“Hazırda Azərbaycanda 340 orta təhsil müəssisəsində rus dilində tədris edilir. Rus dilinin yüksək səviyyədə tədrisi Azərbaycan və Rusiya prezidentlərinin danışıqlarında müsbət hadisə kimi dəfələrlə dəyərləndirilib. Yəni, biz bu aktordan müəyyən qədər öz xeyrimizə istifadə etməyi bacarmışıq. Sözsüz ki, Azərbaycanda rus dilinə, eləcə də Rusiyaya münasibət yaxşıdır və Ermənistandan fərqli olaraq, Azərbaycanda rus dilinin tədrisi yüksək səviyyədə həyata keçirilir. Bütün bunlara baxmayaraq, ölkədə rus bölmələrinin bağlanması ilə bağlı dəfələrlə bəyanatlar səsləndirilib. Açığı, mən də hesab edirəm ki, rus dilində tədris dövlət hesabına maliyyələşdirilməməlidir”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Partiya sədri bildirib ki, dövlət rus dilinin tədrisi üçün vəsait ayırmamalıdır.
Onun sözlərinə görə, rus dilində oxumaq istəyənlər digər xarici dillərdə olduğu kimi özəl tədris müəssisələrinə üz tutmalıdırlar: “Yəni, dövlət vəsaiti yalnız Azərbaycan dilində tədris üçün ayrılmalıdır. Təbiidir ki, bunu qısa müddətdə reallaşdırmaq qeyri-mümkündür, proses tədricən getməlidir. Yaxın 10-15 il ərzində bütün əcnəbi dillərdə tədrisin səviyyəsini eyniləşdirmək lazımdır. Ölkədə ingilis, fransız və digər dillərə münasibət necədirsə, rus dilinə münasibət də eyni cür olmalıdır. Rusiya ilə münasibətlərimizin həddən artıq sıx olmasına, ortaq tarixi köklərə və Rusiyanın regiondakı çəkisinə baxmayaraq, ictimai rəy mütləq nəzərə alınmalı, bu istiqamətdə addımlar atılmalıdır. Onu da qeyd etmək lazımdır ki, rus dilində tədris uşaqların təfəkkürünə və tərbiyəsinə mənfi təsir göstərmir. Müşahidələrə əsasən, bu gün rus dilinin tədrisi barədə ən kəskin fikir bildirənlər rus dilində təhsil alan və bu dili kifayət qədər yaxşı bilənlərdir. Fikrimcə, bu məsələdə kəskin addımlardan qaçmaq lazımdır. Azərbaycanda rus dilində tədrisə meyilli olan kifayət qədər ailələr var. Ona görə də hesab edirəm ki, yaradılan özəl məktəblər şagird korluğu çəkməyəcək”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.