ILham Ismayil

“Bəlkə, özümüzü “dəliliyə vurub” quyuya bir daş ataq…”

Qarabağ cəbhəsində atəşkəs imzalanandan bəri, Minsk qrupu başda olmaqla bizə “gözləyin”, “məsələni sülh yolu ilə həll etmək lazımdır” deyənlər çoxdur.

24 il keçib, hələ də “gözləyin” deyirlər və bu gedişlə 124 il, bəlkə də sonsuza qədər gözləyəcəyik. Son altı aydır ki, bu yanaşma daha intensiv olaraq istifadə olunur. Bizim ən vacib işimiz Qarabağdı , nə vaxt bu işdə bir addım qabağa getmək istəmişik, üstümüzə düşüblər: “ prekratite eto dela”- deyiblər. Son altı ayda isə Minsk qrupu yalan olub, dost, düşmən, neytral olanlar da deyir ki, “ əlimizdə vacib işimiz var, qurtaraq, baxarıq. Gözləyin!”.

Əlində işi olanlardan biri Rusiya keçən ilin sonunda dedi ki, martda bizdə seçkidir, başımız qarışıqdır, əlavə problem istəmirik. “Dağdan ağır” Patruşev gəldi, tapşırıqlar, məsləhətlər verib getdi. Sonra dedilər ki, apreldə hər iki ölkədə dövlət başçısı seçkisidir, seçkinizi qurtarın, baxarıq. Seçkilər qurtardı, Ermənistanda vəziyyət qarışdı, yeni situasiya yarandı, yenə saytallı bir xarici məmur-Narışkin gəldi, qarşı tərəfdə siyasi böhran olduğunu, vəziyyət normallaşana kimi sakit durmağımızı tapşırıb getdi. Qonşuda da vəziyyətin düzəlməyinin ilin sonuna nəzərdə tutduqları parlament seçkilərinə ( bu da hələ yüz faiz deyil) kimi uzanacağını və bizim bunu nəzərə almamızı tez-tez yadımıza salırlar. Yalandan olsa da arada bir qıjanıb özümüzü arxayın salan nəsə söz( hərəkət yox) deyəndə də, tez Rusiya deyir ki, tariximizdə ilk dəfə Futbol üzrə Dünya Çempionatı keçirəcəyik, nə badə çempionat ərəfəsində, başlayandan bitənə kimi gərginlik yaradıb bizə baş ağrısı verəsiniz… 2008-də Pekində Olimpiada keçən vaxt Saakaşvili də zamanı fürsət bilib döyüş başladı.., nəticəsini bilirsiniz.

Üzümüzü dosta – Türkiyyə tərəf tutub məsləhətləşirik, qonşudakı situasiyadan istifadə etməyi düşündüyümüzü deyəndə sözümüz ağzımızda qalır: Sakın!- deyirlər. 24 haziranda əllərində vacib iş olduğunu – həm cümhur başqanlığı, həm də parlamento seçkilərinə getdiklərini bildirib: “Bəkləyin”- deyirlər.

Nəsə, nə qonşularda iş bitmir, nə də bizim səbrimiz. Bu səbrin bir “qırmızı xətti” deyəsən yoxdu. İndi də söhbət gəzir ki, payızda özümüzdə də vacib işlər ola bilər.

Hələ Avropa yaddan çıxmışdı. Avropa da deyəcək ki, qarşı iki ildə TANAP var, TAP var, bizə qaz lazımdır, nə Qarabağ? Belə olanda adətən deyirlər “ qapalı dairə”yaranıb. Yox, bizim vəziyyətdə bu “qapalı quyu”dur. Bəlkə, “ özümüzü dəliliyə vurub”, bu quyuya bir daş ataq… Yoxsa, bu beynəlxalq oyunçuların vacib iş dedikləri “oyunları” heç zaman qurtarmayacaq.

Ata biləcəyimiz daşın ağırlığı birmənalı olaraq düşmənin başına düşəcək. O zaman əllərində vacib işi olanlar bizə “gözləyin” yox, gəlin danışaq, şərtləri müzakirə edək, deyəcək. Axı, bu vacib işi olnların da bizdən asılı olan durumları var. Birinin Cənubi Qafqaz dərdi, o birinin qaz, neft dərdi. Düşmən də atacağımız addımlardan ehtiyat edir və deməli, o da asııdır. O daş atılanda deyə bilməyəcəklər ki, bu “Paşinyan hələ uşaqdır, təcrübəsizdir, qoyun bir az yetişsin, sonra sizinlə masa arxasına keçər”. O “uşaq” dedikləri təcrübəsiz ola bilər, amma təcrübəsizin də arxasında xalq dayananda məqsədə çatmağın mümkün olduğu sübut olundu. İrad bildirib, vəziyyətin şimal tərəfdən kəskinləşəcəyini bildirənlər səhv edirlər! Bu, bacarıqsızlıqlarını ört-basdır etmək istəyənlərin arqumentidir. Bu, Aprel döyüşlərində, guya “ 25 minlik Rusiya ordusu Yalamanı keçməyə hazırlaşırdı” kimi, qəsdən və yalandan cəmiyyətə sırınmış fikiri ortaya atmaqla Qarabağ cəbhəsində hərəkətsizliyə çağırıb korporotiv maraqlarını rahat həyata keçirmək istəyən məmurun, jurnalistin uydurmasından başqa bir şey deyil. Bunu, xalqın gücünü arxasında möhkəm hiss etməyənlər deyə bilər.

Qarabağ məsələsində quyuya daşı elliklə yığışıb atmaq lazımdır. Bəli, arxada xalqın, millətin gücü hiss olunmasa, daş öz başımızı yarar. Amma vətən torpaqları uğrunda xalqın ikinci fikri yoxdur. Vətənimizi işğaldan azad etməliyik! Sistemdən, rejimdən hamı razı qala bilməz, hətta narazılıq daha çox ola bilər, amma vətənin düşməndən azad olunması razılığa, narazılığa baxmaz. Stalin 1937- ci ildə və o vaxta qədər də elə zülm, elə repressiya aparmışdı ki, Hitler hücum edəndə qələbə çalmaq üçün ümidlərindən biri zülmün insanlarda yaratdığı elə bu narazılıq idi. Amma müharibə başlayandan on gün sonra, 1941-ci il 3 iyulda Stalin xalqa məşhur radio müraciətini bu sözlərlə başlayır:” Yoldaşlar! Vətəndaşlar! Qardaşlar və bacılar! Sizə müraciət edirəm, mənim dostlarım!”. Tarixdən öyrənmək vacib şərtdir. Dünənə qədər az qala hamını casus, əksinqilabçı, qolçomaq ünsür kimi görən diktator xalqa ən isti, ən doğma sözlərlə müraciət etmişdi. Stalin müraciətində onu da qeyd etmişdi ki, məğlubedilməz ordu yoxdur, Napoleon, Vilhelm orduları da məğlub olub. Yəni düşmənin arxasındakı gücün “sabah Yalamanı keçəcək” xofu ilə xalqı qorxutmaq yox, xalqla birlikdə düşməni ən qısa müddətdə məğlub edəcəyimiz barədə ideyanı şüurlara yeritmək lazımdır. Hər gün hamının döyüşə hazır olması təbliğatını aparmaq lazımdır. Təki xalq bilsin ki, o yoldaşdır, vətəndaşdır, qardaşdır, bacıdır, dostdur! İnanın, bu ruhumuz olduğunda düşmən də, havadarı da geri addım atacaq. Bizim isə geri addım atmağa, ya indiki kimi yerimizdə saymağa imkanımız və zamanımız yoxdur!

Məsələnin hərbi müstəvidə həlli heç vaxt indiki kimi zəruri görsənməyib. Hansı diplomatiya ilə və kiminlə aparırıq danışıqları? “Əcəb edib Qarabağ nümayəndəsi ilə Abxaziyada görüşürük”- deyən Rusiya ilə? Rusiya heç havadarlıq etdiyi Ermənistanın qarşısında bu qədər hikkəli, saymazyana hərəkətlər etmir, əksinə nazı ilə oynayır. Nədi bizim başımızı aşağı edən ki, bu qədər susqunuq, bu qədər çəkingənik? Bir izahat verən tapılacaqmı? Belə olmaz!!!

İLHAM İSMAYIL

araz.az xəbər portalı.