xəbər portalı.