…Bu gecə Azərbaycanın tanınmış əmək qəhrəmanı Xuraman Abbasovanı yuxuda gördüm. Yuxunun yozumu ilə işim yox. Amma maraqlıdır ki, Xuraman xanımı atası Zeynal bəyin mülkü olmuş, Ağdamın Mərzili kəndinin üstündə, Pirzatlı və İsmayılbəyli kəndlərinin altında yerləşən bağda gəzərkən gördüm… Bu bağ mənim uşaqlıq xatirəmdə xüsusi əhəmiyyət daşıyır. Biz quzu otarmağa gedəndə qaçıb bu böyük bağa (yüz hektarlarla ərazini əhatə edirdi, çoxsaylı meyvə ağacları var idi. Saqqız ağacına dırmaşmış “Keçiməmə” üzümü qar yağana kimi ağacın başında qalardı) meyvə yığmağa gedərdik. Mayın sonlarında orta məktəbi bitirənlər həmin ictimai bağda son zəng tədbirləri keçirərdi. Buradakı qızılgülün ətrindən doymaq olmurdu. Bülbüllərin səsi isə bizi valeh edərdi…
Xuraman xanımın ruhu şad olsun, niyə məhz mayın 20-si gecəsi yuxuda gördüm, yozumunu özüm də bilmirəm. Amma onu bilirəm ki, keçmişimizi unutsaq hər şeyi, 26 ildir erməni işğalında qalmış o yurdu da, elə özümüzü də unudacağıq…
***
…Xuraman Zeynal qızı Abbasova 31 dekabr 1927-ci ildə Ağdam rayonunun İsmayilbəyli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə erkən başlamış, rayonun Əli Bayramov adına sovxozunda çalışmış, gənc yaşlarından əmək fəaliyyəti ilə yanaşı təhsilini də davam etdirmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib alim-aqronom ixtisasına yiyələnmişdir. Xuraman Abbasova yaşını üç il qabağa çəkdirmiş, Kommunist Partiyasına qəbul olunmuşdur. Sessiyaların birində “ermənilərin Qarabağa qonaq gəlməsini” söyləməsindən, Xudu Məmmədovun dəfnində fəal iştirakından dolayı partiya rəhbərliyi ilə aralarında narazılıq olmuşdu.
Təbiət etibarı ilə mərd, xeyirxah, səxavətli və qorxmaz bir qadın olan Xuraman xanım cəmiyyətdə və dövlət orqanlarında tutduğu yüksək mövqe və mənsəbdən insanlara xeyir vermək üçün istifadə etmiş, bir çox gənclərin ali təhsil almasına, savad qazanıb layiqli vətəndaş kimi yetişməsinə birbaşa səbəbkar olmuşdur.
O dəfələrlə Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. Xuraman xanım əsil millət vəkili, el anası olmuşdur. Onun barəsində 2 seriyalı sənədli film çəkilmiş, bu mərd qadına nəğmələr qoşulmuşdur. Xuraman Abbasova 1998-ci ilin 26 yanvarında dünyasını dəyişmişdir. Məzarı Fəxri xiyabandadır. Övladları Mahirə həkim, Şəfəq hüquqşünas, Aida şərqşünasdır. Oğlu Mehdi 9 yaşında olarkən avtomobil qəzasında vəfat etmişdir. Beş oğlan, üç qız nəvəsi vardır.
XURAMAN ABBASOVANI XATIRLAYARKƏN…
Fəaliyyəti
Xuraman xanımın zəhmətsevərliyi və təşkilatçılıq qabiliyyəti onun rəhbər vəzifələrə təyin olunması ilə nəticələndi. Bir müddət Əli Bayramov adına sovxozun direktoru işləmiş, sonra 1969-cu ildən rayonun ən iri pambıqçılıq təsərrüfatlarından olan Lenin adına kolxozun sədri vəzifəsinə təyin olunmuşdur.[3]. 20 ilə qədər sədrlik etdiyi müddətdə kolxoz dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin keçici qırmızı bayraqlarına, mükafatlara layiq görülmüşdür. Həmin illərdə kolxozçuların rifah halı yüksəlmiş, hər bir ailə ev tikdirmiş, maşın almış, bir sözlə, insanlar heç bir maddi əziyyət çəkmədən yaşamışdır. Kolxozda mədəniyyət evi, klublar fəaliyyət göstərmiş, ali təhsilli mütəxəssislərin sayı artmışdır.
Qarabağ münaqişəsindəki fəaliyyəti
Xuraman xanım Qarabağ müharibəsi illərində əsil vətənpərvərlik nümunəsi göstərmiş, Qarabağın azərbaycanlı əhalisinin hərtərəfli təminatını təşkil etmiş, Qarabağa yük karvanları aparmışdır. O, ermənilərə qarşı vuruşan yerli silahlı dəstələrin, xüsusi təyinatlı milis bölmələrinin və Milli ordunun təminatında da əsl fədakarlıq nümunəsi göstərmişdir. Xuraman Abbasova Milli Ordunun yaranmasında fəal iştirak etmiş, yeni yaranan Azərbaycan Ordusunun fonduna 100 min rus rublu (110 000 dollar) keçirmişdir.
1988-ci ilin fevral ayında bir provakasiyanın qurbanı ola biləcək yüzlərlə ağdamlı gənci məhz Xuraman xanım Xankəndindən Əsgəran tərəfə yönələn rus tanklarının altına düşməkdən qoruyur. Erməni-rus siyasətçilərinin hazırladığı bu əməliyyatda Qarabağa azərbaycanlıların hücumu, yeni erməni genosidi kimi planlar həyata keçməli, SSRİ Ali Sovetinin bir qərarı ilə Qarabağ Azərbaycanın tərkbindən çıxarılmalı idi. İlk şəhidlərimizi vediyimiz həmin qanlı günlərdə Xuraman xanımın, Rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayev, Mərkəzi komitə katibləri Telman Orucov, Həsən Həsənov, Qarabağın mötəbər seyidləri, xüsusilə xalqın çox böyük hörmət etdiyi Seyid Lazım Ağanın səyi ilə ilk qırğının qarşısı alınır. Xuraman Abbasovanın sülhpərvər addımı ölkə daxilində daha çox qınansa da (Bu hadisənin əleyhdarları hesab edirlər ki, əgər Xuraman Abbasova hələ münaqişənin yeni qızışan vaxtında örpəyini atmasaydı, kütlə Xankəndinə qədər gedib erməniləri yerində oturdar, bundan sonra müharibə də olmazdı) ölkə xaricində sülh üçün atılmış cəsarətli bir addım kimi qiymətləndirildi. Keçmiş SSRİ-də isə bu hadisə olduqca müsbət qarşılanır. Hətta sovet şairi Yevgeni Yevtuşenko Xuraman Abbasovanın bu addımından ilhamlanaraq ona “Örpək” adlı şeir həsr etmişdir [4] [5].
Mükafatları
Xuraman Abbasova üç dəfə SSRİ-nin yüksək mükafatı olan Lenin ordeni, Oktyabr İnqilabı və Şərəf Nişanı ordenləri ilə təltif edilmiş, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
araz.az xəbər portalı.