– “Öz xalqını bu qədər sevən insanı necə xain alandırmaq olar?”

ilyas-ismayıl0v-2.jpg
“Təkcə Azərbaycan xalqı yox, türk və müsəlman dünyası Nəriman Nərimanova borcludur”
Ədalət Partiyasının sədri, hüquq emləri doktoru İlyas İsmayılovla söhbətimiz zamanı Nəriman Nərimanov haqqında bilmədiyim çox şeyləri öyrəndim. Sən demə, bir çoxlarımızın sovet lideri kimi tanıdığı bu adam, əslində milli və dini dəyərlərə sadiq böyük dövlət xadimi imiş! Təkcə Azərbaycanın deyil, həmçinin Türkiyənin qurtuluş savaşından tutmuş, Orta Asiyanın sovet assimilyasiyasından xilas olunmasına qədər, Nəriman Nərimanovun əvəzsiz xidmətləri varmış.

Bir çoxlarınıza bəlkə nağıl kimi görünəcək bu iddiaları İlyas müəllim əlində tutduğu tarixi sənədlərlə isbatlayırdı. Doğrusu, həmin sənədlər olmasaydı, mən də iddialara şübhə ilə yanaşardım. Amma hömsöhbətimin danışdıqca masanın üzərinə qoyduğu əlahəzrət faktlar bütün şübhələri dağıdırdı.

– İlyas müəllim, son zamanlar ölkəmizdə tarixi şəxsiyyətlər tez-tez müzakirə mövzusuna çevrilir. Siyasətçilərdən tutmuş jurnalistlərə, yazarlara qədər, hər kəs tarixə “işıq tutmağa” çalışır. Amma nədənsə, bu “işıqlandırmada” indiyədək yaxşı gördüklərimiz pis, pis gördüklərimiz isə yaxşı görünürlər. Siz bu barədə nə düşünürsünüz?

– Tarix bir xalqın qan yaddaşıdır. Ata-babalarımızın bu günə qədər keçdiyi yolları öyrənmək, yaşadığımız torpağın necə çətinliklər və məşəqqətlərlə qorunduğunu bilmək vacib məsələdir, əlbəttə. Türk şairi Mehmet Akif Ersoyun məşhur bir misrası var: “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”. Həqiqətən də hazırda bu cənnət ölkədə rahat yaşaya bilməyimizi babalarımızın yadelli düşmənlərə qarşı apardıqları mübarizəyə borcluyuq. Ona görə də, tarix öyrənilməli, müzakirə edilməlidir. Amma müzakirə zamanı biz yaddan çıxarmamalıyıq ki, tarix birvariantlıdır, onu siyasi məqsədlərə uyğunlaşdıraraq nə bəzəmək, nə də pis hala salmaq olar. Tarixə, onun yetişdirdiyi şəxsiyyətlərə qiymət verərkən, bir çox nüansları göz önündə tutmalıyıq. Unutmamalıyıq ki, hər bir insan öz yaşadığı dövrün məhsuludur. Onun xarakterini, atdığı addımları dövrün şərtləri, içərisində olduğu mühitin tələbləri müəyyənləşdirir. İnsana qiymət verərkən də indinin yox, həmin şəxsiyyətin yaşadığı keçmişin çətinlikləri və fürsətləri nəzərə alınmalıdır. Təəssüf ki, tarixi müzakirə edənlər bu vacib məqamı yaddan çıxarırlar. Nəticədə tarixə iz salmış şəxsiyyətlər bəzən fərqli təqdim olunurlar.

Məsələn, bu yaxınlarda bir müəllifin Nəriman Nərimanov barədə yazdığı məqaləni oxudum. Nəriman Nərimanovla Məmməd Əmin Rəsulzadənin müqayisə olunduğu həmin yazıda birinci şəxsiyyət vətən xaini, ikinci şəxsiyyət isə milli qəhrəman kimi təqdim olunur. Ən qəribəsi isə odur ki, müəllif tarixi sənədlərə yox, SSRİ dövründə lentə alınmış bir bədii filmin hansısa epizoduna əsaslanır. Həmin epizodda Fətəli xan Xoyskinin Nəriman Nərimanovla mübahisəsi əks olunur və guya, Xoyskinin “biz xalqa istiqlal bəxş etdik” sözlərinə Nərimanov ironiya ilə cavab verir. Halbuki, Azərbaycan Xalq Cümhuriyyətinin 2 illik tarixi boyunca Nəriman Nərimanov ümumiyyətlə, ölkəmizdə olmayıb. Deməli, Xoyskiylə bu cür mübahisəsi də mümkün deyildi. Sadəcə, həmin kinonun müəllifləri müxtəlif ideyaları hansısa fərdlər üzərində şəxsləşdiriblər. Bədii ədəbiyyatda bu cür yalanlar yolveriləndir və bədii təsvir vasitəsi kimi yüksək qiymətləndirilir. Amma bədii ədəbiyyatın obrazlı yalanlarını tarixi fakt kimi göstərmək olmaz. Mən ümumiyyətlə, tarixi şəxsiyyətlərə subyektiv yanaşmağın, futbol komandasını dəstəklədiyimiz kimi onlardan birini ideallaşdırıb, digərini isə süngüylə qarşılamağın tərəfdarı deyiləm. Hər kəsə eyni məsafədən yanaşılmalı, obyektiv, ədalətli mövqe ortaya qoyulmalıdır. Ən azı ona görə ki, bizim mövqeyimiz tarixi geri gətirməyəcək, buraxılan səhvləri düzəltməyəcək. Yaşanmamış hadisələrin mümkün nəticələrindən danışmaq ziyalıların yox, nağılbazların işidir. Eyni dövrdə yaşamış tarixi şəxsiyyətləri zorla üz-üzə gətirmək, onların üzərində iki düşmən obrazı yaratmaq tarixə elmi yanaşmayla üst-üstə düşmür. Bu sözlər, xüsusilə Nərimanov-Rəsulzadə münasibətlərinə aiddir. Axı, onlar Azərbaycanın tale yüklü anında heç üz-üzə belə gəlməyiblər.

– Maraqlıdır, Nərimanov həmin vaxt harada idi?

– Nəriman Nərimanovun həyatı ilə bağlı yazılanlara qısaca nəzər salsanız, görərsiniz ki, o, 1918-ci ilin iyul ayında səhhətində yaranmış problemlə əlaqədar Həştərxana gedir və Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra Bakıya qayıdır. Bakıya qayıdışının səbəbi isə partiya tarşırığı ilə bağlıdır. Sovet hökuməti yeni qurulanda Azərbaycanı idarə edən orqanlarda yerli nüfuzlu şəxslər olmadığından bunun üsyanlarla nəticələnəcəyindən ehtiyat edilirdi. Ordzonikidze, Kirov və digər rəhbərlərin o vaxt Leninə dəfələrlə yazdıqları məktublarda Nərimanov kimi savadlı yerli liderlərə ehtiyac hiss olunduğu vurğulanır və onun dərhal Bakıya göndərilməsi tələb edilirdi. Lenin də bu xahişləri nəzərə alıb 1920-ci ilin may ayında, yəni aprel çevrilişindən sonra Nərimanova Bakıya getməsini tapşırır. Nərimanov Bakıya qayıtdıqdan sonra Kirov da, Ordzonikidze də peşman olmuşdular. Bu peşmanlıq onların Leninə göndərdikləri məktublarda da öz əksini tapıb.

Ordzonikidze də yazırdı kı, Nərimanov Mikoyan da daxil olmaqla, arzuolunmaz hesab etdiyi 30-dan çox qeyri-müsəlman kadrın Azərbaycandan geri çağrılmasına nail olub. Nərimanov daha sonra Azərbaycan hakimiyyət orqanlarında təmsil olunan yadellilərin böyük əksəriyyətini öz milli kadrlarımızla əvəz etməyi bacarmışdı. Sovet Azərbaycanı tarixinin istənilən çağında milli qüvvələr Nərimanovun dövrü qədər hakimiyyətdə təmsil olunmayıb. Hətta Azərbaycan Xalq Cümhuriyyəti dövründə belə. Bilirsiniz ki, 2 ilə qədər qısa ömür sürən müstəqil dövlətimizin parlament və hökumət orqanlarında Azərbaycana aid olmayan çox sayda etnik qruplar və siyasi düşüncə daşıyıçıları yer alırdılar. Nərimanovun ardıcıl mübarizəsi nəticəsində sovet hökumətinin idarəetmə orqanları bu cür yad ünsürlərdən təmizlənmişdi. Ümumiyyətlə, sovet hakimiyyətinin ilk illərində ermənilərin Azərbaycanla bağlı bir çox planları Nərimanovun cəsarətli addımları və mübarizəsi sayəsində baş tutmayıb. Onlardan biri də Dağlıq Qarabağ məsələsidir. Tarixi sənədlərdən məlum olur ki, 1921-ci ildə Kommunist Partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərar çıxarmaq istəyir. Həmin toplantıda iştirak edən Nərimanov bu təklifə kəskin şəkildə etirazını bildirərək, məsələnin RKP MK-nin sərəncamına verilməsinə nail olur. Bundan əvvəl isə onun Leninə məşhur məktublarından birini yazdığı məlumdur. Həmin məktubda sovet hakimiyyətinin Azərbaycanın əleyhinə yürütdüyü siyasətlərin dövlətin beynəlxalq imicinə və Şərqə yayılma strategiyasına zərbə vuracağı bildirilir, Lenindən bu siyasətin qarşısını alması, gürcü və erməni kommunistlərinin millətçi mövqelərinə görə cəzalandırılması tələb olunurdu.

Həqiqətən də Nəriman Nərimanovun bu planlı və ardıcıl mübarizəsi öz effektini verir. 1921-ci ilin 5 iyulunda keçirilən RKP MK-nın Qafqaz bürosunun Plenumunun iclası keçirilir və Dağlıq Qarabağ Azərbaycanın ərazisində saxlanılmaqla, paytaxtı Şuşa şəhəri elan olunur. Təsəvvür edin, bu gün müstəqil Azərbaycanın qazana bilmədiyi bu uğuru Nərimanov təkbaşına sovet hakimiyyətinin ilk illərində əldə edə bilmişdi. Baxmayaraq ki, o zaman Kremldə ermənilərin əlindən tərpənmək mümkün deyildi. Azərbaycan ziyalıları isə prosesləri kənardan müşahidə etmək məcburiyyətində qalmışdılar. Çünki dövrün nəbzini tuta bilməmiş, zamanında Kommunist Partiyasının sıralarında özlərini möhkəmlətməmişdilər. Nərimanov isə digərlərindən fərqli olaraq siyasi prosesləri düzgün analiz etmiş, daha çox uğur gətirəcək mövqedə qərarlaşmışdı. Onun sovet rəhbərliyindəki fəaliyyəti hər zaman Azərbaycanın və digər Şərq xalqlarının maraqlarına xidmət etmişdi. Məsələn, türkdilli məktəblərin yaradılması, Azərbaycan ədəbiyyatının inkişafı və öyrənilməsi, milli-mənəvi dəyərlərimizin qorunması kimi bütün müsbət uğurlarımız Nərimanovun əməyiylə öz məntiqi nəticəsinə çatmışdı. 1920-ci ildə məhz Nərimanovun fərmanı ilə Azərbaycan türkçəsi dövlət dili olmuşdur.

Neriman Nerimanov

Bu dahi şəxsiyyətin həyat və yaradıcılığı ilə yaxından tanış olanda görürük ki, maarifçilik hərəkatına hələ Çar Rusiyası dövründə başlayıb. 1906-cı ildə Bakıda Müsəlman müəllimlərinin I qurultayında çıxış edən Nərimanov dövlət qarşısında bir çox məsələlər qaldırır. Həmin məsələlərdən biri də müsəlman müəllimləriylə rus müəllimləri arasıdakı qeyri-bərabərliklərin ortadan qaldırılması, Azərbaycan dilində tədrisin daha geniş yayılması və müsəlman müəllimlərinə rus həmkarlarıyla eyni maaş verilməsi tələbi olub. Onun bu çıxışı bir çox mütərəqqi ziyalılarımızı belə vahiməyə salıb. Hətta xeyriyyəçi Hacı Zeynalabdin Tağiyevin ona irad tutması da cavabsız qalmayıb. Deyib ki, Tağıyev xeyriyyəçidir, getsin xeyriyyəçiliyi ilə məşğul olsun. Bizi öz puluyla oxudub deyə, nökərçiliyə dəvət etməsin.

O, bu maarifçi missiyasını sovet hakimiyyəti illərində də davam etdirir, qatıldığı müxtəlif tədbirlərdə, yazdığı məqalələrdə Azərbaycan dilli məktəblərin açılması məsələsini gündəmə gətirirdi. Nərimanov “Bakı fəhləsi” qəzetində dərc olunan “Bəzi yoldaşlara cavab” sərlövhəli məqaləsində Azərbaycan xalqının yalnız 3/1-nin rusca bildiyini, 3/2-nin isə öz ana dilində danışdığını qeyd edir və sovet təhsil sistemindən bütün xalqın faydalanmasının vacibliyi məsələsini qaldırırdı. Onun fikrincə, Azərbaycan insanları yalnız rus ədiblərini oxumaqla qalmamalı, Şekspiri, Şilleri də mütaliə etməlidirlər. Bundan əvvəl isə öz ölkəmizin şairlərini – Sabiri, Vaqifi, Zakiri, Vidadini tanımalıdırlar. Yazırdı ki, Azərbaycan xalqı təbii sərvətlərini kiməsə güzəştə gedər, amma öz mövcudluğunun qarantı olan dilindən əsla vaz keçə bilməz. Bu cür cəsarətli fikirləri dilə gətirən Nərimanovun qarşısında isə rusbeyinli ziyalılar ordusu dayanmışdı. Onların içərisində mikoyanlar olduğu kimi, “sapı özümüzdən olan baltalar” da az deyildi. Hətta yerli “balta sapları” qat-qat çox idi. Həmin adamlar gündə Leninə müxtəlif şikayət məktubları yazıb Nərimanovun qarşısının alınmasını tələb edirdilər. Bu görkəmli Azərbaycan ziyalısı və siyasi lideri ölkəmizin mənən yoxoluşuna qarşı təkbaşına mübarizə aparır və böyük risklərin sayəsində qələbə qazanırdı. Nərimanovun Azərbaycan xalqına bəxş etdiyi milli dəyərlərə bağlı kommunist rejimi daha sonra Orta Asiya xalqları üçün də model alınmışdır. Bu mənada yalnız Azərbaycan xalqı yox, SSRİ-də yaşayan bütün türk dilli və müsəlman əhali assimilyasiyaya uğramadıqlarına görə Nərimanova borcludurlar.

Ümumiyyətlə, SSRİ-nin qurulduğu illərdə mərkəzi hakimiyyətdə yeganə müsəlman təmsilçi Nərimanov idi. O, 1922-ci ildə yaradılmış SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 4 sədrindən biri idi və çox mühüm səlahiyyətləri vardı. Tarixi sənədlər Nərimanovun bu səlahiyyətlərindən müsəlman xalqların lehinə maksimum faydalandığını ortaya qoyur.

– Maraqlı bir məqama toxundunuz. Sizin dediklərinizdən belə çıxır ki, Nəriman Nərimanov əslində bizim düşündüyümüz klassik kommunist tiplərdən deyildi. Əksinə, daha çox imperialist siyasətlərə qarşı öz xalqını və dindaşlarını qoruyan milli-demokrat təfəkkürlü mübariz idi.

– Ümumiyyətlə, “tarixi şəxsiyyətlər kimdir, nə cür düşünüblər və öz düşüncələrini hansı metodlarla həyata keçiriblər” kimi suallara tarixçilər cavab versələr, daha faydalı olar. Təəssüf ki, Azərbaycanın Tarix İnstitutu görkəmli şəxsiyyətlərimizə qarşı məkrli hücumların qarşısında susur. Mənim kimi insanlar məcburən onların əvəzinə cavab verirlər. Mən sadəcə bu kimi məsələlərdə oxuduqlarıma istinad edə bilərəm. Oxuduğum mənbələrdə isə Nəriman Nərimanovun Azərbaycan xalqı uğrunda apardığı sarsılmaz mübarizədən bəhs edilir. Məsələn, onun 5 yaşlı oğlu Nəcəfə yazdığı tamamlanmamış bir məktubu var. Məktubunda bir çox xüsusiyyətlərini özü etiraf edir. Hətta yazır ki, sən bu məktubu oxuyanda bolşevik hakimiyyəti olmayacaq. Bu sözlər Nərimanovun bolşevik ideyalarına və siyasətlərinə nə qədər məsafəli yanaşdığını ortaya qoyur. Onun yazdığı bir çox məqalələrində Leninin müsəlman ölkələrində sovet rejimi qurmaq ideyalarını tənqid etdiyini görə bilərik. Nərimanov Lenindən fərqli olaraq ateist ideyalarla müsəlman dünyasını Qərb imperializminə qarşı təşkilatlandırmağın mümkünsüzlüyünə inanırdı. Tarix Nərimanovun haqlı olduğunu sübut etdi. Bu gün Vladimir Putinin Yaxın Şərq siyasətində din amilinə sayqıyla yanaşması Nərimanov prinsiplərinə tamamilə uyğundur. Bəzən adama elə gəlir ki, Putin Nərimanovun ideyalarıyla hərəkət edir. Yaxud onun milli azadlıqlar məsələsinə baxışları Lenin və Stalinin vahid sovet xalqı yaratmaq düşüncəsiylə daban-dabana ziddir. O, müxtəlif sovet liderlərinə yazdığı məktublarında milli dəyərlərə önəm verilməsinin vacibliyini tələb edirdi. Təsadüfi deyil ki, Azərbaycan dilinin ilk qrammatikası (o, buna Türk dilinin qrammatikası deyirdi) kitablarından birinin müəllifi Nərimanov idi. Məqsədi müasir elmin bəhrələrindən faydalana bilməyən Azərbaycan xalqını maarifləndirmək idi. Bu mənada onu kommunistdən daha çox, milli-mədəni maarifçi adlandırmaq daha doğrudur. Oğluna yazdığı məktubunda onun özü də bunu etiraf edir. Deyir ki, mən I Dünya Müharibəsinə qədər Türk dünyasının maarifçiliklə demokratikləşəcəyini, inkişaf edəcəyini düşünürdüm. I Dünya Müharibəsindən sonra isə bu fikirlərim büs-bütün dəyişildi. Çünki müharibənin savadlı xalqların mənsub olduğu dövlətlər tərəfindən törədildiyini gördüm və imperializmə qarşı mübarizədə ən yaxşı silahın kommunizm ideyaları olduğuna qərar verdim. Bu etirafdan da aydın olur ki, Nərimanov milli maraqlar naminə kommunist olub. Prinsipcə, sovet hakimiyyəti illərində də uzun müddət Nərimanov milli demokrat ziyalı kimi tanınıb. Baxmayaraq ki, o, Kremlin divarları yanında dəfn olunan nadir sovet liderlərindən idi, amma 1970-ci illərə qədər Nərimanova şübhə ilə yanaşıldığı heç kimə sirri deyil. Hətta onun anadan olmasının yüzilliyini qeyd etmək Bakıda uzun müddət müzakirə olunub. Azərbaycanın o vaxtkı liderləri milli-burjuaziyanın nümayəndəsinin xatirəsini qeyd etməyin Moskva tərəfindən necə qarşılanacağından ehtiyatlanıblar. Sonradan mərhum Heydər Əliyev Moskvadakı arxivləri incələtdirib və Nərimanovun partbiletini tapdıqdan sonra onun 100 illiyini 2 il gecikməylə 1972-ci ildə keçirilməsinə sərəncam verib. Bütün bunlar Nərimanovun bu xalqa düşmənmi, yoxsa milli qəhrəmanmı olduğunu sübut edir.

Əgər Nərimanov həqiqətən də milli dövlət ideyalarına qarşı olsaydı, onun daşıyıcılarını rahatlıqla sıradan çıxarardı. Tarixi faktlar isə tamamilə başqa şeylər deyir. Bilirsiniz ki, milli hökumət yıxıldıqdan sonra Azərbaycanda qurulan sovet hakimiyyətinin müxtəlif strukturlarında ermənilər kök salmışdı və onlar milli qüvvələrə qarşı represiya siyasəti yürüdürdülər. 1920-cı ildə Gəncədə ruslardan və ermənilərdən təşəkkül tapan bolşevik hakimiyyətinə qarşı üsyan baş qaldırır. Rus ordusu bu üsyanı yatırdır və qiyamın təşkilatçısı kimi Azərbaycanın iki böyük generalını – Mehmandarov və Şıxlınskini həbs edirlər. Generallar həbsxanada erməni müstəntiqlərinin mənəvi və fiziki işgəncələrinə məruz qalırlar. Onları həmin işgəncədən Nərimanov xilas edir və Leninə yazdığı məktubu generallara verib Moskvaya göndərir. Məktubda açıq şəkildə erməni daşnaklarının və Ordzenikidzenin Azərbaycan övladlarına qarşı amansız mövqeyindən bəhs edilir, xüsusilə Şıxlınskinin Rusiya ordusuna əvəzsiz xidmətlərindən danışılır. Onun vaxtilə “rus artilleriyasının allahı” ləqəbiylə tanındığı qeyd olunur və bu generalların imperializmə qarşı mübarizədə fayda verə biləcəkləri bildirilir. Məktubda həmçinin xahiş olunur ki, generallar ermənilərdən qorunmaq üçün iki il müddətində Moskvada saxlanılsın, daha sonra sovet ordusunun yerli diviziyalarının qurulması üçün yenidən Azərbaycana göndərilsinlər. Lenin Nərimanovun bu xahişini yerinə yetirir. Azərbaycanın ən dəyərli iki generalını ermənilərin əlindən xilas edən bir insana necə xain demək olar? Nəzərə alsaq ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə məhz bu generalların xidməti nəticəsində ordumuz yaranmış və Osmanlıların yardımlarıyla qısa müddətdə Qarabağı ermənilərdən xilas etmiş, Ermənistanı danışıqlar masasında oturmaq məcburiyyətində qoymuşdular.

– Etiraf edim ki, şokedici iddialar irəli sürüsünüz. O halda sual yaranır: bəs, sovet hakimiyyəti niyə Azərbaycanın milli-demokrat ziyalısının nazıyla bu qədər oynayırdı?

– Əvvəla, sovet hakimiyyətini tamamilə qara çərçivədə təqdim etməyin əleyhinəyəm. Düzdür, onun da müəyyən dövrlərində bir çox haqsız siyasətlər olub. Amma həqiqət budur ki, SSRİ yarandığı ilk dövrlər səmimi şəkildə Qərb imperializminə qarşı mübarizə aparmaq məqsədilə qurulmuşdu. Qərb imperializminin əsas hədəfi isə Şərq xalqları idi. SSRİ müsəlman Şərq xalqlarını öz ətrafına toplamaq üçün onların nümayəndələriylə hakimiyyət vitrinini bəzəməliydi. Nəriman Nərimanov isə SSRİ-də bu siyasəti dərindən anlayır və Moskvanın strateji hədəflərinə uyğun manevr etməyi bacarırdı. Təsadüfi deyil ki, o, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilmişdi. Həmin vəzifədə təmsil olunduğu vaxtlar müsəlman Şərq xalqlarına əlindən gələn köməkliyi əsirgəməmişdi. Bilirsiniz ki, I Dünya Müharibəsində Qərb ölkələrinin əsas hədəflərindən biri Osmanlı imperiyasını öz aralarında bölüşdürmək idi. Müharibənin sonunda bu hədəfə xeyli yaxınlaşan Qərb ölkələrinin planlarını Atatürkün başlatdığı İstiqlal müharibəsi alt-üst edir. Yəqin ki, Nəriman Nərimanovun bu müharibədə əvəzsiz xidmətləri barədə isə məlumatınız yoxdur.

– Nəriman Nərimanovun Türkiyənin quruculuğunda da rolu olub?

– Bəli, həm də əvəzsiz rolu olub. Tarixi sənədlərə görə, 1920-ci ilin 3 may tarixində Atatürk Osmanlı ordusunun Şərq komandiri Kazim Qarabəkir Paşaya məktub yazır və artıq silahlarının tükənmək üzrə olduğunu, Azərbaycandan maddi dəstək istəməsini xahiş edir. Qarabəkir Paşa da Nərimanova bu xahişi çatdırır. Nərimanovun həmin vaxt ilk yardım kimi Atatürkə 500 kq qızıl göndərdiyi iddia olunur. Daha sonra Orta Asiya xalqlarından toplanan 10 milyon qızıl rublun da Atatürkə çatdırılması Nərimanovun əməyinin nəticəsidir. Eyni zamanda Azərbaycan Milli Qurtuluş savaşında Türkiyə ordusunu neft və benzin yanacağı ilə təchiz edib. Bütün bunların hamısı Nərimanovun imzasıyla ərsəyə gəlib. Atatürkün bu münasibətlə yazdığı təşəkkür məktubuna Nərimanovun cavabı isə bu gün onu düşmən elan edənlərə ən tutarlı cavabdır. Nərimanov yazırdı: “Paşam, bizim Türk millətinin mentalitetində qardaş qardaşa borc verməz. Qardaş həmişə qardaşın əlindən tutar. Biz qardaşıq, hər zaman da əlinizdən tutmağa çalışacağıq”.

İndi öz xalqını bu qədər sevən, onun uğrunda hər cür fədakarlığı gözə alan bir insanı necə xain adlandırmaq olar?

Söhbətləşdi: Heydər Oğuz
Ovqat.com

araz.az xəbər portalı.