vahidehmedov5

Mərkəzi Bank dünən 200 manat dəyərində yeni əskinasın qapalı təqdimat mərasimini keçirib. Yeni əskinasın buraxılması cəmiyyətdə bəzi müzakirələrə, söz-söhbətə səbəb olub. 200 manatlıq əskinasın inflyasiya səviyyəsinin yüksəlməsinə, hətta növbəti devalvasiya dalğasına səbəb olacağı fikirlərini səsləndirilənlər də var.

Hurriyyet.org xəbər verir ki, təqdimat mərasimində iştirak etmiş Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov modern.az-a açıqlama verib.

V.Əhmədov bildirib ki, Mərkəzi Bankın həyata keçirdiyi son siyasət heç bir inflyasiya və devalvasiyadan xəbər vermir:

“Çünki Mərkəzi Bank pul kütləsinə lazımi səviyyədə nəzarət mexanizmi həyata keçirir. Neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında müsbət saldo var. Ona görə də manatın devalvasiyasından hələlik söhbət gedə bilməz. Yəni 200 manatlıq əskinasın buraxılması növbəti devalvasiya, pul kütləsinə hər hansı şəkildə təsir səbəbi deyil. Hətta dünən Mərkəzi Bankın sədri Elman Rüstəmovla bu barədə müzakirələrimiz oldu. Sədr də qeyd etdi ki, hazırda Azərbaycanın kifayət qədər ehtiyatları var və narahat olmağa dəyməz”.

Deputat yeni əskinasların hansı zərurətdən buraxılmasına da aydınlıq gətirib:

“Əskinasların buraxılması Cümhuriyyətin 100 illiyi və mərhum Heydər Əliyevin 95 illiyilə əlaqədardır. 2 datanı birləşdirib 200 manatlıq əskinas, o cümlədən xatirə medalları buraxıldı. Əskinaslardan başqa, üzərində Heydər Əliyevin şəkilləri olan xatirə medalları buraxılır”.

V.Əhmədov bu gündən etibarən 200 manatlıq əskinasların dövriyyəyə buraxılacağını bildirib:

“Hər ikisi bu gündən dövriyyəyə buraxılacaq. Pul kütləsinə nəzarət mexanizmini Mərkəzi Bank həyata keçirir. Məsələn, lazım gələrsə, 50 manatlıq, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq. Araşdırma aparılır, bu addım planlı şəkildə həyata keçirilir, özbaşınalıq deyil ki, kim necə istəyir elə də etsin”.

araz.az xəbər portalı.