Terlan-Ehmedov.jpg

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Sportal.az saytına müsahibə verib.

– “Neftçi”ni qəbul edəndə komandanın bir xalı var idi. Lakin mövsümü üçüncü pillədə başa vurduz. Özünüzlə fərəhlənirsiz?
– Əlbəttə, heç kim inanmırdı. Komandanı 4-cü turda qəbul etdim. İki oyun mənimlə uduzdu və 6 turdan sonra komandanın 1 xalı var idi. Heç kim inanmırdı ki, “Neftçi” medal qazanacaq. İşin içinə girəndə hiss edirdim ki, komandada xaos var. Ancaq səbir və təmkinlə işimizi gördük. Uşaqlara inamı qaytarmağı və psixoliji hazırlıq üzrə çalışdıq. Yavaş-yavaş komandanı formalaşdırdıq. Nəticə qazandıqca həvəsimiz artırdı. Ancaq uğur qazandıqca təzyiqlər də çoxalırdı. Buna baxmayaraq, işimizdən zövq aldıq. O uşaqlarla birgə çalışdığım üçün fərəh hissi keçirirəm.

– Səmimi etiraf edin, komandanı götürəndə 3-cü yeri tutacağınıza inanırdınız?
– Xeyr, inanmırdım. Rəhbərliklə söhbət edəndə qarşıma 4-5-ci pillələr hədəf olaraq qoyulmuşdu. Ondan yuxarı yeri tutmaq inandırıcı deyildi. Komandanı götürəndə 1 xalı var idi, 1 top vurmuşdu və həmin o qolu da rəqib öz qapısından keçirmişdi. Komandada futbol anlayışı çətin idi. İnam yox idi, taktiki baxımdan geri idilər. Mövsümün gedişində 4-5-ci yerlərə inam var idi, lakin mükafatçılar arasına düşəcəyimizi heç mən də gözləmirdim.

– Müqaviləniz başa çatır. Gələcək taleyiniz qaranlıqdır…
– Sizə olduğu kimi, mənə də gələcəyim qaranlıqdır. Mayın sonunda müqaviləm başa çatır. Heç bir təklif yoxdur. Nə başqa yerdən, nə də “Neftçi”dən. Mən də gözləyirəm. Təklif olsa, dəyərləndirəcəyik.

– Yayılan məlumatlara görə adınız “Səbail”lə hallanır. Bildirilir ki, bu məsələ “yuxarı”dan həll olunub…
– Mənim bu barədə məlumatım yoxdur. Bu gün eşitdim ki, Samir Əliyev klubdan ayrılıb. İstər-istəməz adama pis təsir edir. Neçə il çiyin-çiyinə futbol oynamışıq. Mənim “Neftçi” ilə ayın sonuna kimi müqaviləm var və gözləmə mövqeyindəyəm. Adımın “Səbail”lə hallanması nə qədər xoşdursa, bu məlumatlar həqiqəti əks etdirmir.

– Komandanı quyunun dibində çıxartdız. “Neftçi” azarkeşlərinə, komandaya inam qaytardız. Sizin rəhbərlik altında “Neftçi” 3-cü pilləni tutaraq avrokuboklara vəsiqə qazandı. Postunuzdan göndərilsəniz, bunu halal edəcəksiz?
– Oynadığım və işlədiyim dövrlərdə belə şeylərə rast gəlmişəm. Çiyin-çiyinə çalışdığım insanlara halal edə bilərəm. Bizim ölkə futolu naminə çalışmaq borcumuzdur. Bu klubda böyümüşəm. “Neftçi”yə halallıq verə bilərəm. Sırf olaraq “Neftçi” adına.

araz.az xəbər portalı.