ADU_5656_resize.jpgAzərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işini davam etdirir. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC – Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda, Tbilisi Dövlət Universitetində “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu” mövzusunda, Huçjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrədilməsi” mövzusunda, Minsk Dövlət Linqvistika Universitetində “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri” mövzusunda, Belqrad Universitetində “Multikultralizmin Azərbaycan təcrübəsi” mövzusunda, Auqsburq Universitetində “Azərbaycan və Almaniya multikulturalizmi” mövzusunda bölmə iclasları keçirilib.

Mayın 4-də Azərbaycan Dillər Universitetində (ADU) ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Heydər Əliyev siyasəti: multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda sonuncu bölmə iclası keçirilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işlərin təbliğ edilməsi, ulu öndərin nəcib siyasətinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən konfransın  xairici ölkələrdə baş tutan bölmə iclasları çox yüksək səviyyədə keçib. Rektor qeyd edib ki, konfrans ulu öndərin əziz və unudulmaz xatirəsi qarşısında kiçik də olsa bir töhfə olacaqdır.

Sonra ADU rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov Bakı bölməsinin işi haqqında məlumat verib. Qeyd edib ki, iclası öz işini 3 əsas bölmə üzrə aparacaq: “Bölmə iclasına ümumilikdə 113 tezis təqdim olunub, bunlardan 9-u xarici universitetlərin nümayəndələrinə məxsusdur. Konfransın materiallarından ibarət elektron kitab hazırlamağı planlaşdırmışıq, tezisləri həmin kitaba daxil edəcəyik”.

Beynəlxalq konfransın “Heydər Əliyev siyasəti: multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda keçirilən bölmə iclası açılış mərasimindən sonra öz işinə başlayıb.

Qeyd edək ki, mayın 5-də Azərbaycan Dillər Universitetində konfransın bağlanış mərasimi keçiriləcək.

araz.az xəbər portalı.