56c9bdea02be6facc0d70e9ed9ce5064.jpg

Xəbər verildiyi kimi, bu gün Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Musavat.com-un müxbiri hadisə yerinə baş çəkib, təfərrüatları öyrənməyə çalışıb.

Hadisə yerinə çatdığımız zaman yanğın artıq söndürülmüşdü. Ərazidə polis əməkdaşları, FNH işçiləri və media nümayəndələri, eləcə də yaxınlıqda yaşayan sakinlər var idi. Təhlükəsizlik məqsədi ilə ilk saatlarda jurnalistlər hadisə yerinə buraxılmasa da, yanğın tam zərərsizləşdirildikdən sonra içəri daxil olmağa icazə verildi.

İçəridə olduğumuz zaman müşahidə etdik ki, təxminən 20 kvadratmetrlik əraziyə malik olan kafedə yanğından heç nə salamat çıxmayıb. Kafe bütünlüklə yanaraq külə dönüb. Aidiyyatı qurumların ekspertiza aparan mütəxəssisləri də hadisə yerində araşdırma apararaq, yanğının və baş verən partlayışın səbəblərini aşkarlamağa çalışırdılar.

Mütəxəssislər sualımıza cavab olaraq bildirdilər ki, hələ ilkin ehtimallar belə, bəlli deyil. Yanğının partlayışdan sonra baş verməsi, yoxsa yanğının partlayışa səbəb olması hələlik aydınlaşdırılmayıb.

Onu da qeyd edək ki, hadisə baş verən zaman kafedə 4 nəfər olub. Onlardan biri qadın olmaqla, iki nəfər dünyasını dəyişib, iki nəfər isə ağır yaralanıb. Polis əməkdaşlarının verdiyi məlumata görə, yaralılar 5 saylı şəhər Kliniki Xəstəxanasına göndəriliblər.

Ərazidə olduğumuz zaman kafedəki yanğında dünyasını dəyişən qadının oğlu hadisə yerinə gələrək, “Anam haradadır, onu mənə göstərin” deyə fəryad edirdi.

Polis əməkdaşları ilə mübahisə edən gənc ərazinin qapalı olduğu zaman içəri daxil olmağa cəhd edib. Polislər gənci hadisə yerindən uzaqlaşdıraraq, ona anasının 5 saylı şəhər Kliniki Xəstəxanasına göndərildiyini bildiriblər.

Onu da vurğulayaq ki, partlayışın baş verdiyi ərazi avtobaza kimi fəaliyyət göstərir, orada maşınların ehtiyat hissələri satılır.

Hadisə şahidlərinin sözlərinə görə, kafedə yanğın təhlükəsizliyi ilə bağlı vəziyyət heç də ürəkaçan olmayıb. Alçaq damlı, qeyri-standart tikilmiş kafenin tavanı laminantdan olub, bir hissəsi daşdan hörülsə də, digər tərəfi taxta parçalarından quraşdırılıb: “Bura çox ucuz və kasıbyana bir kafe idi. “Maşın ölüxanasında” işləyənlər oraya gedib, 1 manata çay içə bilirdilər. Ucuz yer olduğu üçün hamı oraya üz tuturdu. Ancaq təhlükəsizliyi sıfır vəziyyətində idi. Yanğının bu qədər böyük miqyas almasının və ölümlə nəticələnməsinin səbəbi də içərinin taxta və laminantdan ibarət olmasıdır”.

Məğrur Mərd,
Musavat.com,
Fotolar və video müəllifindir.

***

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Fövqaladə Hallar Nazirliyinin verdiyi rəsmi məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (qadın və kişi) yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Musavat.com hadisə yerində olan müxbirinin göndərdiyi ən son görüntüləri və şahidlərin çəkdiyi videoları təqdim edir.

 

araz.az xəbər portalı.