Şükür Aslanov və Əvəz Şükürovun maliyyə dəstəyi ilə RPŞ-nin rəis müavini Habil Ağayev, RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmi Atakişiyevə məxsus, Bəcirəvan kəndi ərazisində yerləşən 100 ha əkinə yararlı torpaq sahəsini mənimsəyib.
Ölkənin Mərkəzi Aran bölgəsi olan İmişlidə məmurlararası münasibət bu əyalətə xas yay iqlimindən daha qaynardır. İmişlidəki mənbədən BakuNews.az-a daxil olan məlumata görə RPŞ-nin rəis müavini, polis polkovnik – leytenantı Habil Ağayev, ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov, medianın tikinti kralı kimi tanıdığı Əvəz Şükürovdan ibarət qruplaşma, hal – hazırda RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmi Atakişiyevin rəhbərlik etdiyi qrupla sözün əsl mənasında ciddi qarşıdıurmadadır. Mənbənin verdiyi məlumata nəzər saldıqda, o qədər də böyük olmayan əyalət rayonunda iki məmur qruplaşması arasında baş verənlər feodal üsüil – idarəsindən xəbər verir. Belə ki, Şükür Aslanov və Əvəz Şükürovun maliyyə dəstəyi ilə RPŞ-nin rəis müavini Habil Ağayev, RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmi Atakişiyevə məxsus, Bəcirəvan kəndi ərazisində yerləşən 100 ha əkinə yararlı torpaq sahəsini mənimsəyib. Mənbənin bildirdiyinə görə Məmi Atakişiyevə məxsus həmin 100 ha torpaq sahəsində iri və xırda buynuzlu heyvanların saxlanılması, yetişdirilməsi üçün ferma, hektarlarla sahədə əkilmiş və hal-hazırda yetişməkdə olan kənd təsərrüfatı məhsulları, eyni zamanda iki mərtəbəli yaşayış evi olub. Əvvəla bir əyalət məmurunun bu qədər sərvət toplaması, o cümlədən olduqca böyük torpaq sahəsinə sahiblənməsi təəccüb doğuran haldır. İkinci bir tərəfdən vətəndaşın təhlükəsizliyinə cavabdeh olan qurumun – polis idarəsinin rəis müavininin reketlərə xas hərəkəti – qanunsuz mənimsəməsi bu əyalətdəki ciddi problemlərdən xəbər verir. Onu da xatırladaq ki, Əvəz Şükürovun və Şükür Aslanovun dəstəyi ilə Habil Ağayevin mənimsədiyi torpaq sahəsi yerli icra strukturunun sərəncamı ilə rəis müavininin oğlunun adına sənədləşdirilib. Göründüyü orta əsrlərə xas yağmalama siyasətini rəsmi dövlət qurumu dərhal sənədləşdirir.
Mənbənin bildirdiyinə görə iki məmur qrupu arasında başlayan münaqişənin miqyası daha yuxarı orqanlara qədər çatıb. Belə ki, Məmi Atakişiyev torpaq sahəsinin əlindən alınması ilə bağlı müxtəlif dövlət strukturlarına müraciət edib. Onu da xatırladaq ki, İmişli RPŞ-nin rəis müavni polis polkovnik – leytenantı Habil Ağayevin özbaşınalıqları barədə mətbuat dəfələrlə məlumatlar dərc etsə də, bu şəxs hələ də əməllərini davam etdirir. Bir neçə gün öncə BakuNews.az İmişli RPŞ-də sahə müvəkkili vəzifəsində çalışan, polis mayoru Zaur Əliyevlə Habil Ağayev arasında baş verən münaqişə haqqında da məlumat dərc etmişdi. Mənbənin verdiyi məlumata görə həmin vaxt rəis müavini sahə müvəkkilinə rayonun mərkəzi bazarı ərazisindəki, kənd təsərrüfatı məhsulları ilə dolu “Qazel” markalı avtomobillərin çıxarılması ilə bağlı verdiyi göstərişə Zaur Əliyev əməl etməmişdi. Rəis müavininə “dünən hər avtomobilin sahibindən bazar ərazisində durmaları üçün 200 manat alıb sənə vermişəm. Bu gün onları ərazidən necə çıxarım?” – deyə bildirən Zaur Əliyev, Habil Ağayevin qanunsuz tələblərindən artıq bezdiyini deyərək oradan uzaqlaşıb. Mənbə onu da qeyd etdi ki, Habil Ağayevin əməlləri yalnız bunlarla yekunlaşmır. Rəis müavini istədiyi vaxt DYP funksiyasını da yerinə yetirir. Hərəkətdə olan, ən başlıcası isə gözünə xoş dəyməyən istədiyi avtomobili saxlayır və sürücünü cərimələyir. Etiraz edənləri isə onun bir əmrinə hazır olan polis nəfərləri vasitəsilə məcburi qaydada RPŞ-yə göndərir və…
Göründüyü kimi paytaxtdan cəmi 220 km kənarda, lakin bu ölkənin qanuni ərazisi olan İmişlidə ölkə qanunları feodal qanunları ilə əvəzlənib. Əvəz demişkən onu da xatırladaq ki, əslən İmişlidən olan və tikinti kralı adlanan Əvəz Şükürovla, ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanovla, o cümlədən RPŞ-nin rəis müavin Habil Ağayevlə bağlı məlumatlar bununla yekunlaşmır.
Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.
Redakisya yazıda adı çəkilən şəxslərin və təşkilatlarında mövqelərini dərc edə bilər. (BakuNews.az)
araz.az xəbər portalı.