Azərbaycan jurnalistikasına ağır itki üz verib. Tanınmış qələm sahibi, respublikanın əməkdar jurnalisti, «Exo» qəzetinin baş redaktoru Rauf Talışinski (Talışinski Rauf Rəfail oğlu) ömrünün 62-ci ilində dünyasını dəyişib.
R.Talışinski prinsiplərinə sadiq, varlığını söz sənətinə həsr etmiş peşəkar sima idi. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdikdən sonra “Molodyoj Azerbaydjana”, “Vışka” qəzetlərində çalışıb. “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri olub.
R.Talışinskinin həyat və yaradıcılığı peşəsi üçün fədakarlıq nümunəsidir. Ən çətin zamandan – 1990-cı ildən «Ayna-Zerkalo» qəzetinə rəhbərlik edib. Bu nəşrdəki, eləcə də 2001-ci ildən baş redaktoru olduğu «Exo» qəzetindəki fəaliyyəti ilə müasir Azərbaycan jurnalistikasının formalaşmasına böyük xidmət göstərib.
Mərhum həmkarımız istər jurnalistika dəyərlərinin cəmiyyətə aşılanmasına, istər peşənin nüfuzunun artırılmasına, və qorunmasına, istərsə də peşəkar kadrların yetişdirilməsinə müstəsna əmək sərf edib. Hər zaman işgüzarlığı, təşəbbüskarlığı, səmimiyyəti, qayğıkeşliyi ilə seçilmiş baş redaktor hadisə və proseslərə məxsusi yanaşması, vətəndaş mövqeyi ilə də seçilib. Qətiyyətlə demək olar ki, o, jurnalistikanın cəmiyyətə qazandırdığı dəyərli ziyalı idi.
Rauf Talışinskinin vəfatı Azərbaycanın media ictimaiyyəti üçün dərin uzuntü və sarsıntıdır. Onun yoxluğunu qəbul etmək çox çətindir. Uca Tanrıdan mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Yeri behişt, məkanı cənnət olsun!
Allah rəhmət eləsin!
araz.az xəbər portalı.