İlham İsmayıl
İnqilab o ölkələrdə baş vermir ki, vətəndaşlar uzaq keçmişdə azad və ədalətli cəmiyyət mübarizəsi aparıb istəklərinə nail olublar və onilliklərdir uğrunda çalışdıqları dəyərin dadını çıxararlar. İnqilab bir də qorxu və xofun hakim kəsildiyi cəmiyyətlərdə, onları əzənlərə qul sevgisi bəsləyən, normal bir sistemin ola biləcəyini təsəvvür etsələr də, onun uğrunda kütləvi mübarizə aparmağa qorxan, ictimai-siyasi şüur səviyyəsinin çox-çox aşağı olduğu ölkələrdə olmur, ya da çox gec olur.
İnqilab edənlər azadlıq və ədalət uğrunda mübarizə edən ölkələr və xalqlardır ki, zülm və diktaturaya yox deyib, azad cəmiyyət yaratmaq və azad yaşamaq istəyirlər. “Qızılgül inqilabı”, “ərəb baharı”, “narıncı maydan” inqilabı və sairə şahid olduğumuz inqilablar, bir də “məxməri inqilab”.
O inqilablara məxməri deyilir ki, çevriliş, dəyişiklik qansız-qadasız baş verir, necə ki düşmən Ermənistanda baş verdi. Ermənistandakı “məxməri inqilab”ın sifəti Nikol Paşinyandır. Əynindəki beysbolka, kamuflyaj köynək, aşırma çanta, üzü tüklülük ilk baxışda Ermənistanın özünə milli qəhrəman düzəltdiyi Nikolay Rıjkovun onun haqqında dediyi “duraçok” təəssüratını yaratsa da, Paşinyan keçmiş SSRİ-nin baş nazirini (həm də yalnız onu yox) pərt vəziyyətinə saldı və inqilabçı olduğunu sübut etdi.
Amma Paşinyan məhz görünən tərəfdir. İnsanlar küçələrə Paşinyana görə tökülməmişdilər, insanları küçəyə çıxaran, etiraz etməyə sövq edən Sərkisyanın 10 illik, Qarabağ klanının 20 illik hakimiyyəti idi. Demokratik dəyərlərlə bir az hesablaşmasına baxmayaraq Ermənistan əhalisinin bütün təbəqələri klan hakimiyyətindən bezdiyinə görə etiraza qoşuldular. Sərkisyanın prezidentlik müddətinin sonunu səbirlə gözləyən cəmiyyət onun yenidən hakimiyyətdə qalmasına tab gətirmədi, partladı.
Paşinyan bu etirazın önündə ona görə sonadək dayana bildi ki, arxa cəbhədən arxayın idi və xalqın mövcud hakimiyyətə nifrətini bildiyindən parlamentdən mədəni şəkildə qovulanda bacadan girməyi bacardı. Sərkisyan idarəetməsinin perspektivsizliyini hətta ətrafındakılar da dərk etdiyindən faktiki olaraq komandası onu müdafiə etmədi. XXI əsrin əvvəlində Cənubi Qafqazın iki dövlətində “qızılgül” və”məxməri” inqilabların şahidi olduq.
Bəs indi düşmənimiz Ermənistanda nələr olacaq və biz nə etməliyik? Bu sual bizim üçün ona görə aktualdır ki, hakimiyyət dəyişikliyinin Qarabağ konfliktinə necə təsir edəcəyini, konfliktlə bağlı yeni iqtidarın siyasətinin incəliklərini analiz edib uyğun siyasət aparmaq lazımdır. Məndən olsa, uyğun siyasətdən çox Qarabağ məsələsində inqilab təsiri bağışlayan siyasətə keçmək lazımdır. Aydındır ki, ən demokrat erməni də bizə könüllü olaraq Qarabağ qaytarası deyil, əksinə, düşmən daxili siyasətdə demokratik idarəetmə prinsiplərinə əməl edib Qərblə ehtiyatla davranma, Rusiyanın qorxusundan məsafəli dayanma siyasətindən tədricən imtina edəcək və Qərbi də öz tərəfinə çəkəcək. Rusiyanın bu hakimiyyət çevrilişində özünü zahirən sakit aparmasına səbəb erməni inqilabının Ukrayna maydanından fərqli olaraq anti-Rusiya xarakteri daşımaması idi. Baxmayaraq ki, inqilab lideri ölkəsinin Rusiya satellitliyindən çıxıb bərabərhüquqlu münasibətlərdə olması tərəfdarıdır. Sərkisyan da son illərdə Rusiyaya təzyiqini artırıb Avropa İttifaqına yaxınlaşmışdı və bu proses Paşinyanın baş nazirliyi dövründə daha geniş formatda davam edəcək, eyni zamanda Rusiya Silahlı Qüvvələrinin 102-ci bazasının Gümrüdə dislokasiyası da qalacaq. Yəni demokratik idarəetmə sistemi qurub əsasən sakit, seçkilərlə hakimiyyət dəyişikliyi mexanizmini yaradacaq. NATO ilə formal əməkdaşlıq edib, rus qoşunlarının da Gümrüdə qalmasını saxlamaqla Rusiyanı da məmnun edəcək ki, Qarabağ problemində başlıca rol oynayan dövlətin qəzəbinə tuş gəlməsin.
Yəni Ermənistanda baş verən siyasi kataklizmlər dövlət kimi Ermənistanın mövqeyini birmənalı olaraq gücləndirdi, üstəlik, erməni cəmiyyəti klan hakimiyyətinə, ədalətsizliyə son verdiyinə görə çox böyük ruh yüksəkliyi yaşayır. Paşinyanın bəyanatlarından hiss olunur ki, düşmən ölkənin iqtisadi artımı diasporun investisiya axını ilə güclənə bilər. Yeni hakimiyyətin monopoliyanı, korrupsiyanı aradan qaldırmaq, klan idarəçiliyinə son vermək, demokratik idarəetmə prinsiplərini həyata keçirmək haqqında vədləri Ermənistan vətəndaşlarını, cəmiyyətini daha da ruhlandırıb, beynəlxalq aləmdə nüfuzunu qaldırıb. Ona görə də Ermənistandakı keçici siyasi böhranı “düşmən kapitulyasiyanın bir addımlığında” kimi dəyərləndirənlər yanılır. Axı biz müharibə aparmırıq ki, düşmən də kapitulyasiya etsin. Kim fikirləşir ki, Ermənistan dağılır, “kapitulyasiya” edəcək – yanılır. “ Ermənistan dağılır” deyənlər hansı strateji düşüncəni əsas gətirirlər? Yoxsa zənn edirlər ki, bunlar “dağılır” deyəndə İrəvan dağılacaq və buna birinci erməni inanacaq? Bu, Məstəli şahın “Parisi dağıtmasına” bənzəyir və hiss olunur ki, “jurnalist Qulaməli” barıtı bir az çox edib. Necə deyərlər, “heç vaxt düşmənlərin səfehliyini, dostların da sədaqətini şişirtməyin”.
Ermənistandakı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan diplomatiyası bu günlərdə çox sərt mövqe göstərməli idi: qeyd etdiyim kimi, Qarabağ siyasətində inqilabi çevriliş lazımdır. Məsələn, bu gün Dağlıq Qarabağın yekun statusunu o bölgədə keçiriləcək referendumla müəyyənləşdirməyi nəzərdə tutan Madrid prinsiplərindən tam imtina edilməli, nümayişkaranə o sənədi cırıb atmalı, danışıqları sıfırdan başladığımızı elan etməliyik.
Paşinyan çox güman ki, baş nazir olan kimi Qarabağa gələcək. Azərbaycan tərəf indidən bəyanat verməli, Paşinyanın Qarabağa gəldiyi halda atəşkəsi pozacağını və müharibəyə başlamaq hüququndan istifadə edəcəyini, məsuliyyəti də Ermənistanın daşıdığını bəyan etməlidir. O gəldiyi gün biz Qarabağ cəbhəsində düşmən tərəfin ərazi və canlı itkilər verəcəyi ilə nəticələnən hərbi hərəkətlərə başlamalı və danışıqlar haqqında indidən kəskin mövqeyimizi göstərməliyik. Yeddi rayon qaytarılmasına konkret vaxt verməli, yalnız bundan sonra danışıqları bərpa edəcəyimizi bildirməli, əks halda müharibəyə başlayacağımız haqqında bəyanat verməliyik!
Çevik, sərt, hətta hədə dolu diplomatik bəyanatlar verməkdən və ən əsası, onu möhkəmlədən hərbi addımlar atmaqdan çəkinmək lazım deyil. Tarixən heç kimin gözləmədiyi, sadə görünən, amma praktik olduğundan atılan addımların, siyasi gedişlərin effektivliyini bilirik. 1961-ci ilin avqustuna qədər ikiyə bölünmüş Berlində gediş-gəlişə mane olmaq üçün çox çarə axtarırdılar, axırda SSRİ rəhbəri Xruşşov Varşava Müqaviləsi Təşkilatının iclasına təklif göndərir ki, ortadan divar hörsünlər. Primitivdir, deyilmi? Amma praktik oldu. Vətən torpağı məsələsində “kiminsə xətrinə dəyər, kiminsə xoşu gəlməz, filankəsə söz vermişəm” kimi kompleksdən uzaq olmaq lazımdır. Bir də daxili siyasətdə “bu, kiməsə xoş gəlməz, Avropa, Amerika nə deyər” siyasətindən uzağıqsa, Qarabağ məsələsində niyə bu ərkəsöyünlük edilməsin? Rusiya ilə Ermənistan arasında üzdə yaranan gərginlikdən maksimum yararlanıb “Rusiya nə deyər, nə edər” kompleksindən də uzaq olmalıyıq. Rusiyanın dostu, qardaşı Ermənistan bunu nəzərə almırsa, biz situasiyanı niyə boş buraxırıq?
Paşinyan payızda keçirilməsi planlaşdırılan parlament seçkisinə kimi ciddi islahatlar aparacaq ki, kütlə onun arxasınca gəlsin, özünü və ya öz namizədliyi olmasa da istədiyi siyasi qüvvəni, şəxsi baş nazir postuna əyləşdirə bilsin. Biz bu prosesə müşahidəçi, tamaşaçı olmaqla düşmənə islahatlar aparmağa, güclənməyə imkan yaratdığımızın fərqində deyilikmi?
Kəsəsi, Qarabağ siyasətində inqilab olmalıdır! Azərbaycan dövləti Qarabağ siyasətində diplomatik və hərbi inqilab etməlidir!
İlham İsmayıl
araz.az xəbər portalı.