1527235932_torr.jpg

Bu günlərdə erməni mətbuatı yaxın aylarda Ermənistan Silahlı Qüvvələrinin “Tor” zenit raket komplekslərini əldə edəcəyini yazıb.
Araz.az xəbər verir ki, müstəqil hərbi ekspert Aleksey Xlopotov “Sputnik”ə sözügedən silahla və hadisələrin bundan sonrakı inkişafı ilə bağlı danışıb.
– Rusiya Ermənistanı “Tor” raketləri ilə təchiz etmək niyyətindədir. Bu, necə silahdır və hansı təhdidləri daşıyır?

– “Tor” – bu, hava hücumundan müdafiə təyinatlı hərbi silahdır. Quru birləşmələrini havadan zərbələrdən qorumaq üçün zenit raket kompleksidir. Yəni istisnasız olaraq müdafiə silahıdır. Erməni tərəfinin bu silahı əldə etmək cəhdi, vəziyyətin gərginləşəcəyi halda özünün ən yaxşı zərbə qurğularını, hər şeydən əvvəl tank birləşmələrini, həmçinin “İsgəndər”lərini Azərbaycan aviasiyasının sürətlə məhv etməsindən xilas etmək cəhdi kimi qiymətləndirilə bilər. Ciddi və effektli silahdır, lakin hər halda taktiki xarakter daşıyır. “Tor” mümkün hərbi münaqişənin gedişinə ciddi təsir göstərmək imkanlarına malik deyil. Bundan əlavə, anladığım qədəri ilə o hələ çatdırılmayıb.
Bununla yanaşı, belə bir çatdırılmanın mümkünlüyü barədə məlumatın özü də göstərir ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə sonuncunu Moskvanın Ermənistana qarşı kursunun dəyişmədiyinə əmin edib və bir daha hərbi yardıma və dəstəyə görə zəmanət verib. Bunu öz növbəsində Rusiyanın Cənubi Qafqazdakı vəziyyətə nəzarəti öz əlində saxlamasının bir əlaməti olaraq da qiymətləndirmək olar.
– Ermənistanın artıq “İsgəndər”ləri var və İrəvan daim onları istifadə etməklə hədələyir. Baxmayaraq ki, Rusiya tərəfi daha əvvəl erməni mütəxəssislərin bu silaha yaxın buraxılmayacağını və onun saxlanılmasını da Rusiya tərəfinin özünün həyata keçirəcəyini açıqlamışdı. Necə düşünürsünüz, Ermənistan Cənubi Qafqazda bu “Pandora qutusu”nu açacağı halda Rusiyanın reaksiyası necə ola bilər?
– Ermənistanın “İsgəndər”lərlə ilk olaraq Azərbaycan və ya keçmiş DQMV ərazisindəki obyektlərə zərbə endirəcəyi halda, Rusiyanın reaksiyasının necə olacağını proqnozlaşdırmağı, belə bir addımın atılması ehtimalının aşağı olduğuna görə təyin edə bilmərəm. Bu, Ermənistan üçün özünə sui-qəsd olardı.
Düşünmürəm ki, Rusiya belə bir vəziyyətdə nə iləsə əhəmiyyətli dərəcədə kömək edə bilər – maksimum kəşfiyyat məlumatları çatdıra bilər. İstənilən halda Rusiya açıq şəkildə təcavüzkarın tərəfində çıxış etməyəcək. Öz bazalarında təcrid olunacaq, onların müdafiəsini saxlayacaq və paralel şəkildə diplomatik kanallar vasitəsilə atəşkəsə nail olmağa çalışaraq gözləyəcək. Bəli, əslində, müharibə Paşinyanın maraqlarında deyil. O hələ hakimiyyətə yenicə gəlib və əsas vəzifəsi daxili-siyasi cəbhədə öz mövqeyini möhkəmləndirməkdir.
Paşinyana müxalif olan qüvvələrin sərhəddə hərbi təxribat təşkil edə biləcəyi isə başqa məsələdir. Yenə də bu qüvvələrin “İsgəndər”ləri əldə etməsi ehtimalı həddən çox azdır, demək olar ki, mümkünsüzdür.
– Ermənistan mətbuatı iddia edir ki, Rusiyadakı futbol üzrə dünya çempionatı Azərbaycan silahlarını susmağa vadar edəcək. Necə düşünürsünüz, Moskvanın fikrinin Cənubi Qafqazda olmadığı, dünya çempionatı ilə məşğul olduğu bir məqamda regionda gərginlik yaşana bilərmi?
– Azərbaycana gəldikdə, onun hərbi-iqtisadi potensialını nəzərə alaraq, münaqişənin hərb yolu ilə həll variantının ən cəlbedici ehtimallardan biri sayıldığını demək olar. Obrazlı şəkildə desək, Azərbaycan Ermənistanı demək olar ki, bir anın içində zəhlətökən milçək kimi əzə bilər. Ermənistanda bunu yaxşı başa düşürlər və… qorxurlar. Məhz buna görə də belə yazılar dərc olunur.
Hərbi sahədə üstünlüyü olan Azərbaycan hərbi əməliyyatların başlaması üçün vaxtı və yeri seçmək hüququna sahibdir. Ona öz əməllərini maskalamaq üçün hər hansı bir hadisə barədə təxmin etmək ehtiyacı yoxdur. Əslində, Azərbaycan sadəcə “güclünün hüququ” ilə də hərbi əməliyyatlara başlaya bilər. Bu zaman niyə Azərbaycan Rusiyada keçirilən dünya çempionatının arxasında gizlənsin və ya ona köklənsin?
2008-ci ildə Cənubi Osetiya münaqişəsinin hadisələrini xatırlamaq lazımdır. O zaman Pekində keçirilən Olimpiya Oyunları Gürcüstana Cənubi Osetiyada hərbi əməliyyatlara başlamağa mane olmadı.
Azərbaycan Prezidenti İlham Əliyev dövrünün ən müdrik siyasətçilərindən biri olması ilə tanınır. Düşünmürəm ki, onun planlarında Cənubi Qafqazda genişmiqyaslı müharibəyə başlamaq barədə müddəa var. Ermənistan tərəfinin təxribatlarına icazə verməyəcəyi isə qətidir və bu halda maksimal şəkildə sərt cavab verəcək. Vəziyyətin gərginləşməsinə yol verməmək məqsədilə, Paşinyan Ermənistanın daxilində olan vəziyyətə nəzarət etməlidir.

araz.az xəbər portalı.