3636475858“Azərbaycanla bağlı tutduğunuz mövqeyinizin səbəbini bilmək, məntiqini anlamaq olarmı? Nədən bütün səsvermələrdə az qala həmişə CHP mənsubları Azərbaycanın əleyhinə səs verir?”

İllər əvvəl Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) binasının girişində Türkiyənin Cumhuriyyətçi Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu ilə görüşümdə ona bu sualı vermişdim.

Kılıcdaroğlu ümumi sözlər və ibarələrlə yaxasını kənara çəkdi.

Və elə orada, elə həmin sual-cavab bitənə yaxın AŞPA-nın türkiyəli deputatlarından biri istehza ilə söyləmişdi: “Çöldəki düşmənlə bacararıq, bəla içdəki düşməndir”.

Sərt ifadə, ifrat suçlamadır.

Türkiyənin Cumhuriyyətçi Xalq Partiyasının rəhbərliyini və ələlxüsus da lideri Kamal Kılıcdaroğlunu Azərbaycanın düşməni hesab etmirəm.

Lakin o, “düşmənçilik” kəlməsinə çox yaxın məsafədə durub.

Kılıcdaroğlu və partiyasındakı əlalaltıları ən önəmli məqamlarda daim Azərbaycana qarşı çıxıblar.

1968-cı ildə çəkilmiş “Qanun naminə” filmində böyük Rza Təhmasibin canlandırdığı “Qaloş” obrazı yadınızdamı?

74 yaşlı Kamal Kılıcdaroğlu eynən həmin Qaloşdur: sadəcə, fərqli formada, biçimsiz reinkarnasiyada.

AŞPA-da Azərbaycana və Türkiyəyə qarşı yönələn, tamamən destruktiv və qərəzli hesabatların, uydurma “siyasi məhbus siyahıları” ilə bağlı məruzələrin səsə qoyulduğu vaxtlar CHP-li deputatlar permanent olaraq sənədləri dəstəkləyiblər.

Ankara və Bakıya qarşı olan nə varsa, bu deputatlar mübah biliblər.

Azərbaycan enerjidaşıyıcılarının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulmuş transregional və beynəlxalq layihələrin istisnasız olaraq hamısının (!) layihə mərhələsindəki ictimai müzakirələrində CHP rəşbərliyi birmənalı olaraq əks mövqelərdə durub.

2004-cü ildən üzübəri, son 18 ildə bir dəfə də olsun CHP rəhbərliyi Azərbaycanın siyasi, geosiyasi və iqtisadi  təşəbbüslərini dəstəkləməyib.

CHP rəhbərliyinin və partiya funksionerlərinin ölkəmizlə bağlı qeyri-adekvat, absurd çıxışlarının, suçlamalarının və bəyanatlarının statistikası “dolğun”dur: iqtibaslar gətirib sadalanmalara varmaq istəməm.

Sadəcə, son olaya nəzər salaq.

CHP-li millət vəkili Aykut Erdoğdu partiyasının sədri Kamal Kılıcdaroğlunun davranışını təkrarlayaraq, zərrə qədər bələd olmadığı, təfərrüatlarını bilmədiyi, nüanslarından hali olmadığı məsələ ilə bağlı rəsmi Ankaranı və Bakını suçlayıb.

Anadoluda haqqında “ateş olsa cürmü kadar yer yakacak” deyilən Erdoğdu Twitter-dəki akkauntunda yazıb: “Nədən evinizdə səfalət içində donarkən ifrat təbii qaz ödənişlərinə pul verməli olursunuz? Səbəb təbii qaz alışlarında milyardlarla dollarlıq oğurluq və mənimsəmələrlə bağlı iddialardır. Bu iddiaların Azərbaycan xalqını yaralamasını istəməm. Amma Türkiyədə iqtidarda olan AKP rəhbərliyi ilə bağlı olan insanlarla təşkilatların hansısa formada bu işlərə boşalması qaçılmazdır”.

“Azərbaycan xalqının yaralanmasını istəməm” yazan A.Erdoğdu əslində bizi suçlayır.

Halbuki…

21 il əvvəl, 2001-ci ilin martın 12-də Azərbaycanla Türkiyə arasında təbii qaz ixracatı ilə bağlı imzalanmış anlaşmaya görə, Ankara Bakıdan aldığı “mavi yanacaq”ın hər 1000 min kubmetrinə 70-120 dollar arasında məbləğ ödəməlidir.

Yəni dünya bazarlarında təbii qaz ifrat ucuzlaşarsa 70, bahalaşarsa maksimum 120 dollar.

Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycan arasındakı müqavilənin şərtini bəsit anlatsaq, belədir: “Dünya bazarlarında qiymətlərin trendlərindən asılı olmayaraq, Azərbaycandan aldığı təbii qaz üçün Türkiyə ən ucuzu 70, ən bahası isə 120 dollar ödəməlidir”.

Anlaşmanın imzalanmasından 21 il keçir. Bu illər ərzində təbii qaz bazarındakı situativ durum dəfələrlə və fasiləsiz dəyişib, şərtlər fərqli hal alıb, amma müqaviləyə Bakı qeyd-şərtsiz əməl edib, belə də davam edir.

Lakin ötən illlər ərzində SOCAR Türkiyədə qaz emalı müəssisələri yaradıb, Azərbaycanın “mavi yanacağı”nı Türkiyə ərazisindən keçməklə Avropa Birliyinə çıxaran bir sıra yeni marşrutlar istifadəyə verilib, konyüktur dəyişib və s.

CHP mənsubları 70-120 dollarlıq limitin 2010-cu ilin aprelin 10-da ləğv edilməsini iddia etsələr də, yalan danışırlar.

Təbii ki, sadalanan amillərlə məqamlar müqavilənin bir sıra müddəaları ilə bəndlərinə əlavələrlə dəyişiklikləri qaçılmaz edib.

Türkiyədə istehlakçılar üçün mavi yanacağın Bakı tərəfindən bahalaşdırılmasından savayı.

Həmin anlaşmanın reallaşmasında, Azərbaycandan alınan təbii qazın Türkiyədə pərakəndə paylanması və istehlakçılara çatdırılması, xüsusilə də tarif siyasətində süni dəyişikliklər yoxdur.

Rəsmi Ankara ölkə vətəndaşlarına satılan təbii qazı qəsdən bazalaşdırmır, bahalaşmanı da korrupsiya və ya rüşvətxorluğa qurşanmış şəxslərlə təşkilatların əməlləri hesabına gerçəkləşdirilən əməl etməyib.

Çünki həmin əməlin özü yoxdur.

Aykut Erdoğdu “araşdırma”larını davam etdirdiyini vurğulayaraq bəyan edir ki, sən demə, Azərbaycnın təbii qazını Avropa Birliyinə nəql edən TAP və TANAP layihələri də “rentabelli deyil”. Üstəlik o, TANAP-ın Türkiyə ərazisindən keçən hissəsinin inşasını reallaşdırmış “Fernas”, “Tekfen” və “Yüksel-Akkord” şirkətlərinin “çox qaranlıq işlərlə məşğul olduqlarını” iddia edir.

Erdoğdunun “araşdırma”sının həvəskar səviyyəli, diletant demaqogiya oldğuna dəlalət edən məqamlardan sadəcə biri: “Bilirsinizmi ki, “Tekfen” şirkəti faktiki olaraq Mübariz Mənsimova məxsusdur, Mənsimovun da Türkiyənin hakimiyyəti və Azərbaycanın SOCAR şirkəti ilə çox sıx, geniş əlaqələri var”.

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə bu ifadələrə yer vermək A.Erdoğdunun iddialarının marazm səviyyəsini ortaya qoyur, çünki Türkiyənin hakimiyyət dairələrinin Mənsimova münasibəti bəlli.

SOCAR isə illərdir ki, M.Mənsimovla məhkəmə çəkişmələrindədir və sözügedən iş adamından böyük məbləğdə təzminatları məhkəmə qərarları vasitəsilə alıb.

… Sözün vaxtına çəkdiyini bica yerə söyləməyib atalarımız. Ötən ilin bu vaxtı CHP-də siyasi ekspertlərin sonradan “zəlzələ” adlandıracaqları bir olay yaşandı.

Ölkənin ən tanınmış siyasətçilərindən biri, CHP-nin çağdaş ideoloqlarından və populyar funksionerlərindən biri, bəlkə də birincisi Muharrem İncə partiyadan istefa verib və “Min gündə məmləkət hərəkatı” adlı siyasi təşkilat yaratmışdı.

İnce istefa qərarı ilə belə demişdi: “Müxalifət partiyadaxili demokratiyanı yox edərək millətə demokratiya vəd etsən, heç kəs sənə inanmaz. CHP-də Atatürk deyə bilməyən CHP-çi rəhbərlərin olması bizi məyus edir. Bu gün yolayrıcında olduğumu bilirəm. Partiyanı idarə edənlər partiyanın övladlarına iftira atıb. Ortada prinsip və dəyər qalmayıb. Layəqət yoxdur. Atatürkün partiyası qalmayıb. Atatürk deyə bilməyənlərdən yolumu ayırıram. Saxta CHP-çilərlə yolumu ayırıram. FETO-çuları qoruyanlarla yolumu ayırıram. “Təəssüf ki, Türkiyə Azərbaycana yardım etdi” deyənlərlə yolumu ayırıram. ABŞ-dan demokratiya dilənənlərlə yolumu ayırıram. “Liviyada nə işimiz var” deyənlərdən ayrılıram”, – o vurğulayıb.

Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişafına qarşı çıxan, bunu sürəkli bəyan edən, rəsmi Ankaranın daxili və xarici siyasətini Avropa Birliyi ilə ABŞ-dan alınan təlimatlar əsasında “sərt” tənqid edən Kamal Kılıcdaroğlunun gerçək simasını göstərən məqamlardan biri də onun terrorçu PKK təşkilatına açıq-aşkar rəğbət bəsləyən, Abdulla Ocalanı özünə lider sayan “Xalqların Demokratiya Partiyası (HDP) ilə siyasi ittifaq qurmalıdır.

Hakimiyyət ambisiyalarını Ocalan tərəfdarları ilə qucaqlaşaraq “biz birik, qardaşıq, şəmfikirik” deyən məxluqlar Mustafa Kamal Atatürkün qurduğu CHP-nin təməl prinsiplərini çoxdan bir kənara atıblar.

Zatən, marionetlərin prinsipi olmaz ki…

Elçin ALİOĞLU,

Milli.Az.

araz.az xəbər portalı.