Erməni generalın “DEZOSU” dövlətimzi “11 metrlik zərbə nöqtəsinə” qoya bilər
Əziz dostlar! Hörmətli həmkarlar!
Vallah bəzi adını mətbuat işçisi qoymuş şəxslərin sadəcə nə demək istədiyini anlamaqda çətinlik çəkirəm. Əgər bunlar fikirləşirlərsə ki, guya bu xəbərlə bunlar “bomba partladırlar”, vallah çox böyük səhvə yol verirlər. Özü də bu səhv asılı olmayaraq ki, bilərəkdən, ya bilməyərəkdən edilib, Azərbaycan adlı dövlət üçün “qaş düzəldən yerdə vurub gözü çıxartmağa” bərabər hərəkətdir. Bu xəbərin verilməsində məqsədin nədən ibarət olmasını mən təxmini bilirəm. Amma və lakin, hörmətli məsul şəxslərə və mətbuat “bosslarına” demək istəyirəm ki, siz çox yanlış və zərər verə biləcək hərəkət edirsiniz.
Bir erməni səfeh generalı öz dövlətinin yeni təyin olunmuş Baş Qərargah rəisi ilə bağlı səsləndirdiyi fikirdə balaca bir epizod kimi Naxçıvanla bağlı guya Ermənistanın ərazi itkisi ilə üzləşdiyini qeyd edib və necə deyərlər, onun məqsədi öz generalının o qədər də savadlı, bacarıqlı olmaması fikirini qabartması olmuşdusa, bizim “ağıllıların hərəkəti Azərbaycanı tam olaraq “11 metrlik zərbə nöqtəsinə qoymaq” kimi başa düşülməlidir. Guya Azərbaycan ordusu … Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona (?!) boyu irəliləyərək böyük ərazini nəzarətə götürüb. Bir daha təkrar edirəm ki, bu xəbəri erməni tərəfi açıqlayıb.
Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək böyük ərazini nəzarətə götürməsi faktı hətta olmuşsa belə, adama deyərlər ki, ay siyasi savadı qıcqıran jurnalist və ona “yaşıl işıq yandıran “ağıllı”, siz heç olmasa bunun nə demək olduğunun fərqindəsinizmi?!
İndi 28 may Respublika Günü ilə əlaqədar bayram tədbirləri ilə bağlı bəzi güclərin sadəcə gələn həftənin əvvəllərində hansı tozanağı qoparacaqlarını özünüz də görəcəksiniz. Axı biz əzəli və əbədi Qarabağ ərazisi ilə bağlı hər hansı bir addım atmış olsaydıq, bəlkə də bunu içi mən qarışıq hamımız alqışlayardıq. Amma, guya “mən bomba və vətənpərvər oğlanam” düşüncəsinin sahibi olan bir-iki nəfər bu cür dezinformasiyanı götürüb, böyrünü-başını bəzəyərək xəbər etməsi, sadəcə siyasi və hərbi savadsızlıqdır. Mən bu cür xəbəri sırf Qarabağla bağlı yazmış olan sayt(lar)a 100 dəfə çox sağ ol deyərdim. Amma, Ermənistan ərazisi ilə bağlı bu cür xəbəri bəh-bəhlə yayan sayt(lar)ı və bunu paylaşan yoldaşları anlamaqda çətinlik çəkirəm. Hətta belə bir hadisənin olması nöqteyi-nəzərdən buna yanaşsaq, adama sual verərlər: siz Müdafiə Nazirliyinin rəsmən vermədiyi və ÖLKƏNİN ZİYANINA işləyə biləcək bu cür dezonu verməklə nə demək istəyirsiniz? Guya biz də düşməndən hansısa ərazidə, adı da neytral olan ərazidə, torpaq almışıq? Ay-hay! Bərəkallah sizin “dərin” düşüncənizə!
Dəfələrlə olub ki, Müdafiə Nazirliyindən qabaq bəzi “ağıllılar” özlərini “bomba və məlumatlı, vətənsevər” patriot kimi qələmə vermək üçün belə düşmən təxribatına sanki dəstək olublar. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu cür xəbər portallarına və jurnalistlərə qarşı ən azından böyük cərimələr və son xəbərdarlıqlar tətbiq etməlidirlər. İndiki halda mən bu cür təxribatı bəzəyib, özümüzün ziyanına işləyə biləcək məlumatın məhz Azərbaycan mətbuatında tirajlanmasının qəti əleyhinəyəm. Müdafiə Nazirliyinin Mətbuat Xidməti bu cür addımların qarşısını dərhal almalı və zəruri olan addımları atmalıdır.
Xatırladım ki, “Hetq” internet nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryan Ermənistanın 5-ci ordu korpusunun komandanı, general-mayor Artak Davtyanın Baş Qərargah rəisi təyin olunması ilə əlaqədar tənqidi qeydləri zamanı erməni generalı Onnik Qasparyanla bağlı fikirləri yazarkən Naxçıvan istiqaməti ilə əlaqəli həmən məqamı qeyd edib.
Hələ müharibəyə başlamamışıq, amma görünən odur ki, bəzi “uzaqgörən, özlərini hər şeydən xəbərdar göstərmək istəyən yoldaşlar bizim görmək istədiyimiz və ya atdığımız addımları sanki erməni mətbuatının əvəzindən təqdim edirlər. Adamdan soruşarlar: Sən kimin vətəndaşı və kimə xidmət edirsən, ay…Nə isə…
Gəlin bir az ayıq olaq və dövlətin, xalqın ziyanına işləyə biləcək addımlardan bir qədər uzaq duraq. Onsuz da əskimiz tüstülüdür! Heç olmasa biz düşmənlərimizə imkan yaratmayaq ki, bizi gözləmədiyimiz yerdən, qurşaqdan aşağı vursunlar.
Tanrı Azərbaycanımızı və onun güvənc yeri olan Silahlı Qüvvələrimizi, düşmənlə ön mövqelərdə üz-üzə dayanan əsgər və zabitlərimizi qorusun!
Üzeyir Cəfərov,
ehtiyatda olan polkovnik-leytenant,
hərbi ekspert
araz.az xəbər portalı.