“Elburus Orucov belə fikir yaymışdı ki, guya ermənilər Ağdərədən Kəlbəcərə hücum edib Ermənistana dəhliz açacaqlar…”
Yaxın günlərdə Şuşa və Laçının 26-cı qara “yubileyi” tamamlansa da, hər biri bir təbii qala olan bu dilbər guşələrimizin asanlıqla düşmənə təslim edilməsinin ağrı-acısı bir yana, həm də onların işğal sirlərinin açılmaması, işğalçı və terrorçu ermənilər bir yana, Azərbaycan hakimiyyəti və hərbi rəhbərlikdə buna şərait yaratmış xainlərin cəzalandırılmaması qəlbimizi yaxıb yandırır…
…26 il öncə bu günlərdə Şuşa və Laçın ətrafında təxribatlar baş alıb gedir, məntiqsiz əmr və göstərişlər verilirdi. 30 aprel 1992-ci ildə Azərbaycanın o vaxtkı Baş Qərargah rəisi Şahin Musayevin hazırlatdığı və müdafiə naziri Rəhim Qazıyevin imzaladığı əmrlə o dövr üçün kifayət qədər nizam-intizamla idarə olunan, polkovnik Arif Paşayevin komandirlik etdiyi Laçın alayı – 811 saylı hərbi hissə rəsmən ləğv olunaraq aprelin 22-dən Şuşa, Laçın, Qubadlı və Zəngilan bölgələri üzrə hərbi komendant təyin olunmuş polkovnik-leytenant Elburus Orucovun ixtiyarına buraxılır… Alay rəhbərliyi bu əmrə tabe olmasa da, şəxsi heyət bundan xəbər tutmasa da, qeyri-iradi komandanlıqda və döyüş əmrlərinin verilməsində pərakəndəlik və xaos yaranır…. Sonradan məhkəmədə və müsahibələrində sabiq müdafiə naziri Rəhim Qazıyev o günlər işin hədsiz çoxluğundan onu hazırlayanlara etibar etməklə həmin əmri əsl məğzi ilə tanış olmadan imzaladığını bildirir…
Moderator.az 1992-ci il mayın 1-dən 18-dək Laçında baş verənləri 811 saylı hərbi hissənin- Laçın alayının sabiq qərargah rəisi Rafiq Nağıyevin gündəlik və xatirələri əsasında nəzərinizə çatdırır.
(Yazının əvvəlki hissələri üçün bu linkə baxın: www.moderator.az/news/223703.html )
Mayın 6-sı gecə alay növbətçisi iki zabitin mənimlə görüşmək istədiyini dedi. Mayor Abel Hüseynov və rəhmətlik Tofiq Oğuz. Abel Elburus Orucovun kəşfiyyat rəisi idi. Qərargahda söhbət etdik. Söhbətimiz gecə yarıyadək davam etdi. Mənə məlumat verdilər ki, briqada komandiri Elburus Orucov Laçın alayının təcili şəkildə Fərəcan kəndi istiqamətindən Hadrutun Arpagədik kəndindəki erməni mövqelərinə hücum etməyini əmr edir. Belə ki , guya E.Orucovun aldığı kəşfiyyat məlumatlarına görə, ermənilər Ağdərə istiqamətinə güclü qüvvə toplayıblar… Məqsədləri Ağdərə-Kəlbəcər istiqamətindən Ermənistana dəhliz açmaqdır. Mən etiraz etdim. Dedim ki, yazılı əmr versin, icra edim. Abel Hüseynov dedi ki, yox, siz Fərəcan istiqamətindən hücum edin ki, ermənilərin qüvvələri parçalansın. Dedim ki, onlar fikir yayındırırlar, əslində hücum Laçın istiqamətindən olacaq…
Briqada komandirinin kəşfiyyat rəisindən onu da soruşdum ki, niyə Şuşadakı hərbçilər kütləvi surətdə məzuniyyətə buraxılır. Yenə dedi ki, ermənilər Ağdərədən Kəlbəcərə hücüm edəcəklər, sən bununla maraqlan…
Səhərə yaxın E.Orucovun yanından gələnlər geri – Şuşaya qayıtdılar…
Mayın 7-də səhər nisbətən sakitlik olsa da, günortadan sonra Qayğı qəsəbəsi Ermənistan istiqamətindən bir neçə dəfə atəşə tutuldu. Artıq Şuşadan əsgərlərlə yanaşı, zabitlər də məzuniyyətə buraxılırdı… İşğala bir gün qalmış…
Mayın 7-si axşam tərəfi Şuşa istiqamətindəki postdan bir zabit- 777 saylı hərbi hissənin kəşfiyyat bölük komandiri Nəbiyev Adil 20 əsgərlə Bakı şəhərinə məzuniyyətə gedirdilər…
Şuşa-Laçın məhkəməsundə aydin oldu ki, 7 may saat 19.00-da Şuşa icra başçısının otağında müşavirə keçirilib. Müşavirədə Elburus Orucov da iştirak edib. Müşavirə gedişində Müdafiə Nazirliyinin əməliyyat idarəsinin rəis müavini polkovnik M.Beydullayev zəng edərək bildirib ki, sabah səhər tezdən, yəni 8 mayda , Beynəlxalq Qırmızı Xaç təşkiatından Xankəndindən Şuşaya nümayəndə heyəti gələcək. Şuşada olan butun döyüş texnikaları, toplar gizlədilsin, yolda olan minalar təmizlənsin. E. Orucov birləşmə komandirlərinə, istehkam rəisi Daşdəmir Məmmədova bu barədə əmr verib. D. Məmmədov elə gecə ikən əmri icra edib. Dediklərimin hamısı Şuşa- Laçın məhkəməsində şahid ifadələrində öz əksini tapıb(Cinayət işi: №18/35309)…
(Davamı var)
Təqdim etdi: Sultan Laçın
araz.az xəbər portalı.