0603b859-bf47-45b3-8b84-ade194bede5a_292.jpg

Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 100 illiyi münasibətilə görkəmli ictimai-siyasi xadim, diplomat, Azərbaycan parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun varisi, 95 yaşlı nəvəsi Gülnarə Kurdemir fəxri fərmanla təltif olunub.

“Report”un Türkiyə bürosu xəbər verir ki, bununla bağlı qərarı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıb.

Mükafatı Əlimərdan bəy Topçubaşovun varisinə Dövlət Komitəsi adından Azərbaycanın əməkdar rəssamı Teymur Rzayev təqdim edib.

G.Kurdemir Azərbaycan dövlətinə ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edir. Bu, məni çox sevindirir, çünki mən də bu Cümhuriyyəti quranlardan biri olan Əlimərdan bəy Topçubaşovun nəvəsiyəm. Babam vəfat edəndə mənim 10 yaşım vardı. Bəzi şeylər yadımda deyil, ancaq çox gözəl insan olduğunu, bizi çox sevdiyini deyə bilərəm. Bizi tez-tez parka aparırdı. Dəfn mərasimində o qədər adam iştirak etdi ki, təsəvvür belə edə bilməzsiniz. Anam bizi evdən çıxmağa qoymadı, dəfninə, məzarını ziyarətə getmədik. İndi Fransanın Sen Klu şəhərində onun çox gözəl bir məzarı var. İki il əvvəl Fransaya getmişdim, məzarını da ziyarət etdim. Azərbaycan hökuməti məzarı çox gözəl bərpa edib. Bu gün sizlər Əlimərdan bəy Topçubaşovu unutmursunuz, mən bununla qürur duyuram. Xoşbəxtəm ki, onun nəvəsiyəm”.

O, babası vəfat etdikdən sonra ailəsinin çətin sınaqlardan keçdiyini söyləyib: “Böyük ailə idik, anamın bacıları, əmilərim bir evdə yaşayırdıq. Babam dünyasını dəyişdikdən sonra ailəmiz dağıldı, pərən-pərən oldu, hərə bir tərəfə getdi. Bununla da xoşbəxtliyimiz sona çatdı. Atam fəhlə işləyirdi, anam evdar qadın olduğundan çalışmırdı, çox əziyyətlə bizi böyütdü. Ailəm İstanbula gələndə 22 yaşındaydım. Mən ailə qurdum, yoldaşım tanınmış kitabxanaçı idi, çox intellektual insan idi. Ailə həyatımız 5 il davam etdi, daha sonra heç kimlə evlənmədim, iki övladımı təkbaşına böyütdüm. “Qalatasaray” liseyində uşaqlara fransız dilindən dərs deyirdim. Oğlum Fikrət 35 yaşında dünyasını dəyişdi. Qızım hazırda Bodrum şəhərində yaşayır, bir oğlu var. Tez-tez telefonla danışırıq, arada yanıma gəlir”.

G.Kurdemir vurğulayıb ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu gün Bakıda olmağı çox istəyir: “Mən Bakıya gedib doğma Vətənimi görmək istəyirəm. Azərbaycan hokuməti bir dəfə bacımla məni Bakıya dəvət etmişdi. Hətta biletlərimiz də alınmışdı. Ancaq bacım xəstələndiyindən səfərimiz təxirə salındı. Daha sonra bacım vəfat etdi. İndi 95 yaşım var, qulağım zəif eşidir, tez yoruluram, çox yaşlandım. Ancaq düşünürəm ki, gedib oraları görə bilərəm. Bəlkə də qismət bu günlərəymiş”.

araz.az xəbər portalı.