timthumb16042016.jpeg

Onunla Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev arasında soyuq küləklər əsir

Keçmişi unutmaq, olub-bitənlərin üzərindən xətt çəkmək, deyilənləri silib-süpürmək hər kəsə nəsib olmur Bu gün fəaliyyətində ciddi nöqsanlar müşahidə olunan qurumlardan biri də Firudin Nəbiyevin rəhbərlik etdiyi Dövlət Miqrasiya Xidmətidir.

Mənbə qeyd edir ki, Firudin Nəbiyev Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin kadrı kimi tanınsa da, nədənsə son zamanlar onun da xahişlərinə əhəmiyyət vermir. Belə ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin 2001-ci ildə Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə, 2003-cü ildə isə Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini postuna gətirildiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, müəyyən səbəblər üzündən hazırda onunla Elçin Quliyev arasında soyuq küləklər əsir: «Artıq çoxlarına bəllidir ki, Firudin Nəbiyev general Elçin Quliyevin kadrı, onun yaxın adamlarından olub.

Deyilənlərə görə, ona məhz Dövlət Sərhəd Xidmətinin rəisinin dəstəyi ilə general-mayor hərbi rütbəsi verilib, qısa müddət ərzində karyerasında xeyli irəliləməyə müvəffəq olub. Belə ki, onun Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini, Sərhəd Qoşunlarının Baş Qərargah rəisi, daha sonra isə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində gətirilməsində Elçin Quliyevin əvəzsiz rolu olub. Lakin nədənsə son zamanlar o, Sərhəd Qoşunlarının komandanının onun üçün etdiklərini bir kənara qoyaraq özünü tamam fərqli formada aparmağa başlayıb. Qeyd olunur ki, Firudin Nəbiyev o qədər dəyişib ki, artıq Elçin Quliyevin belə, xahişlərinə məhəl qoymur, deyilənləri eşitmir. Görünür, Dövlət Miqrasiya Xidmətinin rəisi bu illər ərzində hardan gəldiyini tamam unudub».

Əldə etdiyimiz informasiyada həmçinin, o da deyilir ki, Firudin Nəbiyev bir sıra yollara baş vuraraq rəhbərlik etdiyi qurumda uzun illərdən bəri çalışan peşəkar kadrları uzaqlaşdıraraq onların yerinə öz yaxın adamlarını təyin edib. Belə ki, xidmət rəisinin kadr siyasətini düzgün qurmadığını deyən mənbə bildirir ki, o, bir müddət öncə polkovnik, müharibə iştirakçısı, Miqrasiya Xidmətinin qurucularından olan, iki qardaşı şəhid olmuş Yunus Əsgərlini, polkovnik, uzun illər polis orqanlarında xidmət edən, müharibə iştirakçısı Zakir Məmmədovu, polkovnik, Baş RMİ-nin keçmiş rəisi, hüquqşünas, xidmətin yaradıcılarından biri olan Muxtar Məmmədovu tutarlı səbəbə gətirmədən vəzifədən kənarlaşdırıb: «Bundan başqa, o, Dövlət Miqrasiya Xidmətində İmiqrasiya Nəzarəti şöbəsinin rəisi işləmiş, hüquqşünas, iqtisadçı, dövlət qulluğunda fərqlənməyə görə prezident mükafatçısı Toğrul Əliyevi, xidmətin Vətəndaşlıq İdarəsinin rəisi işləmiş elmlər namizədi, beynəlxalq layihələrin icrası üzrə ekspert Elnur Abbaszadəni, Deportasiya şöbəsinin keçmiş rəisi, polkovnik, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinin qarşısının alınmasında şücaətlər göstərmiş, qardaşları Daşaltı və Qarabağ döyüşlərində iştirak etmiş Əfrasuv Aşurbəyovu da işdən uzaqlaşdırıb.

Onların yerinə isə öz qohumu, Dövlət Sərhəd Xidmətindən uzaqlaşdırılmış Rövşən Səfərovu, heç bir xüsusi xidmətləri olmayan Hidayət Rüstəmovu, polkovnik-biznesmen, şadlıq evləri və imarətlər şəbəkəsi olan, kirvəsi və biznez şəriki İntiqam Məmmədovu, polkovnik, Dövlət Sərhəd Xidmətindən təqaüdə çıxmış zabit Qüdrət Məmmədovu, kapitan, ali təhsil diplomu müəmmalı olan Cəmil Hüseynovu, sürücüsünün yaxın qohumu Vüqar Zeynalovu təyin edib. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Firudin Nəbiyev bu gün Dövlət Sərhəd Xidmətini tam şəkildə öz əlində cəmləyir, adamlarını ən mühüm postlara yerləşdirməyə nail olub. Elə bu səbəbdən də heç kimlə hesablaşmamaq qərarına gəlib».

Katibənin xidmət rəisinə açdığı yol… Bu arada, onu da nəzərinizə çatdıraq ki, hər zaman olmasa da, əksər hallarda mühüm postda təmsil olunan şəxslərin katibələri bəzi məqamlarda onlara yaxından yardım göstərir, bir sıra məsələlərin yoluna qoyulmasında canfəşanlıq nümayiş etdirirlər. Bir sözlə, bəzən katibələr elə qapıları, elə yolları açır ki, bu sayədə bir çox arzular reallaşır. Bu səbəbdən də katibələrin açdığı yollar və qapılar yəqin ki, çoxlarına məlumdur. Bütün bu qeyd olunanları göz önünə alaraq, qəti əminliklə demək olar ki, katibənin xidmət rəisi üçün açdığı qapı heç vaxt, ən azından bu tezliklə bağlanan deyil. Çünki onun açılmasında katibənin misilsiz xidmətləri olub.

Görünən odur ki, katibənin xidmət rəisi üçün etdiklərini indiyədək heç kim etməyib və ya edə bilməyib. Yeri gəlmişkən, bu məqamda onu da vurğulamaq lazımdır ki, əksər hallarda bəzi şəxslərin katibələri özlərini yüksəkdən aparır, digərlərinə yuxarıdan aşağı baxırlar. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, keçmişi unutmaq, olub-bitənlərin üzərindən xətt çəkmək, deyilənləri silib-süpürmək hər kəsə nəsib olmur… P.S. Növbəti sayımızda xidmət rəisinin üzünə taybatay açılan qapının kimin katibəsinin vasitəsilə açılması haqda geniş yazı dərc edəcəyik.

arxiv.bizimxeber.az

araz.az xəbər portalı.