aynur-camal.jpg

Hüseyn Əfəndinin “Tank” adlı bir hekayəsi var. Qarabağ hadisələrini, kəndlərimizin, şəhərlərimizin işğalını, insanlarımızın başına gətirilən müsibətləri bədii dildə o səviyyədə əks etdirən ikinci bir əsər yoxdur, ya da mən oxumamışam.

Hekayədə Qarabağın kəndi əks olunur. Toydur. Bütün kənd uşaqlı-böyüklü mağara toplaşıb. Hamı sevinir, şənlənir, rəqs edir…

Çöldə qəfil atəş səsləri eşidilir. Sonra bir tank qarşısında nə varsa, dağıda-dağıda mağara girir. Qadınların, uşaqların qorxusu, qışqırığı bir-birinə qarışır. Kəndin kişiləri görür ki, tankın üstündəkilər qonşu kənddə yaşayan ermənilərdi. İlk ağla gələn bu olur ki, illərdi çörək kəsdiyimiz insanlardır, bizə heç nə etməzlər, yəqin bura gəlmələrində bir yanlışlıq var. Toy yiyəsi – bəyin atası onların qabağına yerimək istəyəndə ilk güllə ona, ikinci güllə yaralı atasını qucaqlayan bəyə dəyir. Nalə, fəryad… Toydakı kişiləri bir-bir qətlə yetirib gəlini götürüb gedirlər…

Növbəti epizodda erməni əsgərlərin gizləndiyi səngər təsvir olunur. Səngərdən bir az aralıda gənc qadın əlindəki səhənglə ağır-ağır səngərə doğru addımlayır. Səngərdən qırıq-qırıq səslər gəlir: “Susuzluqdan öldük, harda qaldın, ay axçı!”

Üst-başı cır-cındır olan bu gənc qadın toyu günü ermənilərin əsir aldığı o gəlin idi…

Bu hekayəni uzun illər öncə oxumuşam. Onu çap edən qəzetin səhifələri də yəqin ki, hansısa arxivin bir küncündə solub-saralıb. Amma Qarabağ adına heç nə dəyişməyib. Problem həmin problemdi, yaralarımız sağalmayıb, torpaqlarımız işğalda, qız-gəlinlərimiz hələ də əsirlikdədi…

Hüseyn Əfəndinin bu hekayəsini ssenariləşdirib ekran əsərinə çevirmək, Azərbaycanın dərdlərini dünyaya anlatmaq olardı…

Xocalı dəhşətlərini filmə çevirmək olardı…

Ev-eşiyindən, yurd-yuvasından didərgin düşüb, öz vətənində qaçqın-köçkün olan, yataqxanalarda, klublarda məskunlaşan, “Bakını çirkləndirən” insanların hekayələri əsasında bir yox, yüz film çəkmək mümkün idi. Hətta bəlkə “Oskar” da almaq olardı…

Necə ki, yəhudi soyqırımına, faciələrinə həsr edilən və dünyanın nadir kino inciləri sayılan onlarla əsərlər var; necə ki, həmin əsərləri yəhudilərin yetişdirib dünya incəsənətinə, mədəniyyətinə bəxş etdiyi böyük istedadlar ərsəyə gətirib…

Amma Azərbaycanın məruz qaldığı soyqırımı, insan talelərini, faciələri çəkən olmadı. Azərbaycanın yetişdirib, bəsləyib, var-dövlət, ad-san sahibi etdiyinin çəkdiyi “Qafqaz triosu” oldu.

Rüstəm İbrahimbəyov hələ gəncliyində bu ölkənin dəyərləndirdiyi istedad idi. Əməkdar incəsənət xadimi (1976) və xalq yazıçısı (1998) fəxri adları alıb, “Şöhrət” ordeni verilib.

2013-cü ildə Azərbaycana qarşı Rusiyanın əlində təsir vasitəsi olmasına və qısa müddətdə siyasi baxımdan zərərsizləşdirilməsinə baxmayaraq, nə özünə, nə yaradıcılığına, nə də qardaşı Maqsud İbrahimbəyova qarşı ictimai və rəsmi addım atılıb: M.İbrahimbəyov növbəti dəfə deputat seçilib, dəfni dövlət səviyyəsində keçirilib, xatirəsi əziz tutulub.

Bu dövlət uzun illərdən gələn ənənə ilə öz istedadlarına daim sahib çıxmağa çalışıb. Nəticə?

Ən azı Əkrəm Əylislinin aqibətindən nəticə çıxarmaq olardı. “Erməni sevgisi” və ya xəyanətlə “Nobel” alacağı gümanı ilə bütün yaradıcılığının, karyerasının, varlığının və mənəviyyatının başına “Daş yuxular”ı salan Əkrəm Əylislinin bu qədər milli xəyanət qarşılığında hətta ermənilərin vecinə belə olmadığını görmədikmi? 80-ni haqlayanda özünü ermənilərə nəyinsə qarşılığında təklif edən Əkrəm Əylislini hətta münasib bilib, erməni diasporu dərc belə etmədi.

“Qafqaz triosu”nun da aqibəti elədir: 3 ildir çəkilib, heç bir festivalda yoxdur, hətta ermənilər bu filmdən hansısa məqsədlər üçün istifadəni lazım bilmirlər.

Çünki həm “Daş yuxular”, həm də “Qafqaz triosu” yalan və qərəz üstündə qurulub, o qədər istedadsızcasına, bədii dəyərdən uzaq, təmsil etdikləri millətə, sözə və sənətə xəyanətlə yazılıb ki, müəlliflərinin “niyyəti” açıqca hiss edilir. Nədir müəlliflərin niyyəti?

Əgər Əkrəm Əylisli haqda “Milli xəyanətlə Nobel almaq istəyir” gümanına düşmək mümkün idisə, İbrahimbəyov haqda belə versiya daha az inandırıcıdır. Çünki lap şərikli də olsa, “Oskar”ı əldə edib İbrahimbəyov.

Bəs, Balayanın Azərbaycana etmədiyi ədalətsizliyi Əylisli və İbrahimbəyov hansı məntiqlə, hansı niyyətlə, hansı əxlaqla edir?

Burda “məntiqlə” və “əxlaqla” sözlərinə görə kimsə məni qınayarsa, onu normal başa düşərəm. Məntiq – ağıl, savad və istedad, əxlaq isə – bağlı olduğun millətin dəyərlər sistemidir. Bunların heç birini bu əsərlərdə və müəlliflərdə tapmaq mümkün deyil.

Yalnız “niyyət”ə qalırsa… Doğrudanmı ən yüksək səviyyədə dəyər verilən, xalq yazıçısı adını daşıyan bu iki yazarın niyyəti millətə xəyanət, düşmənə xidmətdir? Səbəb nədir? Nəyə nail olmağı hədəfləyirlər?

Bu millətin nifrətinəmi?

Onu artıq əldə etdilər.

Ermənilərin sevgisinəmi?

Onu əldə etməyəcəklər: ermənilər dünya şöhrətli yazar-sənətçilərini qoyub, öz millətinə xəyanət edənləri seçməz. Çünki öz millətinə xəyanət edənin digərinə sədaqətli olacağını düşünmək axmaqlıqdır.

Yüzminlərlə soydaşımızı torpağından didərgin salan, Azərbaycanın tarixi torpaqlarında özünə dövlət quran, bununla kifayətlənməyib, Azərbaycanın daha 20 faiz torpağını işğal edən və 30 ildir bu əraziləri işğalda saxlamağı bacaran ermənilər ağılsız və arxasız deyil. (http://axar.az)

araz.az xəbər portalı.