Azer-Q.jpg

Azər Qismət

Kaş axşam “El bizim sirr bizim” verilişinə baxmayaydım.

Mövzu pis deyildi: “Siz öz sənətinizə xəyanət edirsinizmi?”. Ancaq neyləyəsən ki, Elçin Əlibəylinin reytinq toplamaq istəyi işləri korladı. Anlayıram ki, verilişdə reytinq olmalıdır. Amma onsuz da mövzunun özü maraqlı söhbətlər gətirəcəkdi, daha bir xanım müğənnini dəvət edib birbaşa təhqir etmək nəyə lazım idi?!

Elçin Əlibəyli müəyyən yaş dövründə insana elə gəlir ki, o, dahidir. Bu, əsasən 20-29 yaş aralığında olur. Dünya psixoloqlarının araşdırmaları bunu deməyə əsas verir. Həmin yaş dövründə yaradıcı insanlara elə gəlir ki, dünyanın bir nömrəli televiziya aparıcısı, rəssamı, yaxud nasiridir. İllər keçdikcə anlayırlar ki, düşündüyü qədər deyilmiş. Lakin sizdə bu proses deyəsən bir az gec başlayıb.

Mövzunu yaxşı seçdiyiniz halda, o iki qadın müğənnini çağırıb bir-birinə diddirmək, sanki balıq satan qadınların davasına bənzətmək…reytinq üçün şişirdilmiş nömrə olmadı ki? Sizə elə gəlmədi ki, bir az artıqlıq etdiniz? Bilirəm, dünyanın televiziya aparıcılarının təcrübəsini oxuyursuz. Onu da oxumusuz ki, hər verilişdə “izyuminka” deyilən nəsə olmalıdır. Bu yerdə birdən soruşarsız ki, “sən televiziyanı bilməzsən, sənlik deyil”. Və mən də bu yerdə deyərəm ki, “jurnalistika fakültəsini televiziya ixtisası üzrə bitimişəm”. Deməli, nəsə deməyə haqqım çatır.

Televiziya jurnalistliyi etibarsızlıq sindromudur. Tamaşaçılar da etibarsızdır. Kardlar ötüb keçir. Yadda nəsə qalmalıdır. O “izyuminka”nı siz balıq satan qadınların davasında görürsüz. Bu yerdə də deyəscəksiz ki, “xalqın yadında o qalmaqal qalır”. Nisbətən aşağı təxəyüllü tamaşaçıların nəzərində bu dırnaqarası “izyuminka” yadda qala bilər. Ancaq ən azından 3 səhifə kitab oxumuş mənim kimilər üçün idbarlıqdır. Belə təhqirləriniz isə əks effekt doğurur.

Məsələn, Maral Tahirqızını o cür təhqir etməyiniz, “siz qara nöqtəsiz”, prikolajsız” ifadələriniz yalnız 1 dəqiqəlik gülüşlə müşayiət oluna bilər. Tamaşaçı uzaqbaşı 1 dəqiqə güldü. Qalan vaxtlarda isə unuduldu. Əks effekt onda doğurdu ki, heç vaxt zövqümdə olmayan Marala yazığım gəldi. Çoxlarının yazığı gəldi. Bir qadın o studiyada tək qalmışdı. Amma necə böyük ürək sahibi oldu ki, o cür təhqirlərə təhqirlə cavab vermədi. Və belə yazıqlıq məndə ona qarşı humanizmi artırdı. Belə olan surətdə onun dırnaqarası yaradıcılığını dırnaqdan çıxardım. Bu, sizin gülüş oyatmaq səhnənizin əks effekti.

Elçin Əlibəyli, efir sinəni qabağa verib, əzələ nümayiş etdirmək yeri deyil. Bunu yaxşı bilirsiz. Əgər kiməsə efir verilibsə, müzakirələrdə təhqirə yol verməməli, ittiham dolu çıxışlar edilməməlidir. Televiziyanı məhkəmədən, “vorobskoy” aləmdən ayıran cəhətlər də bunlardır. Dədə Qorqud məsləhərli, müstəntiq ittihamlı verilişlərin sayı kifayət qədərdir. Halbuki verilişin öz məcrasında getməsi üçün aparıcının sakit dayanması, hərdən suallarla yön verməsi, hərdən qımıldanması da kifayətdir. Elə Lari Kinqi götürək. Müsahibinin danışığına qımıldanmaqla reaksiya verib verilişi istədyi səmtə yönəldir. Hərdən belələrinə də baxın. Yoxsa Malaxov tipli verilişlər peşənizin əsas elementi olmasın.

Hərdən kənardan nə etdiyinizi də anlamağa çalışın. Super mövzular seçirsiniz, verilişdən əvvəl “inisirovka” qurursunuz (yeri gəlmişkən, süni səhnələr və əsas mərkəzi oyunçular hiss edilir), balıq satanları ortaya atırsız. Bu hələ son deyil. Siz milli musiqilərimizi ələ salmaq müzakirələrinə yol verirsiz, öz sözünüzlə desək prikolaj səviyyəsinə çatdırırsız. Rasim Balayev kimi sənətkarları ittihamdan da çəkinmirsiz. Sizə elə gəlmirmi ki, sabah efirdən getsəniz, tez unudulacaqsız. Bəlkə bu fürsət əlinizdə varkən, milli düşüncənin doğru yola istiqamətlənməsi kimi tarixi missiyanı üzərinizə götürəsiz, nəinki balıqsatan davasını xatırladan qalmaqallarla.

Bilirəm, bu yazını da reytinqinizin artımına hesablayacaqsız. Ancaq təkrar edirəm ki, televiziya jurnalistliyi etibarsız peşədir. Bu gün efirdəsiz – varsız, sabah yoxdur, Elçin də yada düşməyəcək. (http://qafqazinfo.az)

araz.az xəbər portalı.