Yeni Suraxanı, 14 iyul küçəsi, 5-ci döngə ünvanında yaşayan Abdullayev Həsən İbrahim oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək, Azercell mobil operatoru tərəfindən hansı fırıldağa məruz qaldığını bildirib. Vətəndaşın bizə ünvanladığı şikayəti olduğu kimi təqdim edirik:
“Salam! Sizə Azercell və onun bəzi xidmətlərinə müştərinin xəbəri olmadan qoşan “Sindibad” adında qondarma şirkətindən şikayətçiyəm.
18 may 2018 tarixdə saat 11:42-də mobil nömrəmə (+99450450xxxx) 9338 nömrəsindən Mobil Academy xidmətinə qoşulduğum haqda sms gəldi, telefon masada “zaryadkada” olduğundan sms-i təqribən 11:55 də oxudum. Sms-də 3 gündən bir 1.77 azn xidmət haqqı tutulacağı və istəsəm bunu ləğv etmək üçün STOP MA yazıb 9338 nömrəsinə sms göndərməyim istənilirdi (sms haqqı 5 qəpik idi). Sms göndərmək istəsəm də edə bilmədim çünki balansım mənfiyə getmişdi. 30 dəqiqə sonra balansımı artıra bildim və Azercell online müştəri xidmətləri ilə yazılı şəkildə əlaqə saxladım. Mənə onların məsuliyyət daşımadığını bundan “Sindibad” adında şirkətin məsuliyyət daşıdığını dedilər və onlarla əlaqə saxlamağımı istədilər. 012 480-11-12 nömrəsi ilə əlaqə saxladım və mənə bu gün xidmətə qoşulduğumu və qoşulan kimi 1.77 azn çıxıldığını, xidməti ləğv edəcəklərini ancaq vəsaiti geri qaytarmağın mümkün olmadığını bildirdilər. Onlara mənim ümumiyyətlə heçnəyə qoşulmadığımı bunun avtomatik onların etdiyini desəm də mənə qulaq asan olmadı. “Ola bilsin bilməyibsiniz, səhvən edibsiniz”, deyərək, məni mədəni şəkildə uzaqlaşdırdılar. Şirkətin nümayəndəsindən ünvanlarını və harada yerləşdiklərini soruşdum, mənə bu barədə məlumat verə bilməyəcəklərini bildirdilər.
Azercellə yenə əlaqə saxladım hər şeyi izah etdim və mənim balansımın oğurlanmasından ilk növbədə onların məsuliyyət daşıdığını bildirəndə, bu dəfə şikayətimin qeydə alınıb baxılacağını dedilər. Onlara dedim ki, bəs sisteminz mənim balansımın mənfiyə getməyinə necə icazə verir? Bu mümkündür? Dedilər mənfi 100 manat da ola bilərdi.
Həmin gün saat 17:13-də 012 4800745 nömrəsindən mənə zəng gəldi, işdə olduğumdan telefonu aça bilmədim, ancaq 22 dəqiqə sonra, saat 17:35-də gələn zəngə geri zəng vurdum. Məlum oldu ki, zəng vuran “Sindibad” şirkətinin nümayəndəsi idi. Birincisi, heç mənə zəng vurduqlarını boyunlarını almadılar. Dedilər ki. onlar heç kimə zəng vurmur, balansımdan oğurlanan pulu da qaytarmadıqlarını nəzərimə çatdırdılar.
Hörmətli redaksiya!
İndi fikirləşin ki, bu sms-i görməsəydim, bunlar hər 3 gündən bir balansımdan 1.77 azn çıxmaqla məni maddi ziyana salacaqdılar. Axırda göstərilməyən və olmayan xəyali bir xidmətə görə, balans, Azercell müştəri xidmətlərinin nümayəndəsinin dediyi kimi mənfi 100-ə qədər gedib çıxacaqdı…
Bu barədə şikayətçiyəm. Mənim hüquqlarım pozulub istifadə etmədiyim xidmətə görə məndən vəsait çıxılıb, geri qaytarılmır”.
Mövzu ilə bağlı Azercell və “Sindibad” şirkətinin də mövqeyini dinləməyə hazırıq.
Çinarə, Azinforum.az
araz.az xəbər portalı.