Xalq şairi: “Bunlar bizim millətimizi alçaltmaqla nə demək istəyirlər?”
“Bu, Nobel xəstəliyindən qaynaqlanır… Bu, film rəzalətdir”.
Musavat.com xəbər verir ki, bu sözləri “Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayıma qonaq olan sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Rüstəm İbrahimbəyovun həmmüəllifi olduğu “Qafqaz üçlüyü” filmi barədə sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, sözügedən film 3 il bundan əvvəl hazırlanıb və bu 3 ildə Azərbaycan jurnalistikası, mətbuatı, ziyalılarının susması sual doğurur: “Çox təəssüflənirəm ki, Rüstəm İbrahimbəyov kimi bir ziyalımız belə bir film çəkib. O, vaxtilə “bakılı ziyalı” kimi açıqlamalar verib. Bizim ziyalılarımızın bir qismi ölürlər bu sözü demək üçün… “Biz bakılılar” deyərək özlərini ayırırlar. Sanki bunlar ayrı millətdirlər. Onların içində burdan köçüb getmiş ermənilərin dərdi yaşayır. Gedib kənarda da görüşürlər, özləri bilərlər. Amma belə bir film çəkmək yolverilməzdir. Əkrəm Əylisinin “Daş yuxular” əsəri də təxminən bu səpkidə idi. Bu, nə xəstəlikdir? Bunlar bizim millətimizi alçaltmaqla nə demək istəyirlər? Ona baxan heç bir rus bu filmdən sonra bir ziyalı kimi ona hörmət etməz”.
S.Rüstəmxanlı hesab edir ki, bu, bir “Nobel xəstəliyi”ndən qaynaqlanır: “Sartr yazırdı ki, Nobel mükafatı Qərb yazıçılarının mükafatıdır. Şərqdən də o adama verilir ki, öz millətinə qarşı çıxır, ona qarşı üsyankarlıq edir. Mən başa düşmürəm, bunlar Çingiz Aytmatovdan böyük yazıçı olacaqlar? Çingiz Aytmatov bütün ömrü boyu qırğlız dağları, o dağlardakı təbiəti məhv edən mifologiyaya qarşı yazdı. Dünyanın 165 dilinə tərcümə olundu. Heç bir yazıçı öz millətini aşağılamaqla özü böyüyə bilməz. Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filmi vaxtilə böyük filmlərdən idi, kosmonavtlar buna baxırdı. Amma kosmonavtlar ölçü vahidi deyil. Orda da Rüstəmin Şərqə, Türküstana, Türk qadınlarına münasibəti mənim xoşuma gəlməmişdi. Bütün qadınlara Gülçatay1, Gülçatay 2, Gülçatay 3 deyə adlar vermək… Bu, həmin yolun davamıdır. Mən onu bir insan, bir yazıçı kimi çox istəmişəm. Bu film məni çox təəssüfləndirdi, Ayaz Salayevin bununla bağlı yazısını oxudum. Onun mövqeyi də mənim mövqeyimlə üst-üstə düşür. Sadəcə bu film niyə indi yada düşür? Moskvada bunu izləyənlər vaxtında aşkar edib, ona etiraz səslərini qaldırmayıblar? Mən filmə baxmamışam. Bəlkə filmdə elə şey yoxdur. Amma mən Ayazın zövqünə inanıram”.
S.Rüstəmxanlı söhbət zamanı Səməd Seyidovla bağlı Avropa Şurasında baş verən qalmaqala da münasibət bildirdi: “Avropa Parlamentindəki tənqidlərdə Azərbaycana daim ikili standartlarla yanaşılır. Biz bu ikili satndartlar şəraitində öyrənməliyik. Durub burdan Avropa Parlamentini “onlar kimdir” deyərək, hədələməklə olmaz. Biz ayrı planetdə yaşamırıq ki… Dünyanın ümumi qəbul olunmuş prinsipləri var. İnsan azadlığı, söz azadlığı, mətbuat azadlığı, toplaşma azadlığı prinsipləri var. Bu, bizim ölkə üçün prioblem yaradırsa, onun həll yolu tapılmalıdır. Məhsul stadionunda mitinq keçirirlir. Bu, nəyi dəyişir? Bu, dövləti, iqtidarı təhdid edir? Orda deyilənləri dinləmək, hansı doğrudursa, onu aradan qaldırmaq lazımdır. Əslində sağlam tənqid hakimiyyətin dərmanıdır. Xırda məmurlar yox yerdən böyük problemlər yaradırlar. Mən millət vəkillərinin də danışıqlarını uzun illər dinləmişəm. Hər şeyin bir danışıq təhəri var. Diplomatik dil tələb edir ki, Avropa Parlamenti ilə parlament dili ilə danışasan. Təhdid dili, qorxu dili, kiməsə pay aparmaq dili ilə yox… Azərbaycan öz ləyaqətini qorumalıdır. Biz heç kimin yanında günahkar deyilik. Bizim torpağımızı işğal ediblər, bizə qarşı ədalətsizlik edilib. Bunu o dildə demək lazımdır”.
S.Rüstəmxanlı bildirib ki, S.Seyidov ömür boyu Avropanı Azərbaycana yaxınlaşdırmağa çalışıb: “Dilləri bilir, mədəni səviyyəsi var. Gəlib Azərbaycanin mövqeyini müdafiə etdiyinə görə günahkar vəziyyətə düşür. Bunu da qəbul edə bilmirəm. Bu, Azərbaycan parlamentinə də, dövlətinə də ciddi xəbərdarlıq olmalıdır ki, biz dünyanı özümüzə oxşatmalı deyilik, özümüz dünyaya oxşamalıyıq. Öz ləyaqətimizi, milli mənliyimizi qorumaqla…”
Sevinc, musavat.com
araz.az xəbər portalı.