1527079939_13.jpg

Daxili İşlər Nazirliyi Mətbuat Xidməti Cəlilabad RPŞ-nin Göytəpə Polis Bölməsinin rəisi haqda ittihamlarla bağlı açıqlama yayıb

FİA.Az-a göndərilən açıqlamada DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, ittihamlar əsassızdır.

“Fia.az” və “Xalqxeber.az” saytlarının 22.05.2018-ci il tarixli xəbər buraxılışlarında yerləşdirilmiş yazılarda Cəlilabad RPŞ-nin Göytəpə Polis Bölməsi rəisinin və əməkdaşlarının kartofçuluqla məşğul olan sahibkarların və yük maşını sürücülərinin işlərinə müdaxilə etmələri barədə özünü “ictimai fəal, hüquq müdafiçisi” adlandıran Təyyar Zülfüqarova istinadən yayılmış məlumatlar əsassızdır və böhtan xarakterlidir, belə dezinformasiyalar onun şəxsi maraqlardan irəli gələn qanunsuz əməllərini sığortalamaq məqsədi daşıyır.

Əslində əvvəllər iki dəfə məhkum olunmuş, indilərdə isə guya hüquq müdafiəsilə məşğul olan T.Zülfüqarov öz ətrafına bir qrup dəllalı yığaraq rayon ərazisində əkinçiliklə məşğul olan ayrı-ayrı sahibkarları aldadaraq onların istehsal etdikləri kənd təsərrüfatı məhsullarını, konkret halda kartofu ucuz qiymətə almağa cəhd etmiş, sonuncuların öz halal mallarını real bazar qiymtəinə alıcılara birbaşa satmalarına süni əngəllər yaratmış, maneçilik törətmişlər.

Bununla bağlı rayonun Muğan və Maşlıq kəndlərində yaşayan bir neçə sahibkar DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə və Cəlilabad RPŞ-nin Göytəpə Polis Bölməsinə müraciətlər edərək dəllallar tərəfindən törədilən dələduzluqların qarşısının alınmasını xahiş etmişlər.

Həmin ərizə və müraciətlər əsasında Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsində adiyyatı qurumların məsul əməkdaşlarının iştirakları ilə birlikdə ətraflı araşdırma aparılmış, sahibkarların hüquqlarının qorunması istiqamətində bir sıra əməli tədbirlər görülmüş, yerli iş adamlarına yönəlmiş dələduzluqların qarşısı alınmışdır.

Başçılıq etdiyi dəllallar qrupunun qanunsuz əməllərinin qarşısı alındıqdan sonra T.Zülfüqarov özünün şəxsi “Feysbuk” səhifəsində heç bir fakta və reallığa söykənmədən polis əməkdaşları haqqında şər və böhtan xarakterli məlumatlar yaymış, asayiş keşikçilərinin qanunla qorunan işgüzar nüfuz və imicini ləkələməyə çalışmışdır. Bununla da şərəf və ləyaqətin qorunması ilə bağlı qanunverciliyin tələblərini kobud şəkildə pozmuş T.Zülfüqarov barəsində məhkəmə qarşısında mülki iddia qaldırılmışdır”.

araz.az xəbər portalı.