Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya səfərinin nəticəsi olaraq Qarabağa dair verdiyi açıqlama müzakirə edilir.
Qeyd edək ki, Paşinyan səfəri öncəsi Rusiya tərəfinin Avropa İttifaqının vasitəçiliyi ilə aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların pozulacağına dair proqnozlar səslənirdi. Söhbət aprel ayının sonuna qədər Birgə sərhəd Komissiyasının yaradılmasından və sülh sazişinin hazırlanması üzrə xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşməsindən gedir.
Eyni zamanda Brüsseldən qayıtdıqdan sonra Nikol Paşinyan Azərbaycanın təqdim etdiyi beş bənddən ibarət sülh prinsiplərini qəbul etdiyini bəyan edib. Hətta Baş nazir parlamentdə çıxışı zamanı bildirdi ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanımaq üçün Ermənistana təzyiq edir. O əlavə edib ki, dünya ictimaiyyəti Ermənistandan “Dağlıq Qarabağ”ın statusu ilə bağlı iddialarını məhdudlaşdırmağı və Azərbaycanın ərazi bütövlüyünü tanımağı tələb edir. Əgər Ermənistan buna razılaşmasa, beynəlxalq güclər həmin əraziləri hissə-hissə Azərbaycana qaytaracaq.
Ona görə də Paşinyanın bu açıqlamasını Qarabağı Azərbaycana güzəştə getməsi kimi qiymətləndirən müxalifət etiraz aksiyalarına başlayıb. Hətta aksiyaların Baş nazirin Moskvaya səfəri ərəfəsində start götürməsi Rusiyanın Paşinyana təzyiqi hesab edilirdi.
Ancaq Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Qarabağ məsələsi ilə bağlı yekun razılığa gəldiyini deyib. Ermənistan hökumətinin başçısı bildirib ki, Rusiya Prezidenti ilə görüşdə onlar bir sıra mühüm məsələlər, o cümlədən təhlükəsizlik, Qarabağ məsələsi, regional kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi ilə bağlı yekun razılığa gəliblər. Paşinyanın bu açıqlaması göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişaf istiqaməti Moskava razılaşmasının detallarından asılı olacaq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Moskvaya yola düşməzdən bir gün əvvəl Paşinyana zəng etməsi, eyni zamanda ATƏT-in keçmiş Minsk qrupunun ABŞ-dan olan həmsədri Endryu Şafferin və Avropa Birlyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Bakıya ardıcıl səfərləri bu məsələdə Qərb və Rusiya arasında fəal rəqabətin getdiyini göstərir.
Qərb Brüsselldə razılaşdırılmış sülh gündəliyinin Rusiyanın müdaxiləsi ilə pozulmasından narahatdır. Bu, Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqelərinin möhkəmlənməsi üçün yeni imkanlar aça bilər. ABŞ-ın və Avropa Birliyinin vasitəçilik səylərini artırması isə Ukraynadakı müharibə fonunda Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq səylərindən xəbər verir. Rusiyanın vasitəçiliyi isə bölgədə daha uzun müddətə qalmağa hesablanıb. Yəni Azərbaycan və Ermənistan arasında daimi sülhün əldə edilməsi 10 noyabr Bəyanatının qüvvədən düşməsi və Rusiya sülhməramlılarının bölgəni tərk etməsi deməkdir.
Rusiyanın Ukraynada “müharibə bataqlığında” ilişib qaldığı bir vaxtda Azərbaycan ərazisindən sülhməramlı kontingenti çıxartması Cənubi Qafqazda geosiyasi balansın Qərbin və Türkiyənin xeyrinə dəyişməsinə gətirib çıxara bilər. Bu, eyni zamanda Qara dəniz regionunda ABŞ-ın və NATO-nun Rusiyanın mövqelərinə çıxması ilə nəticələnə bilər. Ona görə də Rusiyanın Brüssel formatında Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunmasına “xeyir-dua” verdiyi inandırıcı görünmür.
Ancaq Paşinyan və Putin arasında Qarabağ məsələsinə münasibətdə hər iki tərəfi qane edən ortaq anlaşma var. Ən vacib sual isə Paşinyanın dediyi yekun razılaşmanın Azərbaycanın maraqlarına nə dərəcədə cavab verməsidir. İlk növbədə, Paşinyan başqa dövlətin Baş naziridir və onun Azərbaycanın ərazi bütövlüyünü üçüncü dövlətlə müzakirəyə çıxartmaq, rəsmi Bakının icazəsi olmadan hər iki tərəfin bununla bağlı hər hansı qərar vermək səlahiyyəti yoxdur. Əgər Paşinyan və Putin bu danışıqları 10 noyabr Bəyanatına imza atmış tərəflər kimi aparırsa, o halda, həmin sənədin 4-cü bəndinə uyğun olaraq Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılması əsas müzakirə predmeti olmalıdır.
Prezident Putin Qarabağda hələ də problemlərin qaldığını deyib. Bununla da o, Qarabağda Rusiyanın sülhməramlı fəaliyyətinə ehtiyac olduğuna işarə edib. Yəni bölgədə təhlükəsizliyin yeganə təminatçısı Qərb deyil, Rusiyadır. Putin “Əgər Rusiya olmasa, münaqişə yenidən başlana bilər” mesajını verməklə Brüsselin vasitəçiliyini qəbul edən hər iki tərəfi təhdid edir. Paşinyan Qərbin vasitəçiliyində maraqlı olsa da, onun açıqlaması sülh prosesinə münasibətdə Ermənistanla Rusiyanın üst-üstə düşən məqamlarının olduğunu göstərir. Siyasi ekspertlərin təhlili göstərir ki, Paşinyan Qərbin təzyiqi ilə üzləşmədiyi məsələlərdə Rusiya ilə razılaşma əldə edib. Belə ki, Ermənistanın Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıya bilər. Bu baxımdan, rəsmi İrəvanın yaxın perspektivdə Azərbaycana qarşı ərazi iddiasından imtina edəcəyi və sülh danışıqlarına başlayacağı gözləniləndir. Lakin bu, problemin həlli demək deyil. Çox güman ki, Moskva görüşündə Putin Ermənistanın “oyundan çıxmaq” istəyinə razılıq verib. Yəni 30 illik münaqişə dövründə Ermənistan özünü Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı kimi təqdim edib. Yaxud Azərbaycan torpaqlarının işğalına “təhlükəsizlik” donu geyindirməyə çalışıb. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Qarabağ ermənilərinin “təhlükəsizliyi və hüquqları” məsələsini ortaya atmaqla silahlı birləşmələrinin Azərbaycana ərazi iddiasını dolayısı ilə gündəmdə saxlamağa çalışıb.
Lakin Paşinyanın açıqlaması Moskvada aparılan danışıqlardan sonra Ermənistanın taktikanı dəyişmək qərarına gəldiyini göstərir. Bundan sonra sülh danışıqlarına başlayan Ermənistan Azərbaycanın daxili işlərinə qarışmadığına dair görüntü yarada bilər. Əvəzində isə Azərbaycana Qarabağda təhlükəsizlik məsələsini Rusiya ilə danışıb həll etmək təklif olunacaq. Beləliklə, Moskvadakı yekun razılaşmanın Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymaqdan ibarət olduğu aşkara çıxır. Vəziyyətin bu cür dəyişməsində Rusiyanın özü də maraqlıdır. Kremlin Qarabağdakı cinayətkar rejimi himayə etdiyini nəzərə alsaq, bundan sonra Azərbaycanın qarşısına yalnız Rusiyanın özü deyil, onun əlaltısı olan Araiki və digəriləri də çıxarıla bilər. Qarabağdakı qondarma rejimin Rusiyaya birləşməsinin vacibliyi barədə son zamanlar ermənilərin verdiyi açıqlamalar fonunda Rusiyanın “sülhə və təhlükəsizliyə” dəstək verməsi Azərbaycan üçün ciddi problemlər yarada bilər. Yəni Ermənistan kənara çəkilir, əvəzində Rusiya Qarabağdakı qondarma rejimin təhlükəsizliyinin təminatçısına çevrilir.
Bu səbəbdən Ermənistanın silahlı birləşmələrini yaxın vaxtlarda Azərbaycan ərazisindən çıxaracağı da istisna olunmur. Nəticədə, Paşinyan Qərbin qarşısında Brüsseldə əldə olunmuş sülh gündəliyinə sadiq olduğuna dair görüntü yarada bilər. Eyni zamanda Ermənistanın Baş naziri Qarabağda Rusiyanın “təhlükəszilik çətiri” altında separatizmi yenidən alovlandırmaqla Azərbaycanı fakt qarşısında qoymağa çalışır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sülhə nail olmaq üçün Azərbaycana və Ermənistana sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağı təklif etməsi də münaqişənin uzanmasında Moskvanın maraqlı olduğunu təsdiq edir. Çünki sərhədlərin müəyyənləşməsi illər və ya on illər çəkə bilər. Bu isə tərəflər arasında sülhün təmin olunmaması deməkdir.
İkincisi, Zaxarovanın açıqlaması göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh prosesini sərhədə daşımaqda Rusiyanın başqa bir marağı da var. Qarabağda “təhlükəsilzlik” funksiyasını üzərinə götürən Rusiya bununla kifayətlənmək niyyətində deyil.
İki ölkə arasında sərhəd problemini həll etmək üçün Rusiya öz qoşunlarını hər iki tərəfdən delimitasiya və demarkasiya xətti boyunca yerləşdirmək istəyir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.