iki2405201802.jpg

Uzun zamandır, dərman qalmaqalı da, Azərbaycanın sağalmaz bəlasına çevrilib. Sanki bu bəlanın səbəbkarı olan “dərman mafiyası” ilə bacarmaq da olmur. Bu mafiyanın əməlləri barədə mətbuatda nələr yazılmayıb!..

Bu il aprel ayının 30-da Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunması isə, daha şok təsirli oldu. Bundan üç gün sonra – mayın 3-də isə komitə sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürüldülər. Hazırda isə, istintaqda yalnız Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilir. Sadiq Abduyev isə, sanki heç komitədə yüksək post tutmayıb, “dərman mafiyası” ilə əlaqəsi belə olmayıb. Əslində isə, “dərman mafiyası” adlı şəbəkə ilə, DGK rəsmilərindən Fikrət Qədiməliyevlə Sadiq Abduyev daha çox işləyiblər. Ölkə mətbuatının, daha çox criminalaz.com saytının xəbərlərində, araşdırma yazılarında da deyilənlər təsdiqini tapır. Bu günlərdə adı çəkilən mətbu orqan maraqlı bir yazısı ilə Dövlət Gömrük Komitəsində “dərman mafiyası”na görə vəzifəsindən uzaqlaşdırılan generalla bağlı ilginc faktlar üzə çıxarıb. Yazıda deyilir ki, hazırda istintaqdan kənar gəzən gömrük generalı dərman qaçaqmalçılığından başqa, digər qiymətli məhsulların qaçaqçılıq yolu ilə ölkəyə gətirilməsinə birbaşa şərait yaradıb.   “Dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyevin, digərində Sadiq Abduyevın dayanrıqları danılmazdır. Əslində, dərmanlar ölkəmizə Sadiq Abduyevin qeyri-rəsmi izni ilə daxil olub, Fikrət Qədiməliyev isə, onları başqa adlar altında rəsmiləşdirilərək, ən müxtəlif aptek şəbəkərlərinə dağıdılmasını həyata keçirib. 

Fikrət Qədiməliyevin ev dustağı edildiyi bildirilsə  də, Sadiq Abduyev hələ də istintaqdan kənar saxlanılır. Bunun da əsas səbəbi kimi, onun məhşur generalla qohum olması göstərilir. Sayta da, belə məlumat daxil olub ki, Sadiq Abduyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumudur. O, nazirin həyat yoldaşının doğma xalası oğludur.

Dövlət Təhlükəsizlik Xidməti “dərman mafiyası”na qarşı əməliyyat keçirəndən sonra, Sadiq Abduyev istintaqa cəlb olunub, ifadəsi də alınıb. Lakin nazirlə qohumluğu onu istintaqdan xilas edib. Onun əvəzində istintaqa ölkəyə mal buraxmaq səlahiyyəti olmayan əməkdaşlar cəlb olunublar. Onu da qeyd edək ki, məlum əməliyyatdan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülüb, lakin yaxasını indiyədək istintaqdan kənar tuta bilib. Onun istintaqdan kənar gəzməsi də, Heydərovla qohumluğu ilə əlaqələndirilir.  

Sadiq Abduyevin əməlləri təkcə ”dərman mafiyası”na bağlılığı ilə bitmir. Belə məlumatlar da var ki, Sadiq Abduyev qızıl-briliyant, qiymətli qızılgüllərin gömrükdən qeydiyat aparılmadan qaçaq yolla ölkəyə daxil olmasına da şərait yaradıb.  

Hazırda Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında, gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə, Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmə qərarlarıyla həbs-qətimkan tədbiri seçilib. Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə, DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. 

Rəsmi məlumatlardan da məlum olduğu kimi, “dərman mafiyası” ilə DGK rəsmiləri, qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə, 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan vətəndaşı Anar Məmmədov, 2016-cı ildən aprelin 30-dək, satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə, əvvəlcədən hər yükün ümumi dəyərinin 25 faizi dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq, birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.
Məhi ELSEVƏR, Səməndər QURBANOV. araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.