metro1.jpg

Araz.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bir qrup maşinistinin müraciətnaməsi daxil olmuşdur. Maşinistlər QSC rəhbərliyində bəzi vəzifəli şəxslərin onlarla kölə kimi rəftar etmələrindən, əmək və istirahət hüquqlarının pozulmasından, korrupsiya hüquqpozmaları ilə üzləşmələrindən şikayətləniblər:

“Bakı Metropoliteni” QSC-nin elektrik hərəkət qatarı maşinistinin vəzifəsi hərəkət təhlükəsizliyini təmin etmək şərti ilə sərnişin daşıma planını yerinə yetirməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı qərarında “maşinist” və “maşinist köməkçisi” peşələri zərərli və ağır istehsalatın peşə və vəzifələri siyahısında öz təsdiqini tapmışdır. “Bakı Metropoliteni” QSC sədrinin 25.09.2017-ci il tarixli 646 saylı əmrinə əsasən 10.10.2017-ci il tarixindən etibarən maşinistlər yeni iş qrafikinə keçirilmiş, “maşinist köməkçisi” ştatı ləğv edilmiş, çilingərin birbaşa tək işləyən maşinist peşəsinə keçirilməsi barədə göstəriş verilmiş və icra olunmuşdur”.

Şikayətnamədən bəlli olur ki, zəhmətkeşlərlə quldarcasına münasibətinə görə qatarları idarə edən maşinistlərin yuxuları kəsirdə qalır, o üzdən səhhət durumları, əmək qabiliyyətləri arzuolunan səviyyədən aşağı düşür:
“Yeni iş qrafikinə əsasən gecə saat 03.00-04.00 radələrindən başlayaraq (maşinistlərin yaşayış yerindən asılı olaraq vaxt tezləşdirilir) maşinistləri evlərindən götürüb işə gətirirlər. Küçə itlərinin hücumuna məruz qalma halları olduqda maşinistlər həkim komissiyasından keçmədən işə buraxılırlar. Dörd-beş saat işlədikdən sonra iş sona çatır. Yuxusuz qalmış maşinistlərin hərəkət təhlükəsizliyini necə təmin etmələri sual altındadır.
Maşinistlərə demək olar ki, istirahət günü verilmir. İstirahət günü işləyən maşinistlərə İnsan Resursları Şöbəsinin rəisi Əli Əliyev “öz hesabınıza yazıb neçə gün istəsəniz istirahət edə bilərsiniz” cavabını verir. Gecə saat 01.00 radələrində işi qurtaran maşinistlər ən tezi 02.00-03.00 radələrində evə çatır, növbəti gün yenidən işə çağırılırlar.

Bakı Metropoliteni sədrinin 25 yanvar 2016-cı il tarixdə təsdiq etdiyi Təlimatın 3-cü başlığında lokomotiv briqadalarının ən azı 85 %-nin fərdi iş cədvəlləri ilə işləməsi göstərildiyi halda indiyədək heç bir maşinistə fərdi iş cədvəli verilməyib. Həmin Təlimata əsasən aylıq iş qrafiki və əmək qanunvericiliyinə uyğun surətdə istirahət günlərinin verilməsinin ən geci növbəti təqvim ayının başlamasına 5 gün qalmış elan olunması təmin edilməli olduğu halda bu qayda icra edilmir (“Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqı arasında 2016-2019-cu illər üçün imzalanmış kollektiv müqavilə 9-cu başlıq, 9.8 bəndi; “Bakı Meropoliteni” ASC sədrinin təsdiq etdiyi 25 yanvar 2016-cı il tarixli Təlimat, 3-cü başlıq, 3-cü bənd.).
26.10.2017-ci il tarixdə “Bakı Metropoliteni” QSC-nin sədr müavininin yanında keçirilən müşavirənin 31 saylı protokolunda şəxsi nəqliyyat vasitəsi ilə işə gəlib – gedən maşinistlərə özləri ilə apara biləcəkləri maşinist həmkarları haqqında təqdimat yazıb rəhbərliyə təqdim etmələri barədə tapşırıq verilir, lakin həmin maşinistlərin təhlükəsizliyinə kimin cavab verəcəyi bilinmir. Həmin protokolda sədr müavini rəhbər işçi olan Hərəkət Qatarlarının İstismarı üzrə İş Departamentinin rəisi Əhmədov Akif Mirzə oğluna lokomotiv briqadaları ilə söhbət edərkən etik norma qaydalara riayət etməsini nəzərə çatdırır. Lakin A. Əhmədov indiyədək maşinistlərlə kobud rəftarından əl çəkmir, onları təhqir edir, qorxudur, işdə buraxdıqları nöqsanlara görə maşinistləri cəzalandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin, “Bakı Metropoliteni” QSC işçilərinin əmək intizamı haqqında Nizamnamənin, “Bakı Metropoliteni” QSC sədrinin təsdiq etdiyi 25 yanvar 2016-cı il tarixli Təlimatın tələblərini deyil, öz şəxsi maraqlarını nəzərə alır. Dəfələrlə rüşvət alması ilə əlaqədar məsələ qaldırılıb, rüşvət verən işçilərdən izahatlar alınıb, lakin nədənsə heç bir tədbir görülməyib.

Təlim – Tədris Mərkəzinin texniki kabinetində maşinistlər üçün vaqon kabinası trenajoru quraşdırılmışdır ki, bu da maşinistlərin biliyinin artırılmasına deyil, onların qorxudulmasına və A. Əhmədovun cibinə xidmət edir.
30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 bəndinə zidd olaraq maşinistlərin iclasları rus dilində aparılır. Həmin qanunun 1.1. bəndində göstərildiyi kimi, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. Necə olubsa, Azərbaycan dilində öz ad və soyadını yaza bilməyən, mədəni danışıq qabiliyyəti olmayan Akif Mirzə oğlu Əhmədov Hərəkət Qatarlarının İstismarı üzrə İş Departamentinin rəisi təyin edilib. Dəfələrlə rüşvət alınması ilə əlaqədar məsələ qaldırılıb, rüşvət aldığına görə İnsan Resursları Şöbəsinin rəisi Azər İsmayılov, rüşvəti yığıb A.Əhmədova veriyinə görə Orxan Novruzov tutduqları vəzifədən azad ediliblər, lakin A.Əhmədova “gözün üstə qaşın var” deyən olmayıb.

Qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi və sərnişinlərə xidmət göstərilməsini təmin edən “Dəmir Yolu və Metropoliten İşçilərinin ayrı-ayrı kateqoriyaları üçün iş və istirahət vaxtlarının tənzimlənməsi xüsusiyyətlərinin tətbiqi haqqında” Qanunun “Metropolitenin qatar briqadalarının iş vaxtının təşkili və iş saatlarının hesabatı” başlığının 4.1, 4.2, 4.3, 4.4, bəndlərinin heç birinə riayət olunmur. İş qrafikinin hansı əsaslarla tərtib olunduğu bilinmir. Ay ərzində maşinistin iş qrafiki verilmir, istirahət günləri yox dərəcəsindədir. Həkim komissiyası tərəfindən qan təzyiqi 160-170 olan maşinistlər işə buraxılırlar (A.Əhmədovun göstərişinə əsasən). Hər bir işi rüşvət həll edir. A.Əhmədov müavini E.Əzimova telefonda yazdığı bir rüşvət faktını sizə təqdim edirik: (şək.)
Maşinistlər yazırlar ki, şikayətləndiklərinə görə “Bakı Metropoliteni” QSC-nin Hüquq Şöbəsinin rəisi Adil Atakişiyev onları İdarəyə çağırtdırıb təzyiq yolu ilə heç bir hüquq müstəvisinə uyğun olmayan təhqiranə sözlərlə, hədə-qorxu gəlməklə izahat alıb:
“O, bizim iş qrafiki, trenajor, Akif Əhmədovun özbaşınalığı haqqında olan şikayətlərimizi əsassız hesab edib bizi dələduz adlandırdı, dövlət rəsmilərinə bizdən şikayət ünvanlayacağını, bizi tutduracağını, sıramızdan Rzayev Asifin müharibə veteranı olmağını əlində bayraq etdiyini təhqiranə şəkildə bildirdi”.

Şikayətçilər “Bakı Metropoliteni” QSC-nin maşinist kollektivi adından redaksiyadan böyük ümidlə problemlərinin ictimailəşdirilməsini, Metropolitendə qayda – qanunların yaradılmasına, maşinistlərin tapdanmış hüquqlarının bərpa olunmasına, Azərbaycan Respublikasının qanunlarının Bakı Metropolitenində də işləməsinə köməklik göstərilməsini xahiş edirlər. Onlar qeyd edirlər ki, şikayətlərdən sonra anormalcasına daha da hiddətlənən, ondan haqqını tələb edən işçiləri hər vəchlə “sındırmağa” çalışan, onlara trenajor imtahanı ilə pul tələsi quran, təhqirlərini daha da artıran Akif Əhmədovun təhdidləri hətta işdən qovulmaları ilə, maddi sıxıntı ilə üzləşəcəkləri ilə nəticələnsə də belə, yeraltı nəqliyyatın istifadəçilərini gözləyən təhlükə barədə sərnişinləri xəbərdar etməyi özlərinə vicdan borcu bilirlər. Çünki dəfələrlə yuxulu maşinistlərin stansiyaları ötüb keçdiklərini bildiklərindən onlar hətta öz ailə üzvlərinə yarıyuxulu maşinistlərin idarə etdiyi metrodan istifadə etməkdən çəkindirirlər.
İnanmaq istərdik ki, problem ictimailəşəndən sonra aidiyyəti qurumlar onun həllinə nail olacaq, hüquqpozma faktlarının araşdırılmasını təmin edəcəklər.
Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.

Nüşabə ƏHMƏD,
Araz.az

araz.az xəbər portalı.