Zaur=Huseynov.jpg

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində sədr Zaur Hüseynovun maxinasiyaları davam edir.

Miq.az xəbər verir ki, bu günlərdə Hesablama Palatası “Bakı Metropoliteni” QSC-də yoxlama aparıb.

Əldə etdiyimiz məlumata görə, yoxlama nəticəsində 8 milyon manat “yeyinti” aşkarlanıb.

Belə ki, QSC-nin xərclərinin yer aldığı hesabatda Bakı metrosunun stansiyaları üçün təhlükəsizlik qapılarının alındığı və buna 8 milyon manat vəsaitin xərcləndiyi göstərilir.

Lakin Hesablama Palatasının yoxlaması zamanı məlum olub ki, təhlükəsizlik qapılarının alınması sadəcə kağızda qeyd olunub, reallıqda isə bir dənə belə olsun bu qapılardan alınmayıb. Əvəzində isə 8 milyon manat xərclər smetasına daxil edilib.

Qeyd edək ki, keçmiş sədr Tağı Əhmədovun gedişindən sonra “Bakı Metropoliteni” QSC-yə sədr gətirilən Zaur Hüseynov ümidləri doğrultmayıb. Bu “yeyinti” faktı da ilk dəfə deyil.

Təkcə Hesablama Palatasının iki il öncə QSC-də apardığı yoxlamaq zamanı ortaya çıxan faktlar sədr Zaur Hüseynovun “fəaliyyətinə” xarakterizə etməyə yetərlidir.

2016-cı ildə Palatanın “Bakı Metropoliteni” QSC-də apardığı auidit yoxlamalarının nəticələri:

– Vergi qanunvericiliyinin tələbləri pozularaq kommersiya fəaliyyəti ilə bağlı olmayan müxtəlif xərclərin, o cümlədən fəaliyyətin zərərlə nəticələndiyi şəraitdə əmək haqqına aylıq əlavələrdən başqa əməyin səmərəliliyinin artırılmasının stimullaşdırılması xərclərinin və dövlət sosial müdafiə fonduna ayırmaların, qeyri-kommersiya təyinatlı obyektlərin saxlanması və sair xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəticəsində metropolitenlə sərnişindaşıma xidmətləri üzrə bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4,0-5,5% aralığında (2015-ci ildə 0,54 manat) artıq göstərilib;

– Qeyri-rezidentlərin gəlirlərinin vergilərə cəlb olunmamasına, hesablanmış ƏDV məbləğlərinin dövlət büdcəsinə ödənilməməsinə yol verilib, eləcə də subsidiya məbləğlərinin bəyannamələrdə nəzərə alınmaması səbəbindən daha çox ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilibdir.

– Metrostansiyanın sahəsində bir halda müvafiq qaydada rəsmiləşdirilmədən faktiki olaraq ticarət fəaliyyətinin həyata keçirilməsi, cəmiyyətin struktur vahidinin texniki pasportu ilə müəyyən edilən ərazisindən hər hansı əsas olmadan yaşayış və kommersiya təyinatları üzrə istifadə olunması halları aşkar olunmuş, eyni zamanda metro stansiyalarında yeni üslubda ticarət köşklərinin yaradılması məqsədilə yığılıb-sökülən konstruksiyaların alınması və quraşdırılması istiqamətində vəsaitlərin xərclənməsinə baxmayaraq həmin ticarət sahələrindən istifadə olunması əməliyyatları çərçivəsində hər hansı formada gəlirlərin əldə olunması rəsmiləşdirilməmişdir;

– Funksional fəaliyyətlə bağlı olmayan alışlar üzrə satınalma prosedurları tətbiq edilmədən birbaşa müqavilələr bağlanmış, eyni malların satınalınması üzrə ayrılan vəsait məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı hissələrə bölünərək satınalma metodu dəyişdirilmiş, satınalınacaq malların ehtimal olunan qiymətləri müəyyən edilməmişdir;

– Malların bəzi hallarda birbaşa istehsalçılardan deyil rəsmi təmsilçilik hüququ olmayan şirkətlərdən satınalınması, güzəştli gömrük rüsumu rejimlərindən istifadə olunmaması, təsərrüfat üsulu ilə yerinə yetirilmiş tikinti işlərinin sifarişçi-podratçı qaydasında tətbiq edilən əlavələrlə rəsmiləşdirilməsi, eləcə də istehsal edilərək daxili istehlaka yönəldilən dəmir-beton məmulatlarının kalkulyasiyasına mənfəət normasının daxil edilməsi nəticəsində dövlət vəsaitlərinə qənaət edilməmişdir;

– Metro tikintisi üzrə bəzi işlər təcrübəsi və böyük potensialı olmayan podratçı şirkətlər vasitəsilə həyata keçirilmiş, metro tikintisi işləri çərçivəsində podrat üsulu ilə tikinti işləri üzrə artım əmsalının və müqavilə qiymətinin müvafiq qaydada müəyyən edilməyərək podratçı və sifarişçi arasında sənədləşdirilməsi, bəzi obyektlərin layihə və smeta sənədlərinin ekspertizadan keçirilməməsi, layihə smeta sənədlərində nəzərdə tutulmayan işlərin qəbul edilməsi hallarına yol verilmişdir;

– Avadanlıqların bir qayda olaraq alındığı ildə deyil növbəti illər ərzində quraşdırılması, eyni zamanda satınalma müqavilələrinin şərtlərinə əməl olunmaması səbəblərindən yaranmış 652,0 min avro və 2726,8 min manat məbləğində debitor borcların bağlanması istiqamətində tədbirlərin həyata keçirilməməsi nəticəsində dövlət vəsaitlərindən, eləcə də strukturdaxili maddi-texniki bazadan, yüksək məhsuldarlığı olan müasir tunel qazma komplekslərindən səmərəli istifadə olunmamışdır;

– Qanunvericiliklə müəyyən edilmiş əsaslar, o cümlədən qarşılıqlı razılıq və məhkəmə qərarı mövcud olmadan 6,0 mln. manat məbləğində vəsait metro tikintisi çərçivəsində layihə altına düşən ayrı-ayrı əmlaklara görə kompensasiyaların ödənilməsi üçün “Bank Technique” ASC-yə köçürülmüş, müvafiq təyinatlar üzrə isə icra olunmamış və uzun müddət ərzində bank hesabında istifadəsiz qalmasına baxmayaraq maliyyə hesabatlarında kapital qoyuluşları kimi əks etdirilmişdir;

– Maliyyə hesabatları müvafiq qaydada təsdiqlənməmiş, nizamnamə kapitalının miqdarı uçot sənədlərində artırılsa da nizamnamədə müvafiq dəyişikliklərin edilməsi üçün tədbirlər həyata keçirilməmişdir.

QSC-nin qanundankənar bu fəaliyyətinə görə, Hesablama Palatası 2018-ci ildə “Bakı Metropoliteni”nə ayrılması nəzərdə tutulan 45 milyon manat subsidiyaya qarşı çıxdı. Son yoxlamada 8 milyon “yeyinti”nin ortaya çıxması isə Zaur Hüseynovun QSC-də dövlət büdcəsindən ayrılan vəsaitləri necə taladığını bir daha sübut edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Redaksiyadan: Şikayət və məktublarınızı infomiqaz@gmail.com email adresinə göndərə bilərsiniz.

Miq.Az

araz.az xəbər portalı.