Rusiya vətəndaşı olan, ixtisasca maşınqayıran xanım ölkəmizdə necə kosmetoloqluq edir?
Nizami Rayon Məhkəməsində hakim Habil Əhmədovun icraatında olduqca maraqlı bir işə baxılır. İş üzrə iddiaçı Bakı sakini Aygün Məmmədovadır. Cavabdeh isə bütün günü telekanallarda kosmetoloq-həkim kimi reklam olunan Elnarə Rzayevadır. Özünü kosmetoloq adlandıran bu qadın əslində Rusiyanın Saratov şəhərində texnikumda (Саратовский областной химико-технологический техникум) maşınqayırma ixtisasını bitirib.
İddaçının Nizami Rayon Məhkəməsinə təqdim etdiyi sənədlərdən belə aydın olur ki, gözəllik doğurdan da qurban tələb edir. Aygün Məmmədova iddiasında yazıb ki, kosmetoloq Elnarə Rzayevanın proseduru nəticəsində sifətində problemlər yaranıb, eyni zamanda kosmetoloq tərəfindən şərəf və ləyaqəti alçaldılıb. Artıq iş üzrə ekspertiza təyin olunub.
A.Məmmədova criminal.az-a təqdim etdiyi fotolardan belə görünür ki, gözəlləşmək istəyən qadın, daha da eybəcər duruma salınıb. O, sayta açıqlamasında deyib ki, ötən ilin oktyabrında sifət dərisində məsamələrin və ağız ətrafındakı qırışın aradan qaldırılması üçün E.Rzayevanın qəbulunda olub. Onun sözlərinə görə, həmin kosmetoloq tərəfindən ona mənşəyi məlum olmayan iynə vurulub.
Sitat: “Sifətimə bir neçə yerdən iynə vurdu. Bundan başqa dodaq ətrafına və burnuma iynələr vurdu. Məsləhət gördü ki, bir neçə gündən sonra prosedur təkrarlanacaq. Bu iş üçün Elnarəyə 360 manat ödəniş etdim. Noyabr ayında növbəti prosedur üçün onun yanında oldum, yenə iynə vurdu və 330 manat ödəniş etdim. Bir neçə gündən sonra sifətimdə xırda yumrular, şişlər əmələ gəldi. Bu vaxta qədər də həmin şişlər keçməyib. Yaranmış problemlə bağlı yenidən Elnarənin yanına getdim, baxıb bildirdi ki, bu belə olmalı idi. Etiraz etdikdə isə “sən mənə iş öyrədirsən? Kim səni öyrədib göndərib” deyə qışqırmağa başladı. Bu vaxt yaşlı bir qadın məni sakitləşdirərək klinikadan bayıra çıxartdı və sonra qapını arxadan bağladılar. Sonra isə Elnarə sosial şəbəkələrdə şəkilimin üzərinə təhqiredici sözlər yazaraq paylaşdı. Bununla da hirsi soyumadı, ailə üzvlərimin, uşağımın, həyat yoldaşımın şəkillərini paylaşaraq təhqiredici sözlər yazıb. Buna görə də Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət etdim. Hazırda isə məhkəmədə iddia qaldırmışam”.
Yazılanlardan aydın olur ki, Aygün Məmmədova Elnarə Rzayevanın yeganə qurbanı deyil. Kosmetoloqun keçmiş müştərisi Validə Firidunova da Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə onun tərəfindən döyülməsi ilə bağlı şikayət edib. İş araşdırılıb və Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Onun qurbanlarından biri də Xatirə Fərzullayevadır. Başına gələnləri criminal.az saytına danışan X.Fərzullayeva deyir ki, Elnarə Rzayevaya dodağındakı biopolimeri (gel) əritmək üçün müraciət edib.
Onun sözlərinə görə, prosedurları etmək üçün kosmetoloqa 800 manat ödəyib: “Onun vurduğu iynə dodaqlarımı yandıraraq bərbad vəziyyətə qoydu.
Dəfələrlə qapısına getsəm də məni söyüb. Dodağımın yarası sağalsa da, hazırda bərbad haldadır. Dodağımı dermatoloqlar güclə sağaltdılar”. X.Fərzullayevanın vəkili Toğrul Allahyarov deyib ki, şikayətləri əsasında E.Rzayeva barəsində cinayət işinin başlanmasını Nəsimi rayon Prokurorluğu və polis idarəsi rədd edib.
Vəkilin sözlərinə görə, Elnarə Rzayeva tibbi və əczaçılıq fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyindən lisenziya almayıb. Hazırda da lisenziyasız fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyi vəkil sorğusuna cavab verib ki, E.Rzayeva onlardan heç bir sertifikat almayıb. İstifadə etdiyi preparatların mənşəyi isə bilinmir.
E.HÜSEYNOV,
“Yeni Müsavat”
araz.az xəbər portalı.