Ramiz Mehdiyev elmdən bixəbər birini Nəcəf Müseyibli kimi peşəkarlara direktor təyin edib
“İndi oxuyuram ki, AMEA prezidenti Ramiz Mehdiyev elmdən bixəbər birini Nəcəf Müseyibli kimi peşəkarlara direktor təyin edib”.
Bu barədə AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb.
Statusu olduğu kimi təqdim edirik:
“Həyatda ən sevmədiyim şey yerliçilik və rüşvətxorluqdur. Bu, LAYİQ İNSANın haqqına girmək deməkdir.
Əgər bir zamanlar test üsülu tətbiq olunmasaydı, mən Respublika Tarix Liseyində oxuduğuma görə, birbaşa BDU-nun Tarix fakültəsinin 3. kursuna qəbul olunacaqdım. Çünki 8, 9, 10 sinifləri BDU-nun Tarix fakültəsinin proqramı ilə keçmiş, test sistemi tətbiq olunduğundansa, orta məktəbin 11-ci sinfini ümumiyyətlə oxumadan ekstern yolla məzun olmuşam. Yaşıdlarımın “Hüquq”a can atdığı dövrdə mən bilərəkdən FƏLSƏFƏ ixtisası üzrə ali təhsil almışdım. Bakalavr və magistr pillələri üzrə diplom işlərim praqmatizm fəlsəfəsini, Fridrix fon Hayekin azadlıq fəlsəfəsi əhatə etməklə sosial fəlsəfə tarixinə aiddir. Bu, bir adamın eyni zamanda üç ixtisasa-sosiologiyaya, fəlsəfəyə və tarixə yiyələnməsi deməkdir ki, özümü bu çətinliyə verməkdən çəkinməmişəm. Tələbə yoldaşlarım bilir, heç zaman “5” almağa çalışmamışam, yaşıdlarım imtahandan çıxmağa can atanda, mən, məsələn “insan gəmiyə birinci minib, yoxsa ata” kimi suallara cavab arayaraq elmi ədəbiyyat oxumuşam. Sizə sıradan bir sual kimi gələ bilər, amma geniş elmi mövzulardır- iki fərqli sivilizasiya deməkdir. Fəlsəfə və sosiologiya ilə bağlı daha dərin mövzuları öyrənməyə çalışmışam. Bütün bunları özümü tərifləmək üçün yox, müəllimlərim haqqında rəy yaratmaq üçün deyirəm.
Kim olub müəllimlərim?
Bərdə rayonu Qaradamərçi kənd məktəbindəki unikal müəllimlərimi indi sadalamayacam, fəlsəfə üzrə böyük alim Cəmil Əhmədlini də vurğulamayacam. Hər biri qəlbimdədir, yaddaşımda və nailiyyətlərimdədir.
Liseydə Yaqub Mahmudovun, Kərim Şükürovun, Kərəm Məmmədovun, “Azıxantrop”u tapan Məmmədəli Hüseynovun, etnoqrafiya üzrə çox görkəmli alim Həvil Həvilovun, keçmiş SSRİ xalqlarının tarixini bizə tam fərqli qaynaqlardan öyrədən Zemfira Məmmədovanın, Gülxanım Qarayevanın, Rövşən Aslanovun, “20 saylı”dan Sabir müəllimin, rəhmətlik Firəngiz xanımın yetirməsiyəm axı…
Bizim o fədakar, işıqlı müəllimlərimizdən biri də mənə luseydə “Dünya mədəniyyəti tarixi”ndən dərs demiş Nəcəf Müseyibli idi. Bu gün mən heç nə mütaliə etməsəm belə, məhz Nəcəf müəllimin mühazirələri sayəsində- dəftərim hələ də durur- dünyanın istənilən qədim mədəniyyətindən heç olmasa 10 dəqiqə danışa bilərəm…
Nəcəf müəllim naxçıvanlı idi- Sədərəkdən. Gənc, hündür, gözü qıyıq bir türk övladı idi. Bizim liseydə siyasi müzakirələr də gərgin olardı. O zamandan bir neçə gerçək Heydər Əliyevçi tanıyıram, biri məhz Nəcəf müəllim idi. Nəcəf müəllim heç zaman vətəndaş mövqeyindən kənarda siyasətə qarışmadı, regional mənsubiyyətini qabartmadı, özünü elmə həsr edib AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda dişi və dırnağı ilə akademik karyera qazandı. Arxeologiya üzrə doktor, professor oldu. Bizim müəllimə yaraşan da bu idi, amma gəlin, Nəcəf müəllimin akademik bioqrafiyasına baxaq. Son on illərdə neolit, xalkolit, tunc, dəmir dövrü üzrə Azərbaycanda aparılmış ən mühüm tədqiqatlarda o var.
Fotoda: Nəcəf Müseyibli
“Əsrin müqaviləsi”ndən sonra çəkilən kəmərlərin altını elmi baxımdan tədqiq edən məhz odur. Naxçıvanda “Gəmiqaya” kimi elm üçün misilsiz arxeoloji abidələri məhz bizim Nəcəf müəllim tədqiq edib. Ağstafada neolit, Şəmkirdən bir az şimaldakı Leylatəpədə xalkolit dövrü üzrə son 15-20 ildə ən mühüm tədqiqatları o aparıb. Vətənə, dövlətə, elmə bu xidmətlərin nəticəsi nədir, bilirsinizmi?
İndi oxuyuram ki, AMEA prezidenti Ramiz Mehdiyev elmdən bixəbər birini Nəcəf Müseyibli kimi peşəkarlara direktor təyin edib. Vallah, ara qızışdırmaq, kimisə vəzifədə görmək kimi bir niyyətim yoxdur. Mehdiyevə qarşı da heç bir qərəzim-filan ola bilməz. Bunu özü də bilir, təcrübəli adamdır. Nəcəf müəllimlə də son dəfə nə zaman görüşmüşəm, açığı xatırlamıram.
Amma LƏYAQƏT ƏSASDIR!
Nəcəf Müseyibli kimi peşəkarların haqqına girmək olmaz!
Cəmil Həsənli ilə aramızda dərin siyasi ixtilaf var, fəaliyyətini təqdir etmirəm, onun ziyalı adına uğursuz siyasətçi kimi xəyanət etdiyini düşünürəm. Zira, AMEA Arxeologiya, Etnoqrafiya, Antropologiya İnstitutu ilə bağlı dediklərində həqiqət çox idi. Lap çox”!
araz.az xəbər portalı.
araz.az xəbər portalı.