Mariya zaxarova

Zaxarovanın öz əxlaqına uyğun şəkildə cavab verməsi onu göstərir ki, Rusiya separatçı qurumlarla açıq-aşkar kontakta getməyə başlayıb.

Araz.az bildirir ki, bu sözləri Axar.az-a Rusiya XİN-in Zaxarovanın simasında Azərbaycana qarşı aqressiv mövqeyini şərh edən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Rusiya XİN-nin 4-cü MDB İdarəsinin rəisi Aleksey Pavlovski həmin görüşdə iştirak edib və separatçıların koordinasiyasını həyata keçirib:

“Bu şəxs Kremlin tapşırıqlarını onlara çatdırıb və müvafiq təlimatlarını verib. Biz orda iştirak etməsək də, təxmin edə bilirik ki, separatçı qurumlar ora nə üçün toplaşıb və hansı məsələləri müzakirə edib. Deməli, onların qarınlarının ağrısı Gürcüstana, Azərbaycana, Moldovaya zərbə vurmaqdır. Bu zərbəni koordinasiya edən də Rusiyadır. Zaxarova baş vermiş məsələ ilə bağlı diplomatik cavab vermək əvəzinə, Azərbaycan XİN sözçüsünü, az qala, hərbçi kimi cavab qaytarıb. Bir Azərbaycan vətəndaşı kimi Zaxarovanın bu addımını hiddətlə pisləyirəm”.

Politoloq vurğulayıb ki, Rusiya həmsədr dövlətidirsə, həmsədr kimi öz üzərinə düşən vəzifələri ya yerinə yetirməli, ya da könüllü şəkildə bu vəzifədən istefa etməlidir:

“Separatçıları qızışdıran Rusiyadır. Rusiya neoimperailizm təfəkkürü ilə hərəkət edir və müttəfiq dövlətlərə qarşı BMT, ATƏT-in nizamnaməsinə görə deyil, özünün uydurub çıxartdığı hərəkətlərə görə qiymət verir”.

Politoloq Zaxarovanın bunu “təsadüfi görüş” adlandırmasına da münasibət bildirib:

“Hansı təsadüfi görüşdən söhbət gedir?! Hansı təsadüfi görüşdə böyük bir nazirliyin rəisi Suxumiyə gedib çıxır və burada separatçılara ən azı saat yarımlıq mühazirə oxuyur?! Bu həyasızlıq, abırsızlıq, beynəlxalq hüquq normalarını ayaqlar altına alıb tapdalamaq kimi qiymətləndirilməlidir. Rusiyanın bu hərəkətlərində məqsəd danışıqlar prosesini pozmaqdır. Onlar qondarma qurumu danışıqlar prosesinə qoşmaq istəyir, ancaq bu qondarma qurumu dünyada heç bir dövlət tanımır. Biz qondarma “Dağlıq Qarabağ Respublikası” adlandırılan yerdə iki icmanı tanıyırıq. Bişkek müqaviləsində də bu öz əksini tapıb. Əgər icma şəklində onlar danışıqlar prosesinə qatılsa, mütləq Azərbaycan icmasının nümayəndəsi də bu prosesdə iştirak etməlidir”.

Politoloq qeyd edib ki, Rusiyanın, Paşinyanın bu məsələləri fərqli yerlərə aparması, məsələlərə yeni çalarlar qatmaq istəyi, sadəcə olaraq, Azərbaycanı çaşdırmaq məqsədi güdür:

“Onlar bununla Azərbaycanı beynəlxalq ictimaiyyətin qarşısında təkləmək istəyir. Bu isə alınmayacaq. Açıq-aşkar aparılan həyasız siyasət qəbuledilməzdir”.

Qeyd edək ki, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Abxaziya prezidenti kimi özünü təqdim edən Raul Xacimbanın Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim, Dnestryanı və Cənubi Osetiya rejimlərinin nümayəndələri ilə görüşünü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib.

Rusiya XİN sözçüsü Mariya Zaxarova isə “Dağlıq Qarabağ nümayəndələri ilə təsadüfən üz-üzə gələ bilərik deyə beynəlxalq tədbirlərə qatılmamaq kimi bir öhdəliyimiz yoxdur” kimi aqressiv cavab verib.

araz.az xəbər portalı.