Sabah Azərbaycan dövlətinin kəşfindən və cümhuriyyətimizin quruluşundan bir əsr ötür. Buradakı fərqləndirməmizə təəccüblənməyin, bu sırf işin mahiyyəti üzrə bir yanaşmadır. İlk öncə dövlətin olması ən vacib şərtdir, ardınca isə onun idarəçilik forması doğru seçilməlidir. Bəli, bu elə Amerikanın kəşfi kimi, elektrikin kəşfi kimi və dünyadakı ən ciddi kəşflər kimi gerçək bir kəşf hadisəsi sayılmalıdır. Əlbəttə, burada Azərbaycan türkləri üçün bir tarixi kəşfdən söhbət gedir… Bu kəşf həmin tarixi anda edilməsəydi, hazırda biz dövlət yaratmaq uğrunda mübarizə aparan, əzilən, təqib olunan, döyülən, söyülən xalqların sıralamasında Birləşmiş Millətlər Təşkilatından məzlumluğumuza dəstək verən bəyanatlar gözləyirdik. Necə ki, o bəyanatları bizdən bir çay aşağıda yaşayan, bizdən üç say böyük Azərbaycan türkləri illərdir gözləyirlər. Böyüklərimiz, düşüncə babalarımız bu kəşfin adı üzərində çox düşünüblər, çək-çevir ediblər, kökümüz Dədə Qorqud mədəniyyətinə bağlı olduğuna görə Oğuzustan adını ilk öncə dilə gətiriblər. Bu ad dövlətimizin sırf milli bağlar üzərində, türk sistemi içində quruluşu üçün düşünülmüşdü. Ardınca əsrlərdir məskunlaşılan ərazini dövlət formatına çevirmək, gələcəyin güneyli-quzeyli bütövləşməni təmin etmək üçün Azərbaycan dövləti adı üzərində dayanılıb və qəti qərar qəbul olunub. Bu kəşf həm də başdan-başa ölüm-qalım risqləri ilə üzləşib, onu öz adımıza yazdırmaq üçün yalnız Azərbaycanın böyük düşüncə insanlarının səyləri, iradəsi yetərli olmayıb, həm də qəhrəman türk əsgərinin qurtuluşumuz üçün yardıma qoşması zərurəti yaranıb. Bunları ona görə xatırladıram ki, bu dövlətimizin kəşfində, bu cümhuriyyətimizin quruluşunda, bu torpaqların azad edilməsində rolu olan, üzərimizdə haqqı olan hər bir insanın ruhunu içinizdə hiss edəsiniz.
Bu dövlət bizim arzularımızla sərhədlərini cızdığımız, özümüzüküləşdirdiyimiz dövlət deyil, Dərbəndsiz, Zəngəzursuz, İrəvansız, Borçalısız, Qarabağsız, ən başlıcası isə Güney Azərbaycansız dünya reallığından qopardığımız Vətən torpağının kiçik bir qismidir. Müstəqil Azərbaycan Respublikasının funksional orqanlarından məhrum olmuş bir ürək kimi döyünür, şah damarını kirəcləşdirən dünya düzəninə qarşı çətinliklə də olsa dirəniş göstərib, manevrlər edib yaşam üçün vacib olan qan dövriyyəsini davam etdirir, milli qanın pompalanmasını gerçəkləşdirir. Sabah biz əslində bu azadlıq qanını ürəyimizə daşıyan bir İlahi möcüzənin bir əsrlik zaman tarixini qeyd edəcəyik.
Ona görə sabah sözü ilə cümləmiz başlayır və tamamlanır ki, Azərbaycan dövlətinin keçmişində onlar vardı, bu günündə bizlər varıq və sabahında kimlər olacaqlar- ən önəmlisi də budur. Bu dövləti, bu cümhuriyyəti Məhəmməd Əmin bəylər elə dəyərlər üzərində kəşf etmişlər, qurmuşlar ki, ən ağır durumlarda belə sabaha ümidi itirmək mümkün deyil, bu səbəbdən də cümhuriyyətin iki ili Sövet Azərbaycanının yetmiş ilinə məhz bu ümidlə qalib gələ bilib, öz dəyərləri ilə Sovet Azərbaycanını ideoloji sistemini sındıra bilib.
Sabah artıq qalib Azərbaycan Cümhuriyyətinin bir əsrlik varlıq tarixi tamamlanır. Dəyərli Azərbaycan vətənsevərləri, qutlu olsun Sabahımız!
Fazil Mustafa, Millət vəkili
araz.az xəbər portalı.