magara1.jpg

İranın paytaxtı Tehrandan 900 km cənubda yerləşən Maymand adlanan qədim kənddə insanlar hələ də uzun illər əvvələ aid mağaralarda yaşayırlar. “Müasir mağaralar” adlanan bu evlər qışda isti, yayda sərin olur.

Araz.az Publika.az-a istinadən xəbər verir ki, 10 min il əvvələ ai olduğu güman edilən mağaralar çətin qış aylarında kəndlilərə və heyvanlarına məskunlaşmağa imkan verir. İranın son mağara insanları məhz bu kənddə yaşayır. Qayaların içərisində açılmış çoxsayda mağaralar eyni zamanda YUNESKO-nun Dünya İrsi siyahısına salınıb.

Bu ərazilərdə hava şəraiti qeyri-stabil olduğundan kənd əhalisi daim bir yerdən digər yerə köçmək məcburiyyətində qalıb.

İranda 10 min il əvvələ aid 400 mağaranın 90-da hələ də yaşayış var. Bu mağara evlərin hər birində sahəsi 20 kvadratmetr olan 6-7 otaq var. Tavan hündürlüyü isə iki metrə çatır.

İranda mağaralar müasir həyatın bir hissəsinə çevrilib. Belə ki, elektrik xətlərinin çəkildiyi mağaralarda soyuducu, hətta televizor da var. Bütün bunlara baxmayaraq, rütubətin qarşısını almaq olmur. Yemək bişirmək və ya isitmək üçün isə əvvəlki kimi tonqal qalayırlar ki, bu da divarlarda his izləri qoyur.

Bu mağaraların bəziləri qədim dövrlərdə Zərdüştilik dininin mövcudluğundan xəbər verir. Belə ki əvvəllər məbəd kimi istifadə edilən mağaralar bu gün muzey kimi fəaliyyət göstərdiyi üçün burada qədimdən qalan dini izləri görmək mümkündür. 7-ci əsrdən sonra burada İslam dini yayılmağa başlayıb. Bu gün dünyada mövcud olan çox az sayda mağara məscidlərindən biri məhz İranda yerləşir.

araz.az xəbər portalı.