Alqış HƏSƏNOĞLU
Son günlər AŞPA çevrəsində baş vermiş iki məqam heç cür yadımdan çıxmır.
Hadisənin biri otel otağının deşiyi, o biri zibil qutusunun deşiyi ilə bağlıdır.
Birinci…
Bu barədə bir neçə gün əvvəl sosial şəbəkədə yazmışdım… (Təkrarçılıq olmasın, həmin qeydləri bir daha bölüşürəm).
Lətifəsi İsveçrə parlamentinin AŞPA-dakı nümayəndəsindən uzaq: Böyük rus alimi Lomonosovun bədxahları çoxmuş. Deyirlər ki, bir dəfə xüsusi öyrədilmiş biri alimin cirıq cibinə işarə edərək soruşur: “Deşikdən alim görünür?”
Lomonosov özünü itirmədən dərhal cavab verir ki, deşikdən axmaqlar baxır.
Sözsüz ki, cibin deşik olması səliqə-səhman göstəricisi sayılmaz. Amma şəxsiyyəti onun pencəyinin cırıq yerindən mühakimə etmək adamı təlxək durumuna salır…
Mövzunu eninə yaymaq , uzununa dartmaq mümkündür. Təbii ki, baxır, deşik haradadır.
Aşsüzənin deşiyi onun dəyəridir. Qazan isə deşilən kimi dəyərini itirir – materialından və tutumundan asılı olmayaraq.
Qapıda deşiyin – yəni şüşəli gözlüyun olması vacibdir.
İsveçrə təmsilçisi Dik Marti Bakı otellərinin birində qapının deşiyindən baxa və əllərində şampan şüşəsi olan yarıçılpaq xanımları görüb qapını açmaya bilər. Burada qəbahət-filan axtarmağın yeri yoxdur.
Bu, cənab Martinin dik başını heç də aşağı eləmir. Amma o yekəlikdə təşkilatın – AŞPA-nın xirda bir deşiyə istinad edib hesabat hazırlaması əməlli-başlı məsxərədir.
Və bu fakt bəri başdan Parlament Assambleyasının yaydığı hesabat sənədin etbarsız, yəni deşik olması barədə təəssürat yaradır…
İkinci…
Bu səhnə məni bir xeyli uzaqlara apardı.
AŞPA-nın mənzil-qərargahında qəfil yaxalanan təmsilçimiz, millət vəkili Asim Mollazadə siqaretini tələm-tələsik söndürüb zibil qutusunun deşiyinə atir və elə tələm-tələsik də qapıya tərəf addımlayır.
Mən AŞPA-dakı zibil qutusunun deşiyi ilə otel qapısının deşiyi arasında əlaqə axtarmaqda o qədər də həvəsli deyiləm .
Hərçənd ki, belə paralel aparmaq ücün əsas və imkan var. Məsələn, demək olar ki, azərbaycanlı deputatı zibilə düşməkdən zibil qutusunun deşiyi, onun isveçrəli həmkarını otel qapısının deşiyi xilas edib və s…
Vurğulamq istərdim ki, Asim müəllimlə biz dostuq, aramızda xətir-hörmət saxlanılır.
Mən millət vəkilimizi o vəziyyətdə görmək istəməzdım.
Nə etməli ki, həmin səhnədə Asim müəllim özünü itirir və uduzurdu.
Həm də uduzan və itirən təkcə Asim müəllim deyildi…
Və o səhnənin fonunda Asim Mollazadənin uz tutduğu qapı (və ya qapılar) qapıdan daha çox qulplu, həncaməli açılıb-örtülən, dördkünc deşiyə oxşayırdı.
Dik Martinin qapı deşiyindən ürkək baxışlarla və siyasi həssaslıqla boylanması təbii və başadüşüləndir.
Adam nə edib ki? Sadəcə qapının deşiyindən çağırılmamış qonaqları görüb.
Qapının deşiyindən istifadə etmək qonaq və ya mülkiyyətçinin özəl hüququdur.
Amma qapıdan deşik kimi istifadə etməyin heç bir halda siyasi, hüquqi və mənəvi bəraəti yoxdur…
Sabah nə olacaq, birisi gün nə baş verəcək, o birisi gün nələr yaşanacaq?
Birmənalı və konkret cavab vermək çətindir.
Hissiyatım məni heç vaxt aldatmayıb.
Hiss olunur ki, asan olmayacaq.
Hər gün döyüşmək, mübarizə aparmaq, dirəşmək lazım gələcək.
Dövlətimiz, hökumətimiz yan-yörəsində bərkitmə işləri aparmalıdır.
Deşiklərə əl gəzdirməyin tam zamanıdır…
araz.az xəbər portalı.