nerimanov.jpg

Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür.

Şərqdə ilk Cümhuriyyəti quranlar, bu Cümhuriyyətin yaşayacağına inanırdılar. Lakin 1920-ci ilin aprelində Rusiya öz iti caynağını Azərbaycana da uzatdı. 23 aylıq özgürlük içərisində yaşayan Azərbaycanı istila edən bolşevik Rusiyası, burada amansız maddi və mənəvi terror həyata keçirtməyə başladı.

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simaları təqib və terrora məruz qaldılar. Cümhuriyyət hökumətinin bütün nümayəndələri kimliyindən asılı olmayaraq məhv edilirdi. Çoxları bu təqiblərdən qaçaraq mühacirətə üz tutsada, rus terror maşını onlardan əl çəkmək istəmirdi. Cümhuriyyətin nurlu simalarını çoxu Nargin adasında, bir çoxu Gəncə üsyanı zamanı öldürülür. Bir çoxunu isə ölümün cəngindən Nəriman Nərimanov xilas edir. Danılmaz faktdır ki, məhz Nəriman Nərimanovun çətinliklə xilas etdiyi insanları bir çoxu onun köməkliyi ilə mühacirətə gedir. Mərhum yazıçı Zakir Sadatlının Türkiyə türkçəsindən dilimizə çevirdiyi Əziz Alpoudun “Həyatımın hekayətləri” əsərində maraqlı məqamlar var. Məhz bu xatirələrdə Əziz Alpoud etiraf edir ki, yüzlərlə müsavatçı Nəriman Nərimanov tərəfindən repressiya maşınının caynağından xilas olub.

Azərbaycanın ilk neft mühəndisi olan Yusif bəy İbrahimli qətlə yetirilən tanınmış simalardan biri olub. Azərbaycanın ilk neft mühəndisi olan Yusif bəy İbrahimli 1920-ci ildə bolşeviklər tərəfindən qətlə yetirilib. Nəriman Nərimanov Yusif bəyə Azərbaycanda qalmağa israr etsədə o, silahdaşı Nəsib bəy Yusifbəyli ilə Azərbaycanı tərk etməyə qərar verir. Lakin onlar 1920-ci ilin mayın 31-də Əliheydər Qarayevin adamları tərəfindən Kürdəmir uyezdinin Qarxun kəndində qətlə yetirilir.Nəsib bəyin qəbri sonradan tapılır və nəşi Gəncədə dəfn edilir. Yusif bəyin məzarı isə tapılmır.

Nəriman Nərimanov tərəfindən xilas edilənlərdən biri də milli hökumətdə hərbi nazir, sonra əmək naziri vəzifələrində çalışan Xosrov bəy Soltanov idi. Yaxın dostu Nəriman Nərimanovun köməkliyi ilə həbsxanadan azad edilən Xosrov İstanbula köçür və 1947-ci ildə orada vəfat edir.

Qətlə yetirilənlərdən biri də Cümhuriyyətimizin aparıcı simalarından Fətəli xan Xoyski idi. O, Rusiya II Dövlət Dumasının deputatı olmuşdu, milli hökumətin ilk Baş naziri idi. F.Xoyski də bir çox silahdaşları kimi Cümhuriyyətin süqutundan sonra, 1920-ci ildə Tiflisə köçür. Həmin il iyunun 19-da orada erməni daşnakları tərəfindən qətlə yetirilir.

Nəriman Nərimanovun:“Mənim balaca xalqımın böyük ürəyi var. Kiməsə qul olmağa razılaşmaz”- sözləri bəlkə də onun ölümünü tezləşdirib. Nəriman Nərimanov bolşevizmə sidq ürəklə inansa da, eyni zamanda millətçi idi. Onun Cümhuriyyətin görkəmli simaları ilə gözəl dostluğu var idi. Yüzlərlə insanı xilas edən Nəriman Nərimanova erməni müstəntiqin “bu insanların güllələnməsi üçün təklifi siz hazırlamalısınız? Sualına sərt cavab verir : “-100 nəfərin güllələnməsini təklif edirsiz?. Mən isə onları heç tanımıram. Niyə bu təklifi mən imzalamalıyam?”

Nəriman Nərimanovun Azərbaycan xalqı qarşısında ən böyük xidmətləri sırasında onun 1925-ci ilə qədər, vəfat etdiyi günə kimi cümhuriyyətçilərin qorunmasına çalışmasını xüsusi qeyd etmək yerinə düşər. Taleyin gərdişinə bax, yüzlərlə insanı ölümün caynağından qurtaran, onları qoruyan Nəriman Nərimanov özünü qoruya bilmədi. O, Moskvada 19 mart 1925-ci ildə ermənilər tərəfindən zəhərlənərək öldürüldü.

Qoşqar Salmanlı

araz.az xəbər portalı.