Etibar Məmmədov: “Bu kimi tarixi olayların qeyd edilməsi olduqca vacibdir, amma…”
Bu gün ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü qeyd olunur.
Cümhuriyyətin, Cümhuriyyət dəyərlərinin təbliği cəmiyyətimizdə demokratik şüur və təfəkkürün möhkəmlənməsi baxımından nə dərəcədə əhəmiyyətlidir? Demokratik dəyərlər üzərində bərqərar olan Cümhuriyyət dəyərlərinin təbliği müasir cəmiyyətimizdə də demokratik baxış və təsəvvürləri genişləndirə bilərmi?
Moderator.az -a açıqlama verən AMİP lideri Etibar Məmmədov bu məntiqlə razılaşdığını vurğulasa da, hazırkı tədbirlərin ölkə başçısnın məlum sərəncamına uyğun səviyyədə həyata keçirilmədiyini qeyd etdi:
“Təbii ki, Cümhuriyyət dəyərlərinin təbliği cəmiyyətdə demokratik təfəkkürü də gücləndirə bilər. Bu kimi tarixi olayların, günlərin qeyd edilməsi olduqca vacibdir. Bu, millətin, xüsusilə də gənclərin tərbiyəsində, vahid fikrin, düşüncənin formalaşmasında da mühüm rol oynayır. Bu baxımdan AXC-nin 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi vacib idi. Ancaq təəssüf ki, mənim fikrimcə, bu tədbirlər lazım olan səviyyədə deyil. Tədbirlərin bu səviyyədə təşkili verilən sərəncamın da ruhuna uyğun deyil. Sərəncama əsasən bu gün dövlət səviyyəsində bayram kimi qeyd olunmalı idi. Ancaq baxırsınızsa, şəhərdə Azərbaycanın bayraqları asılmayıb. Halbuki, bayram dövlət bayramıdır. Bayramın bu şəkildə keçirilməsi heç də mənim ürəyimi açmır”.
Seymur Əliyev
araz.az xəbər portalı.